Vəkil: "Məhkəməyə müraciət edənlər işgəncəyə, qeyri-insani rəftara məruz qaldıqlarını iddia ediblər"
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Nardaran hadisələri zamanı həbs edilən şəxslərdən 8 nəfərinin şikayəti üzrə kommunikasiya
başlayıb
.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.
Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub.
Vəkil Fariz Namazlı bildirib ki, məhkəməyə müraciət edənlər Nardaran hadisələri zamanı tutularkən və polis bölməsində saxlanılarkən işgəncəyə, qeyri-insani rəftara məruz qaldıqlarını iddia ediblər: “Məhkəmə Azərbaycan hökumətinə ərizəçilər – Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Elman Ağayev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev, Ruzi İsmayılovun şikayəti üzrə Avropa Məhkəməsi Konvensiyanın 3 və 13-cü maddələrinin pozuntusuna dair bir sıra suallar ünvanlayıb”.
Vəkil əlavə edib ki, AİHM Nardaran hadisələri zamanı həbs edilmiş digər şəxslərin işgəncəyə məruz qalmasına dair şikayəti üzrə 1 il əvvəl kommunikasiya başlayıb: “Həmin iş üzrə kommunikasiya bitib, qərar gözlənilir. Bundan əlavə, məhkəmə Nardaran məhbusu Abbas Hüseynovun Qobustan həbsxanasına köçürülərkən işgəncəyə məruz qalmasına dair verdiyi şikayət üzrə də kommunikasiya başlayıb və bu şikayət yuxarıda adları qeyd edilən şəxslərin şikayətinə birləşdirilib”.
Nardaran hadisələri zamanı həbs edilən şəxslərin bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
“Müsəlman Birliyi” Hərəkatının sədri T.Bağırov 20 il, qalanları isə 10 ildən 19 ilədək həbs cəzası alıblar.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Onlar verilən ittihamları qəbul etməyərək silahsız olduqlarını açıqlayıblar.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları isə məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.