Ehtimal olunur ki, təzyiqə səbəb onun ədliyyə nazirinə yazdığı açıq məktubdur
Ailəsi “Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalın saxlanıldığı Kürdəxanı həbsxanasında təzyiqə məruz qalmasından şübhələnir.
Bildirilir ki, Əli Zeynalın telefonla danışmaq hüququ pozulub. O, iyunun 3-də onun zəng günü olmasına baxmayaraq, evə zəng etməyib.
Ailəsi ehtimal edir ki, buna səbəb Əli Zeynalın iyunun 3-də ədliyyə naziri Fərid Əhmədova yazdığı açıq məktubdur.
Vəkili Rəsul Cəfərov Meydan TV-yə məsələdən xəbərsiz olduğunu bildirib.
Əli Zeynal iyunun 3-də hazırda saxlanıldığı Kürdəxanı həbsxanasındakı (1 saylı Bakı İstintaq Təcridxanası) qanun pozuntusu halları, anti-sanitariya ilə əlaqədar ədliyyə naziri Fərid Əhmədova açıq məktub yazmışdı.
O, məktubunda bildirmişdi ki, təcridxananın rəisi Elnur İsmayılov və müavinləri problemlərlə bağlı edilən müraciətlərə reaksiya vermir.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, həmin təşkilatın əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.
“Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.