Zərifə Abbasovanın istintaqı yekunlaşıb
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi Zərifə Abbasovanın məhkəməsi başlayır. O, 980 min manat vəsaitin yeyintisində ittiham olunur. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Zərifə Abbasovanın işi üzrə araşdırmalar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. İstintaq artıq yekunlaşıb və iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Araşdırmalar Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müraciəti əsasında başlayıb.
“Zərifə Abbasovanın 2017-2022-ci illər ərzində Nümayəndəliyin bank hesabında olan pulları nağdlaşdırması, saxta ödəniş tapşırıqları vasitəsilə vəsaitləri öz əməkhaqqı kartına köçürüb, təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluğun məlumatında belə deyilir.
Zərifə Abbasovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.
Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Zərifə Abbasovanın ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.