Ailəsini kartof satmaqla dolandıran müəllimə

“Şagirdlərim deyəndə “müəllimə olmaq istəyirəm”, az qalıram deyəm ki, fikrinizi dəyişin”

Source:

Sahibə Nuriyeva Şəmkirin kəndlərinin birində coğrafiya fənni üzrə 18 il  dərs deyib. Yüzlərlə tələbəsi üniversitetlərdə təhsil alıb. Gileylənir ki, hər il bir ümidlə maaşlarının artacağını gözləyir. Lakin çarəsizlikdən illərin təcrübəli ziyalısı hazırda dərsdən sonra oğlunun Şəmkir-Bakı yolunda yerləşən pay torpağında əkib becərdikləri kartof məhsulunu satır.

Deyir ki, dərs saatı çox az olduğundan çörəkpulunu  bu yolla çıxarmağa çalışır: 
“Mən ömrümü müəllimliyə həsr etmişəm, yüzlərlə şagirdim olub. Amma müəlliməni belə təhqir etmək olmaz. Yenə əvvəllər çox bahalıq deyildi, dolana bilirdik. İndi bazarda hər şey baha, maaşlar da get-gedə azalır. Mən 13 saat dərs deyib, 180 manat alıram. Bununla ailə dolandırmaq olarmı? Müəllimlik şərəfli peşədi, buna belə qiymət vermək olmaz. Kənd yerində də dərs saatı azdı deyə 80 manat maaş alan yoldaşlarım var. Şagirdlərim deyəndə ki, “müəllimə olmaq istəyirəm”, az qalıram deyəm ki, fikrinizi dəyişin”.



Müəllimlərin əmək haqqında artım ən son bu il, yanvar ayının 17-də olmuşdu. Ancaq bu artım da bütün müəllimlərə deyil, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil edilmişdi. Ölkədə 150 mindən artıq müəllim var. Bu sərəncamın təsiri altına düşən müəllimlərin sayı isə təxminən 30 minə yaxındır.

Qərara görə, bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılmışdı. 
Sərəncamın təhlilindən belə aydın olur ki, maaş artımı müəllimlərin cəmi beşdə bir hissəsinə şamil olunmuşdu.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 13-də Milli Məclisdəki çıxışında maaşların gələn il artırılacağını söyləyib. Nazir 2016-cı ildə sosial proqramların yerinə yetiriləcəyini, orta aylıq əməkhaqqının 474 manat 50 qəpiyə çatdırılacağını da bildirib. Bu il sentyabrın 1-dək olan rəsmi məlumata görə, orta əməkhaqqı 458 manat 90 qəpikdir.
İqtisadçı-ekspert Rövşən Ağayev isə deyir ki, digər sektorları görməzlikdən gəlmək olar, ancaq büdcədən maliyyələşən təşkilatların əmək haqlarının artırılması real görünmür:

“Parlamentə təqdim olunan büdcə sənədlərindən belə görünür ki, neftin qiyməti 50 dollar həddində qalacaq. Bu halda 2017-ci ilin dövlət büdcəsi xərcləri 2016-cı ilə nisbətən 1.6 milyard manat (10%) az proqnozlaşdırılır. Bu göstərici hətta 2011-ci ilin səviyyəsindən 20 faizədək azdır. 2017-ci ildə büdcə gəlirləri 13.2, xərclərsə 14.6 milyard manat nəzərdə tutulur. Hökumət 2016-2019-cu illərdə təhsil və səhiyyə xərclərini sabit saxlamağı, mədəniyyət, incəsənət və idman sferalarında xərcləri 30 faizədək azaltmağı planlayır. Nəzərə alaq ki, bu sferalarda bütün büdcə işçilərinin azı 70 faizi – təxminən 550 min nəfər çalışır. Belə ixtisarlar olduğu halda maaşların artması necə reallaşa bilər?”

Rövşən Ağayaev onu da əlavə edir ki,  hökumət yaxın 4 il üçün proqnozunda büdcəni artıra bilməyəcəyini açıqlayıb. 
Hazırda Azərbaycanda 150 mindən çox müəllim çalışır.

Ana səhifəXəbərlərAiləsini kartof satmaqla dolandıran müəllimə