AİHM Azərbaycanla bağlı daha 4 qərarını açıqladı

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Qərarlar vətəndaş cəmiyyətinin üzləşdiyi qanunsuzluqlarla bağlı olub

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 23-də Azərbaycandan göndərilən şikayətlər üzrə daha 4 yekun qərarını da elan edib.

“Emin Bəşirli və başqaları Azərbaycana qarşı” – işində ərizəçilər “Gənclərin HİV/AİDS və Narkomaniyaya Qarşı Mübarizə Mərkəzi-nin və digər ictimai birliklərin təsisçiləri olublar. Birliklər 2012-ci ildə təsis edilib. Ancaq Ədliyyə Nazirliyi adıçəkilən İB-in qeydiyyat sənədlərini dörd dəfə geri qaytarıb. Digər təşkilatların da qeydiyyatından imtina edilib.

Ərizəçilər AİHM qarşısında birləşmək (Konvesiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia ediblər.

AİHM bu işdə ərizəçilərin birləşmək hüququnun pozuntusunu tanıyıb.

Qərara əsasən, hökumət 1-ci ərizəçilərə (Emin Bəşirli və Vüsal Yolçuyev) 2700 avro, ikinci ərizəçilərə (Mehriban Əhmədova və Ceyhun Əliyev) 1600 avro təzminat ödəməlidir.

Qərar üzrə bütün ərizəçilərə birlikdə 1000 avro xərc və məsrəf əvəzi də ödənilməlidir.

“Qubad Bayramov və Rəcəb İmanov Azərbaycana qarşı” – məhkəmə işi “İctimai Təşəbbüslər Mərkəzi”nin dövlət qeydiyyatına alınmaması ilə bağlı olub.

Ədliyyə Nazirliyi 2012-ci ildə təsis edilmiş Mərkəzin qeydiyyat sənədlərini iki dəfə geri qaytarmış, məhkəmələr nazirliyin hərəkətlərindən verilmiş şikayətləri təmin etməmişdilər.

Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvesiyanın 6-cı maddəsi) hüquqlarının pozulduğunu iddia ediblər.

Məhkəmə bu işdə ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib.

Qərara görə, hökumət ərizəçilərə 4 min 500 avro mənəvi zərər əvəzi, 500 avro xərc və məsrəf əvəzi ödəməlidir.

“Aynurə İmranova və Asya Əhmədova Azərbaycana qarşı” – məhkəmə işi “Media və Demokratiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dövlət qeydiyyatına alınmamasına aid olub. 2014-cü ildə təsis edilmiş birliyin qeydiyyat sənədlərini Ədliyyə Nazirliyi 2014-cü ildə geri qaytarıb.

Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvesiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia ediblər.

Məhkəmə bu işdə ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib. Ərizəçilər bu işdə maddi tələb irəli sürməyiblər.

“Yaşar Ağazadə və başqaları Azərbaycana qarşı” – məhkəmə işi də qeyri- hökumət təşkilatlarının qeydiyyata alınmaması ilə bağlıdır.

Ərizəçilərdən Y.Ağazadə “Həbsxana İslahatlarına Yardım” təşkilatının təsisçilərindən olub.

Ədliyyə Nazirliyi 2011-ci ildə yaradılan təşkilatı qeydiyyata almayıb, yerli məhkəmələr nazirliyin hərəkətlərini qanuni hesab edib.

Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia ediblər.

Məhkəmə bu işdə ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib.

Qərara görə, hökumət birinci ərizəçilərə (Rövşən Kəbirli və Yaşar Ağazadə) 4 min 500, ikinci ərizəçilərə (Fəqan Əsədov və Yaşar Ağazadə) 2 min təzminat ödəməlidir.

Ərizəçilərə birlikdə 1000 avro xərc və məsrəf əvəzi də ödənilməlidir.

Xatırlatma

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 23-də gənc fəal İlkin Rüstəmzadənin şikayəti üzrə də qərar çıxarıb.(https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/avropa-mehkemesi-azerbaycani-yene-cerimeledi-3/)

“İlkin Rüstəmzadə Azərbaycana qarşı” işində Konvensiyanın 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10-cu (ifadə azadlığı) və 18-ci maddələrinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu mübahisələndirilib.

Məhkəmə qərar verib ki, bu işdə ərizəçinin 6-cı və 10-cu maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulması qeydə alınıb.

Qərara əsasən, hökumət Rüstəmzadəyə mənəvi zərər əvəzi 12 min avro, xərc və məsrəfələrə görə 2 min 500 avro ödəməlidir.

Ana səhifəXəbərlərAİHM Azərbaycanla bağlı daha 4 qərarını açıqladı