Akif Çovdarov agentura şəbəkəsi haqda ittihamı absurd sayır

Vəkili: “Akif Çovdarov dedi ki, bu, dövlət əhəmiyyətli son dərəcə məxfi məlumatdır”

Source:
Akif Çovdarov
Akif Çovdarov
Akif Çovdarov
Akif Çovdarov

Baş Prokurorluq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işi materiallarının məhkəməyə göndərilməsi ilə bağlı məlumat yayıb. Akif Çovdarov qanunsuz saxlama, quldurluq, hədə-qorxu ilə tələb etmə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma-vermə, mənimsəmə və digər ittihamlarla üz-üzədir. “Qafqazinfo”-nun yaydığı məlumata görə, Akif Çovdarov mənimsəmə ittihamı üzrə agentura şəbəkəsinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan pul vəsaitlərini xərcləyib. Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bu ittiham üzrə Akif Çovdarovun 2 milyon 917 min manat mənimsədiyi qeyd olunur.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov rəsmi məlumatda yayılan bu ittihamla bağlı Meydan TV-yə açıqlama verib. Vəkil bildirib ki, müvəkkili bu ittihamı absurd hesab edir:

“Akif Çovdarov bu ittihamı görəndə dedi ki, bu, mənə verilən ittihamların ən məntiqsizi, absurdudur. Dedi ki, o pulları kassadan götürüb xərcləməmişəm, həmin pullar sənəd tərtib edilməklə verilib. Akif müəllim o ittiham üzrə ifadə verməkdən imtina etdi. İmtinasını belə əsaslandırdı ki, o məlumatları ki, siz, istintaq qrupu məndən istəyirsiz, onu sizə açıqlaya bilmərəm. Dedi ki, həmin pulun sonuncu qəpiyinə qədər hara xərcləndiyini, kimə verildiyini bilirəm. Sadəcə, bu, dövlət əhəmiyyətli son dərəcə məxfi məlumatdır. Bu pulun kimlərə, hansı adamlara verildiyini dəqiq bilirəm. Mən generalam, mənim işim budur. Amma mən bunu deyə bilmərəm, çünki agentura şəbəkəsinə çox böyük zərər vurar, çökdürər. Eyni zamanda beynəlxalq səviyyədə skandallar yaranar. Pullar yalnız Azərbaycanda olan agentura sisteminə xərclənməyib axı! Ona görə də təəccübləndi ki, bu ittihamı hansı ağılla mənə veriblər?”

Vəkilin sözlərinə görə, Akif Çovdarov mənimsəmə ittihamı üzrə verilmiş ittihama görə səlahiyyətli şəxslərə ifadə verməyə hazır olduğunu bildirib: “Baş prokurorun müavini və ya Prezident Administrasiyasından kifayət qədər nüfuzlu səlahiyyət sahibi gəlsin, mən üzbəüz oturub, həmin pulların xərclənməsini izah edim. Akif Çovdarov məxfi məlumatlar daşıyıcısı olduğunu dedi və bu məlumatların ondan istənilməsinin bir ağılsızlıq olduğunu da diqqətə çatdırdı. Dedi ki, cinayət işini 10-a yaxın müstəntiq araşdırır. Müstəntiqlərin hər biri bu məlumatlarla tanış olacaqlar. Üstəlik, həmin ifadələr yüz yerdən keçəcək. Ona görə də bu ittiham üzrə ifadə vermədi”.


Baş Prokurorluğun yaydığı rəsmi məlumatda qeyd olunur ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işinin istintaqı davam etdirilir.

Ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə rəisi Akif Çovdarov, həmin baş idarənin 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun 2005-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, 62 nəfər zərər çəkmiş şəxsin ümumilikdə 17 milyon 172 min manat, o cümlədən 6 milyon 900 manat məbləğində külli miqdarda pul vəsaitlərini, 9 milyon 375 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurlunq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 897 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 2 milyon 917 min manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib.

Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub

Təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələrinin cinayət işinin materialları ilə tanış olmuşlar.

İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Ana səhifəXəbərlərAkif Çovdarov agentura şəbəkəsi haqda ittihamı absurd sayır