”Ailəm məni dəlixanaya saldırmaq istəyirdi”

Ameli transgenderdir (ad şərtidir). Bioloji bədəninin oğlan olmasına baxmayaraq, o, özünü qadın kimi hiss edir. Azərbaycanı 20 yaşında, Tibb Universitetinin üçüncü kursunda oxuyarkən tərk edib. Ameli anası, nənəsi və babası ilə bir evdə böyüyüb. Erkən dövrlərindən, o, bioloji bədəninin oğlan bədəni olmasına baxmayaraq, hiss edib ki, əslində oğlan deyil. Elə bütün problemləri də burdan başlayıb. Hazırda Ameli Avropada yaşayır. Azərbaycanda olub-keçənləri isə dəhşətli yuxu kimi xatırlayır.


Ameli, əsl genderinizi nə zamandan hiss etməyə başladınız?

Üç və ya dörd yaşım olandan. Mən gəlinciklərimlə oynayanda onlara analıq qayğısıyla yanaşmışam o yaşdan. Qızlar üçün olan paltarlar xoşuma gəlirdi. Məktəbdə və ya valideynlərimlə toylara gedəndə oradakı qızların geyiminə baxanda, o paltarlardan geyinmək istəyirdim. Düşünürdüm ki, deyəsən, mən də onlar kimi geyinməli, davranmalıyam. Sanki mən də elə geyinməli idim və sanki məni başqa cürə böyüdürlər, mənə elə gəlirdi. O zaman ağlım çox şey anlamırdı, amma hiss edirdim ki, mən oğlan deyiləm və özümü hamının qəbul elədiyi kimi apara bilmirəm. Qızların davranışları mənim üçün daha yaxın idi. Yeddi yaşım olanda isə bir oğlana vuruldum.


Hiss etdiklərinizi kiminləsə bölüşdünüzmü?

Uşaqlıqda düşüncələrimi heç kimlə bölüşmürdüm. İndi geriyə baxanda düşünürəm ki, yaxşı ki bunu eləməmişəm. İllər sonra onlara açıb danışanda göstərdikləri reaksiyanı görəndə, düşündüm ki, bunu uşaqlıqda etsəydim, yəqin məni müxtəlif hormonal preparatlar qəbul etməyə və başqa şeylərə məcbur edərdilər. Yeddinci sinifdə oxuyanda gizlikcə kosmetikadan istifadə etməyə başladım. Mən əlvan rənglərdə paltarlar geyinmək istəyirdim, amma evdəkilər hər zaman buna qarşıydılar. Ailəm artıq nədənsə şübhələnməyə başlamışdı. Oğlana daha çox bənzəməyim üçün məni idmana yazdırdılar. Psixoloqun qəbuluna aparırdılar və o, məni oğlanlar olan mühitdə saxlamağı məsləhət görmüşdü. Əlbəttə, bunların heç bir mənası yox idi.


Özünüzü oğlan kimi aparmadığınızın nə vaxt fərqinə vardı yaxınlarınız?

Evdəkilər kosmetikadan istifadə etməyimi biləndə məni möhkəm döydülər. Özümü öldürmək istədim. Çoxlu dərman içdim. Özümü öldürmək istədiyimi heç kim bilməsin deyə məni heç həkimə də aparmadılar. O vaxt nə baş verdiyini anlamırdım. Transgender anlayışının nə olduğunu, bədən, daxili aləmin və təfəkkürün fərqli ola bilməsinin mümkünlüyü haqqında məlumatım yox idi. Doqquzuncu sinifdə oxuyanda internet vasitəsilə transgenderlər haqqında oxudum və əslində nə baş verdiyini anladım. O zamandan sonra mənim ən böyük arzum bədənimi qadın bədəninə dəyişmək və məşhur transgender həkim olmaq oldu. İstəyirdim mənim nümunəmdə insanlar transgenderləri anlasınlar və qəbul etsinlər.


