Çexiyalı nazir: “Rusiya təcavüzkar müharibəsi nəticəsində vurduğu ziyanı ödəməlidir”
Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadə edilməsi planını təsdiqlədiyi bildirilir.
Bu barədə mayın 21-də Çexiyanın xarici işlər naziri Yan Lipavski “X” (Twitter) səhifəsində yazıb.
Onun sözlərinə görə, belə bir qərar Ukraynaya 2024-cü ildə 3 milyard avroya qədər vəsait almağa imkan verəcək ki, bunun da 90 faizi ölkənin hərbi ehtiyaclarına yönələcək.
“Rusiya təcavüzkar müharibəsi nəticəsində vurduğu ziyanı ödəməlidir”, – deyə çexiyalı nazir əlavə edib.
“Bloomberg”in məlumatına görə, Aİ-nin planı fevralın 15-dən sonra əldə edilən gəlirin Ukraynaya köçürülməsini nəzərdə tutur:
“Aktivlərin hər il təxminən beş milyard avro qazanacağı gözlənilir, Ukrayna isə ildə iki dəfə yardım alacaq”.
“Meduza” nəşri yazır ki, Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra şimal ölkənin Mərkəzi Bankının 260 milyard avroya yaxın aktivi dondurulub:
“Vəsaitlərin böyük hissəsi Avropa İttifaqında saxlanılır. Aİ səlahiyyətliləri ən azı 2022-ci ilin payızından dondurulmuş aktivlərdən istifadə imkanlarını müzakirə edirlər. Almaniya Kansleri Olaf Şolts 2024-cü ilin mayında bəyan edib ki, birlik ölkələri dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirin 90 faizini Ukraynanın müdafiə ehtiyacları üçün istifadə etmək barədə razılığa gəliblər”.
Müharibənin xronikası
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.