AİHM-in “Nardaran işi” ilə bağlı qərarı: hökumət təzminat ödəyəcək

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Məhkəmə 3 qərar çıxarıb, iki iş üzrə tərəflər dostca anlaşıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 9-da Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə 3 yekun qərardadını elan edib.

Qərardadların 2-si tərəflərin dostca anlaşmalarına, digəri isə hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən çıxarılıb.

İşlərin hər birində əsasən, işgəncəyə, pis rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqları pozuntuları mübahisələndirilib.

Bir işdə Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu iddia olunub.

“Cabbar Cabbarov və başqaları Azərbaycana qarşı” işində ərizəçilərin hamısı 2015-ci ildə “Nardaran hadisələri” zamanı Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həbs edilib.

Daha sonra müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunublar.

Ərizəçilərin hamısı saxlanılan və həbsdə tutulan zaman pis rəftara məruz qalmalarından, belə rəftar iddialarının effektiv araşdırılmamasından şikayət edib.

Onlar AİHM qarşısında iddia ediblər ki, həbs edilərkən, saxlanılan zaman və bir yerdən başa yerə aparılanda pis rəftarla üzləşiblər.

İddialarına görə, belə rəftarın məqsədi onlardan istənilən ifadələri almaq olub.

Kommunikasiya zamanı hökumət ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib.

Hökumət ərizəçilərin hər birinə 8 min avro təzminat ödəməyi və ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını təklif edib.

Ərizəçilər bu təklifi qəbul etməyiblər, bildiriblər ki, hökumət onların hüquqlarının pozulduğunu etiraf etsə də, Konvensiyanın öhdəliklərinə necə əməl edəcəyini və pozulmuş hüquqların nəticələrinin aradan qaldırlması üçün hansı tədbirləri görəcəyini aydın ifadə edə bilməyib.

Ərizəçilər həmçinin hökumətin təklif etdiyi mənəvi zərər əvəzinin məbləğinin çox az olduğunu ifadə ediblər.

Bununla belə, AİHM işin araşdırılmasının davam etdirilməsi üçün əsaslar görməyib.

Ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərə – Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılovun hər birinə 8 min avro ödəməlidir.

Ərizəçiləri AİHM qarşısında vəkil və hüquqşunaslar Elçin Sadıqov, Nemət Kərimli, Yalçın İmanov və Şəhla Hümbətova təmsil edib.

İlham Əliyevi “korrupsioner və diktator” adlandıran dostca anlaşıb

“İlqar Rzayev Azərbaycana qarşı” işində ərizəçi Açıq Cəmiyyət Partiyasının üzvüdür.

Anası və qardaşı da adıçəkilən müxalif partiyanın üzvü olan ərizəçi hadisələrin baş verdiyi vaxt daşınmaz əmlak şirkətində işləyib.

2012-ci ilin aprel ayında Bakı şəhərində İctimai Palata adlanan müxalif birliyin etiraz aksiyası keçirilmiş, həmin aksiyada ərizəçinin anası hökumətə yönəlik sərt tənqidi çıxış etmiş, ərizəçinin təqdim etdiyi press-relizlərə görə ölkə başçısını “korrupsioner və diktator” adlandırıb.

Həmin aksiyadan bir neçə gün sonra ərizəçi iş yerinin yaxınlığındakı küçədə saxlanılaraq, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb.

Polis nəzarəti altında axtarış zamanı üzərindən heroin aşkar olunub.

Eyni gündə polislər ərizəçinin mənzilində də axtarış aparıb, ordan da heroin aşkar edib.

Narkotik cinayətlərinə görə, barəsində cinayət işi açılan ərizəçi məhkəməyə qədər həbs olunub. Bir neçə ay sonra Nərimanov Rayon Məhkəməsi onu təqsirli sayaraq, iki il müddətinə azadlıqdan məhrum edib.

Hökm maddi sübutlara, polis əməkdaşlarının və şahidlərin ifadələrinə əsaslanıb. Yuxarı məhkəmələr ərizəçinin şikayətlərini rədd ediblər.

Ərizəçi AİHM-ə şikayətində iddia edib ki, onunla bağlı məhkəmə prosesi ədalətli olmayıb (6-cı maddə), məhz müxalifətçi olduğuna görə cinayət məsuliyyətinə cəlb edilib (14-cü maddə).

AİHM kommunikasiya zamanı hökumətə qeyd edilən pozuntularla yanaşı Konvensiyanın 18-ci maddəsinin pozulması kontekstində də suallar göndərib.

Bu iş üzrə qərardad tərəflərin dostca anlaşmalarına əsasən çıxarılıb.

Anlaşmaya görə, hökumət ərizəçiyə 5000 avro mənəvi zərər, 1500 avro xərc və məsrəf əvəzi ödəməlidir.

Ərizəçini vəkil Ruslan Mustafazadə təmsil edib.

Mülki işdə də dostca anlaşma olub…

“Zöhrə Hacıyeva Azərbaycana qarşı” işində mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib.

Ərizəçiyə məxsus mülkiyyət dövlət ehtiyacları üçün özgəninkiləşdirilib.

Təzminat ödənilsə də, ərizəçi AİHM qarşısında iddia edib ki, qanunvericilik ümumi təzminatdan başqa ona 20 faiz məbləğində kompensasiyaya əlavənin ödənilməsini də nəzərdə tutub, ancaq həmin məbləğ ərizəçiyə ödənilməyib.

Bu iş üzrə yekun qərardad da tərəflərin dostca anlaşmasına əsaslanır.

Qərardad ərizəçiyə 4220 avro maddi zərər, 3000 avro mənəvi zərər, 500 avro xərc və məsrəf əvəzi ödənilməsini nəzərdə tutur.

Ərizəçini vəkil S.Əliyeva təmsil edib.

Ana səhifəSiyasətAİHM-in “Nardaran işi” ilə bağlı qərarı: hökumət təzminat ödəyəcək