Tibb Universitetində oxumusunuz. Bu istəyiniz evdə necə qarşılandı?

Mənim həkim olmaq arzuma ailəm narazılıq edirdi. Deyirdilər ki, Tibb Universitetinə ancaq qızlar daxil olur, biz səni hərbi məktəbə qoyacağıq və ya polis olacaqsan. Evdən oxuduğum bilogiya kitabları gizlincə itməyə başlayırdı. Lakin mənim iradəm qalib gəldi və yüksək balla Tibb Universitetinə qəbul oldum.


Genderinizə görə tələbə yoldaşlarınızdan təzyiq gördünüzmü?

Tələbəlik illəri özü ilə yeni problemlər gətirdi. Mən qəşəng geyinmək, bəzənmək, saçlarımı uzatmaq istəyirdim. Buna görə evdə davalar başladı, universitetdə isə “qızbibi” deyərək ələ salırdılar. Mənə gülənləri dəstəkləyənlər arasında hətta həkim-pedaqoqlar da var idi.


Dediniz ki, bir gün hər şeyi etiraf etdiniz ailənizə. Reaksiya necə oldu?

İkinci kursda ailəmə və qrup yoldaşlarıma hər şeyi açıb danışdım. Dedim ki, daxilən özümü qadın kimi hiss edirəm və istəyirəm bədənimi dəyişim. Bu andan sonra mənim həyatımın gercək faciəsi başlandı. Ailəm bizə qohum olan bir kişini çağırdı evə. O, məni vəhşicəsinə döyüb saçlarımı keçəl qırxdı. Dedilər ki, məni öldürüb, polisə rüşvət verərək işi bağlayacaqlar. Qrup yoldaşlarım isə dekanlığa gedib mənim haqqımda şikayət etdilər və mənim universitetdən xaric olunmamı tələb etdilər. Daha sonra ailəm məni evdən qovdu.


Bəs, harda, necə yaşayırdınız?

İki həftə Bakı küçələrində pulsuz-parasız, ac-yalavac dolanmağa başladım. Gecələməyə yerim belə yox idi. Qarşımda iki seçim var idi: ya özümü öldürməli, ya da seks xidmətləri göstərməli idim. İkincini etməyəcəyimə əmin idim. Situasiyadan başqa çıxış yolu tapdım: evə dönərək artıq dəyişildiyimi, özümü onların istədiyi kimi aparacağıma söz verdim. Əslində isə mən gündəlik cib xərcliklərindən, təqaüdümdən, tələbə hazırlamağımla gələcək əməliyyatım üçün pul yığırdım.


Planınıza nə mane oldu?

Sonra ailəm, tələbə yoldaşlarım, müəllimlərim mənim həyatımı dözülməz etdilər. Bir gün öyrəndim ki, ailəm mənim haqqımda plan qurub. Sən demə, onlar hansısa psixiatrla danışaraq ondan dəlilik haqqında arayış alıb, məni psixoloji dispanserə yerləşdirmək istəyirlər. Onda həqiqətən qorxdum. Almaniya səfirliyinə viza üçün sənədlərimi verib, cavabı elə küçədə gözləməyə başladım. Qorxumdan evə getmirdim. Sonunda mən səfirlikdən müsbət cavab aldım və budur mən indi Almaniyadam.


Burda öz həyatınızı necə qurmağı planlaşdırırsınız?

Arzumu həyata keçirmək istəyirəm. Həkim olmağı və bədənimi dəyişdirməyi arzulayıram. İnsanlara bu barədə daha çox məlumat vermək istəyirəm. Həm də istəyirəm uğurlu, təhsilli transgender qadın modeli də görsün insanlar. Bizə-transgenderlərə homoseksuallardan daha çətindir. Onlar yalnız cəmiyyətdəki homofobiya ilə mübarizə aparırlar. Biz isə mübarizəni həm də öz bədənimizlə aparırıq.

Ana səhifəVideo”Ailəm məni dəlixanaya saldırmaq istəyirdi”