AİHM Azərbaycanla bağlı yeni qərarlar elan edəcək

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Şikayətlər əsasən, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqları ilə bağlıdır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 23-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 5 yekun qərar və qərardadlarını elan edəcək.

Ərizələrdə əsasən, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilib.

“İlkin Rüstəmzadə Azərbaycana qarşı” işində həmçinin Konvensiyanın 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10-cu (ifadə azadlığı) və 18-ci maddələrinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu da mübahisələndirilib.

Bu işdə ərizəçi İlkin Bəkir oğlu Rüstəmzadə 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakı şəhərində yaşayır.

Ərizəçi 2011-ci ildə yaradılmış “Azad Gənclik” Təşkilatının təsisçilərindən biri olub.

Şikayət 2013-cü ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi və vətəndaş cəmiyyəti qurumu üzvüykən həbs edilməsindən sonra ərizəçinin həmin vaxt Azərbaycanda məşhur olan “Harlem Shake” rəqsinin çəkilişində iştirak etməsi və videonu “Youtube”a yükləməsinə görə xuliqanlıqda ittiham olunması ilə bağlıdır.

Rüstəmzadə həmin hadisələrin ardınca, xuliqanlıq və cinayətə, kütləvi iğtişaşların təşkilinə hazırlıq, qanunsuz olaraq silah əldə edib daşıyan, partlayıcı maddələrə və qurğulara sahib qrupa üzvlük kimi cinayət əməllərində təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10 (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi AİHM qarşısında heç bir cinayət əməli törətmədiyini, məhkum edilməsinin onun hüquqlarını pozduğunu iddia edib.

“Emin Bəşirli və başqaları Azərbaycana qarşı” – işində ərizəçilər “Gənclərin HİVAİDS və Narkomaniyaya Qarşı Mübarizə Mərkəzi”nin və digər ictimai birliklərin təsisçiləri olublar.
Birliklər 2012-ci ildə təsis edilib. Ancaq Ədliyyə Nazirliyi adı çəkilən İB-in qeydiyyat sənədlərini dörd dəfə geri qaytarıb. Digər təşkilatların da qeydiyyatından imtina edilib.

Ərizəçilər AİHM qarşısında birləşmək (Konvesiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia ediblər.

“Qubad Bayramov və Rəcəb İmanov Azərbaycana qarşı” – məhkəmə işi “İctimai Təşəbbüslər Mərkəzi”nin dövlət qeydiyyatına alınmaması ilə bağlıdır.

Ədliyyə Nazirliyi 2012-ci ildə təsis edilmiş Mərkəzin qeydiyyat sənədlərini iki dəfə geri qaytarıb. Məhkəmələr nazirliyin hərəkətlərindən verilmiş şikayətləri təmin etməyiblər.

Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvesiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia ediblər.

“Aynurə İmranova və Asya Əhmədova Azərbaycana qarşı” – məhkəmə işi “Media və Demokratiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dövlət qeydiyyatına alınmamasına aiddir.
2014-cü ildə təsis edilmiş birliyin qeydiyyat sənədlərini Ədliyyə Nazirliyi 2014-cü ildə geri qaytarıb.

Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvesiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia ediblər.

“Yaşar Ağazadə və başqaları Azərbaycana qarşı” – məhkəmə işi də qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmaması ilə bağlıdır.

Ərizəçilərdən Y.Ağazadə “Həbsxana İslahatlarına Yardım” təşkilatının təsisçilərindən olub.

Ədliyyə Nazirliyi 2011-ci ildə yaradılan təşkilatı qeydiyyata almayıb.

Yerli məhkəmələr nazirliyin hərəkətlərini qanuni hesab ediblər.

Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia edirlər.

Sonuncu 4 işdə ərizəçilərin bəziləri dövlətin Konvensiyanın 34-cü (Fərdi şikayətlər) maddəsi üzrə öhdəliklərinə əməl etmədiyini də iddia ediblər.

Ana səhifəSiyasətAİHM Azərbaycanla bağlı yeni qərarlar elan edəcək