Ailəsi: “Bəxtiyarın həyatına görə birbaşa Penitensiar Xidmətin rəhbərliyi məsuliyyət daşıyır”

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ailəsi ona qarşı olan rəftardan və sağlamlığından narahatdır.

Bu barədə fəalın ailəsi Meydan TV-yə açıqlamasında bildirib.

Yaxınları deyir ki, Bəxtiyar həddindən artıq əsəbi və gərgindir. Ürəyində də problemləri var. 

“Dünən axşam saatlarında yenə zəng etdi. Deməli 6 saylı cəzacəkmə müəssisəsində ona çox pis rəftar olunur. O, dedi ki, mənimlə əsir kimi rəftar olunur, bütün qadağalar ancaq mənim üçündür. Vəkillə danışmağa qadağa qoyulub, ombudsmanla əlaqə saxlamağa qadağa qoyulub, rahat yer yoxdur, rahat tibbi xidmət yoxdur. Özünün sağlamlığında ciddi problemlər yaranıb. Artıq dəfələrlə müraciət də edib. Yaxın vaxtlarda bir addım atdılar – ürəyinin kardioqrammasını çəkdilər, onu da nə ailə üzvlərinə, nə də özünə təqdim etdilər. Hələ də gözləyirik ki, hansısa formada [kardioqrammanın nəticələri] bizə çatdırılacaq. Biz bir məlumat ala bilmirik”. 

İctimai fəal Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub. 

Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülsə də, daha sonra 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə), 213.1 (vergidən yayınma) maddələri ilə təqsirləndirilib.

O,  bu ittihamların heç birini qəbul etmir. 

Bəxtiyar Hacıyev yanvarın 13-də 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ailəsi deyir ki, Bəxtiyar Hacıyev ən sadə hüquqlarından belə məhrum edilir:

“Yaxın günlərdə 6 saylı cəzacəkmə müəssisəsində hüquq müdafiəçisi Əliməmməd Nuriyev olub. Orada məhbuslarla görüş təşkil edib. Oradakı məhbuslardan yalnız Bəxtiyara və Cəmil adlı siyasi məhbusa onunla görüşməyə icazə verməyiblər. Bu da Bəxtiyarı çox qıcıqlandırıb. Dəfələrlə bununla bağlı Penitensiar Xidmətin rəhbərliyinə, qaynar xəttə müraciət etmişik, mən özüm şəxsən Mirsaleh Seyidovun müavinlərindən biri Vəli müəllimin qəbulunda olmuşam, ondan sonra 6 saylı cəzacəkmə müəssisəsinin rəhbəri Fariz Əliyevin yanında da olmuşam, məsələni müzakirə eləmişəm. Onlara bildirmişəm ki, Bəxtiyar sıradan bir məhbus deyil, ona hörmət qoymaq lazımdır, onun hüquqlarını təmin etmək lazımdır, ona ən xırda şeylərdə problem yaratmaq lazım deyil. Amma əksinə nə görürük? Gördüyümüz odur ki, gündən-günə Bəxtiyarı daha çox sıxırlar, daha çox qadağalar var”.

“Yaxın günlərdə mənim bu durumdan azad olunmağım üçün Penitensiar Xidmətdən köməklik etməsələr, mən intihar edəcəm”

Yaxınları düşünür ki, Bəxtiyara qarşı baş verənlər məqsədli şəkildə edilir: 

“Penitensiar Xidmətin rəis müavini Fikrət Qafarov özü şəxsən gəlib 6 saylı cəzacəkmə müəssisəsinə, Bəxtiyarla oturur, danışır, dinləyir problemlərini, deyir – gedəcəm, problemlərini məruzə edəcəm. Amma heç bir nəticə yoxdur. O gedəndən sonra vəziyyət daha da pisləşir. Dünən mən Penitensiarın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə də müraciət elədim, ona da dedim. Digər zəng etdiyim ünvanlara da çatdırdıq ki, Bəxtiyar intihar etsə, onun həyatına görə birbaşa Penitensiar Xidmətin rəhbərliyi məsuliyyət daşıyır. Çünki dəfələrlə biz müraciət etmişik, amma heç bir nəticə yoxdur. Bəxtiyar son söz olaraq onu dedi ki, mənim vəkillərimə də, dostlarıma da, jurnalist dostlara da, hüquq müdafiçilərinə də, ailəyə də, cəmiyyətə də, hamıya çatdır ki, yaxın günlərdə mənim bu durumdan azad olunmağım üçün Penitensiar Xidmətdən köməklik etməsələr, mən intahar edəcəm və bunun da məsuliyyətini onlar daşıyacaqlar”. 

Fəalın ailəsi bildirir ki, Bəxtiyar Hacıyev danışıqlar yolu ilə azad olmağa çalışsa da, buna süni maneələr yaradılır.

“Amma Bəxtiyarın fikri əslində başqa cürdür. Bəxtiyar hansısa formada danışıqlar yolu ilə azad olmağa çalışır. İndiki şəraitdə dövləti üçün çalışmaq, milləti üçün çalışmaq, yenə də siyasi səhnədə tutulmuş dostlarına görə çalışmaq üçün azadlığa çıxmaq istəyir. Sadəcə bunun üçün heç bir imkan yaradılmır. Hansısa formada onun dövlət qurumlarına ünvanlanmış müraciətlərinin qarşısını alırlar”. 

Ana səhifəSiyasətAiləsi: “Bəxtiyarın həyatına görə birbaşa Penitensiar Xidmətin rəhbərliyi məsuliyyət daşıyır”