Ailəsi: Aclıq aksiyası Emin Şaqiyevin səhhətinə kəskin təsir göstərib

Həyat yoldaşının sözlərinə görə, E.Saqiyev üç ilə yaxındır heç bir təqsiri olmadığı halda, həbsdədir.

Source:

AXCP fəalının qohumu məhkəmə qərarına etiraz edərək həbsxanada aclıq etdiyini deyir

6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Emin Saqiyevin 21 gündür aclıq etdiyi bildirilir. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Aygün Saqiyeva məlumat verərək bildirib ki, məhkəmə ədalətsizliyinə etiraz olaraq keçirdiyi aclıq onun səhhətinə kəskin təsir göstərib.

E.Saqiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, Avropadan yayımlanan “Turan TV” telekanalının keçmiş aparıcısı Türkel Azərtürkün bacanağıdır. Yaxınları iddia edir ki, E.Saqiyev xaricdə yaşayan bacanağının Azərbaycan hökumətinin ünvanına səsləndirdiyi tənqidlərə görə şərlənərək həbs olunub.

Həyat yoldaşının sözlərinə görə, E.Saqiyev üç ilə yaxındır heç bir təqsiri olmadığı halda, həbsdədir. O, narkotik ittihamıyla 7 il azadlıqdan məhrum edilib. Avqustun 18-də Ali Məhkəmə onun şikayətinə baxıb və aşağı instansiya məhkəmələrinin hökm və qərarlarını qüvvədə saxlayıb. E.Saqiyev buna etiraz olaraq, aclığa başlayıb.

“Cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsində saxlanılır. Böyrəklərində problem yaranıb, ağrıları olur, təzyiqi tez-tez düşür. Həkimlər nəzarətdə saxlayır. Amma deyirlər ki, gərək qida qəbul eləsin, sonra dərman içsin. O da aclığı dayandırmaq istəmir. Deyir ki, bir adamı heç bir günahı olmadan 7 il həbsdə saxlamaq nə deməkdir?”, – deyə Aygün Saqiyeva həyat yoldaşının durumu haqda bildirib.

Onun sözlərinə görə, bugünlərdə Ombudsman Aparatının əməkdaşları E.Saqiyevə baş çəkib, onun şikayətini dinləyib. Məsləhət görüblər ki, Ali Məhkəmənin Plenumuna müraciət etsin: “Plenum da şikayətə baxacaq, yoxsa yox, bilinmir”.

E.Saqiyevin aclıq aksiyası keçirməsi, onun durumu barədə deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məzuniyyətdə olduğunu bildirib.

Ombudsman Aparartı da bu qurumun əməkdaşlarının 6 saylı cəzaçəkmə müəssisəsində E.Saqiyevlə görüşdüyünü təsdiqləyib: “Qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Emin Saqiyev konfidensial qaydada qəbul olunub. O, barəsindəki məhkəmə qərarından narazılığını əsas göstərərək, bu addımı atdığını bildirib”.

Emin Saqiyev 2017-ci ilin noyabrında narkotik ittihamıyla həbs edilib. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətAiləsi: Aclıq aksiyası Emin Şaqiyevin səhhətinə kəskin təsir göstərib