Aİ-də ilkin razılıq: Rusiyanın aktivləri Ukraynanın bərpasına yönəldilə bilər

Avropa İttifaqı. Foto: artjazz/shutterstock

“Pul Ukraynanın bərpası və hərbi müdafiəsini dəstəkləməyə xidmət edəcək”

Avropa İttifaqında (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadə olunması barədə ilkin razılıq əldə olunub.

Məlumatı Aİ Şurasına sədrlik edən Belçika hökuməti yayıb.

Bildirilib ki, Aİ səfirləri Rusiyanın immobilizasiya edilmiş aktivlərindən qaynaqlanan gəlirlərlə bağlı tədbirlər haqqında prinsipial razılığa gəliblər:

Pul Rusiya təcavüzü kontekstində Ukraynanın bərpası və hərbi müdafiəsini dəstəkləməyə xidmət edəcək”.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen müvafiq razılaşmanı təqdir edib.

O,  “X” hesabında yazıb ki, Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirməkdən daha güclü simvol və daha böyük fayda ola bilməz.

Hələ mart ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel (Jozep Borrel) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən faizləri Ukraynaya yönləndirmək planını irəli sürmüşdü.

Plana görə, vəsaitin 90 faizi Ukrayna üçün silah xərclərini ödəmək üçün istifadə olunacaq fonda getməlidir.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəSiyasətAİ-də ilkin razılıq: Rusiyanın aktivləri Ukraynanın bərpasına yönəldilə bilər