Zərərçəkən və şahidlər iclasa məcburi gətiriləcək
İyulun 3-də Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə Akif Çovdarov zərərçəkmiş İlqar Aşurbəyovun və Əbil Vəzirovun epizodları üzrə ifadə verib. A.Çovdarov heç kimdən pul almadığını deyib: “İlqar Aşurbəyov səhv edir, ondan pul almamışam” – deyib. Əbil Vəzirovun epizodunu isə qurama adlandırıb.
Əvvəllər MTN-də işləmiş İlqar Aşurbəyov istintaq zamanı verdiyi ifadəsində bildirib ki, vəzifəsindən azad edildikdən sonra Akif Çovdarov ondan 300 min manat tələb edib və onu hədələyib. İ. Aşurbəyov həmin pulu A. Çovdarova verdiyini deyir. Digər zərərçəkmiş Ə. Vəzirov isə Akif Çovdarova 80 min manat verdiyini bildirir.
İclasda şahid qismində A.Çovdarovun köməkçisi olmuş Rövşən Ədilov da ifadə verib. O, istintaq zamanı təzyiqə məruz qaldığını söyləyib. Bildirib ki, ona hədə-qorxu gələrək pul tələb ediblər: ” Canımı qurtarmaq üçün ifadəni imzaladım”.
İclasda hakim bildirib ki, bir neçə zərərçəkmiş və şahid dəfələrlə məhkəməyə çağırılsalar da, iclasa gəlmirlər. Hakim həmin şəxslərin barələrində məcburi gətirilmə haqqında qərar qəbul edib.
Növbəti məhkəmə iclası iyulun 5-də keçiriləcək.
Təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.