”Ailəmiz qızımın pensiyası ilə dolanır”

Ata: ”Bu hökumətdən heç nə istəmirəm, uşağa bir baxıcı versinlər”

Source:
Mehriban Rzayeva
Mehriban Rzayeva


Ata: ”Bu hökumətdən heç nə istəmirəm, uşağa bir baxıcı versinlər”

“Qızım ağır yataq xəstəsidir. Azərbaycanda dərdinə çarə tapılmır. Hansı həkimə aparmışıq, deyiblər ki, xəstəliyinin müalicəsi yalnız Almaniyada mümkündür. Buna da mənim maddi imkanım çatmır”.

Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin sakini Elşad Rzayev belə deyir. Söyləyir ki, 1981-ci il təvəllüdlü qızı Mehriban Rzayeva artıq 12 ildir ki, “fridrix ataksiya”(nevroloji sindrom) xəstəliyindən əziyyət çəkir. O deyir ki, xəstəlik nevroloji olduğundan zamanla qızının əl və ayaqlarında, həmçinin onurğasında möhkəm ağrılar yaranıb:

“Qızım 25 yaşa kimi normal hərəkətdə olub. Məktəbə, daha sonra kollecə, hətta aerobika və üzgüçülüyə gedib. Yəni digər normal insanlar kimi olub. 25 yaşdan sonra ayağında əsmələr başladı. Biz də şübhələndik, əvvəlcə ərazi poliklinikasındakı nevropatoloqa apardıq. Baxdı, “Mənlik deyil, xəstəliyinin nə olduğunu bilmirəm” – deyərək, üzərinə götürmədi. Bizi başqa nevropatoloqa yönəltdi. Digər həkimin yanına getdik, o da bir başqa həkimə yönəltdi. Nə başınızı ağrıdım, çox həkimin yanında olduq. Sonda Tamella adlı bir həkim tapdıq, o, qəbul etdi. Dedi ki, bunun xəstəliyi “fridrix ataksiya”dır, yaranma səbəbi isə irsidir. Ola bilsin ki, nəsildə kimdəsə olub. İş burasındadır ki, nəslimizdə belə bir xəstəliyə rast gəlinməyib. Onu da deyim ki, mərhum həyat yoldaşımla qan qohumuyuq. Həkim xəstəliyin digər bir səbəbi kimi bunu göstərdi”.

“Bu mərəzin qarşısını ala bilmirik, qızımın səhhəti getdikcə daha da ağırlaşır, çarəsiz qalmışam” – deyə Elşad Rzayev bildirir:

“Bir dəfə beli əyilir, əyri gəzir. Növbəti dəfə ayağında problem yaranır. İndi də yeriyə bilmir, ayaqları 70 faiz tutulub. Nitqində də qüsur var, danışa, fikrini izah edə bilmir. Başında tez-tez güclü ağrılar olur. Bu yaxınlarda beynini MRT (maqnit rezonans tomoqrafiya müayinəsi-red) etdik. Həkimlər dedi ki, vəziyyəti bir az da ağırlaşıb”.

Qızının birinci qrup əlliliyə görə 190 manat pensiya aldığını deyən Elşad müəllim bu pulun kifayət etmədiyini əlavə edir:

“İki qız övladım var. Biri evlidir, ikincisi də belə… Ailəli olan qızım da özünü güclə dolandırır. Mən də Mehribanın xəstəliyinə görə işləyə bilmirəm. Onun 190 manat pensiyası ilə həm dolanırıq, həm də iynə-dərmanını alırıq.

Bunun müalicəsi var, həkimi var. Yaxşı geyinməsə də, qarnına bir tikə çörək yeməyi var. Nevroloji xəstəlik olduğu üçün dərmanları çox bahadır. Həkimin qəbulu 30 manatdır. 2-3 aydan bir müayinəyə aparırıq. Getmək üçün də maşın tutulur. Bunlar hamısı puldur. Hər ay iynə-dərmana ən azı 70-80 manat pul xərclənir. Bu ay isə 145 manat pul ancaq qızımın müalicəsinə getdi. Bu ailə qızın pensiyasına baxır, işıqpulu, qazpulu, supulu və yemək… Deməyim odur ki, bu pulla dolanmaq mümkün deyil. Özüm yaşlı və xəstə adam olsam da, gedib, hətta fəhlə işləməyə hazıram. Amma qızımın xəstə olması mənə imkan vermir. Əlil arabasını da almağa pulumuz yoxdur. O gün bir neçə saatlığa evdə tək qoyub getdim, qayıdanda gördüm ki, necə yıxılıbsa, üz-gözü göyərib. Onun yanında mütləq adam olmalıdır. Mən evdə olmayanda qonşuların ümidinə qalır. Bu dövlətdən heç nə istəmirəm, uşağıma bir baxıcı versinlər, mən də rahat gedib, işləyib evə bir tikə çörəkpulu gətirə bilim”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə bildirilib ki, “Sosial xidmət haqqında” qanuna əsasən, kimsəsiz tənha adamlara, həmçinin ahıl ər-arvadlara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada yardım göstərilir:

“Çətin həyat şəraitində olan şəxs sosial xidmət göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduğu rayon (şəhər) şöbəsinə müraciət edə bilər. Həmçinin çətin həyat şəraitində olan şəxsə sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər. Bu zaman ailənin və şəxsin vəziyyəti aidiyyəti üzrə yerindəcə araşdırılaraq müvafiq qərar qəbul edilir”.

Evdə (səyyar) sosial xidmətə aşağıdakılar aiddir:


– Dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa köməklik göstərilməsi;


– İstirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində köməklik edilməsi;


– Tibbi və psixoloji yardım almaqda köməklik göstərilməsi, tibb və təhsil müəssisəsinə müşayiət olunması;


– Yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılması;


– Hüquqi məsləhət alınmasına köməklik göstərilməsi;


– Əlillərə və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətinin göstərilməsi.

Ana səhifəReportaj”Ailəmiz qızımın pensiyası ilə dolanır”