Sivil Toplum Platforması Mövqe sənədi yaydı
Sivil Toplum Platforması (STP) hökumətin yaratdığı “Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının” formalaşdırılmasına dair Mövqe sənədi yayıb.
Sənəddə 9 sentyabr 2016-cı ildə yaradılan Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasından söz açılıb.
STP təəssüflənir ki, Platformanın formalaşdırılması zamanı nə AHT Rəhbər Komitəsinin çağırışları, nə də yerli müstəqil vətəndaş cəmiyyəti üzvlərinin müraciətləri nəzərə alınmayıb:
“Bu qurumun formalaşmasında QHT-lərə Dövlət Dəstəyi Şurasının timsalında hökumətin əsas rol oynadığı aşkar göründüyü kimi, 20-dən artıq müstəqil vətəndaş cəmiyyəti təmsilçilərinin formalaşmada iştirakla bağlı arzularını rəsmi müraciətlə bildirməsinə baxmayaraq, əksəriyyətinin hökumətin nəzarətində olan qurumların təmsilçilərilə (çox az sayda müstəqil şəxslər istisna olmaqla) formalaşdırmaqla tərəflərə bərabər şərait yaradılmayıb. Bu tipli formalaşma qabaqcadan, qurumun səmərəli fəaliyyət göstərə bilməyəcəyi, açıq hökumət prinsiplərinə və təşəbbüsə dair beynəlxalq çağırışlara məhəl qoyulmama kimi neqativ rəylər yaradacaqdır. Ayrıca, müstəqil vətəndaş cəmiyyəti təmsilçilərinin müraciətinə diqqət yetirməmək kimi davranışlar əvvəlcədən hökumətin müstəqil vətəndaş cəmiyyəti üzvləri ilə dialoqa real marağının olmaması mənasına gəlir ki, bu da hökumətin açıq hökumət təşəbbüsü barədə bəyan etdiyi fəaliyyətin səmimiliyini, şəffaflığını və effektivliyini ciddi şübhə altına alır.
STP AHT Platfomasının bu cür formalaşdırılmasından dərin təəssüfünü bildirir, hökumətdən götürdüyü öhdəliklərə əməl edərək mötəbər beynəlxalq təşəbbüslərdə Azərbaycanın şansını itirməməyi tələb edir. Həmçinin, STP beynəlxalq qurumları, xüsusən AHT Rəhbər Komitəsini qəbul etdikləri prinsiplərə sadiqlik nümayiş etdirməsinə çağırır və təqdim edilən Platformanı müstəqil vətəndaş cəmiyyətinin maraqlarını ifadə edən qurum kimi qəbul etməyin yolverilməz olduğunu bəyan edir” – sənəddə qeyd olunur”.
“Tənzimləmə Siyasəti”
Sənəddə xatırlanır ki, 12 iyul 2016-cı ildə STP Açıq Hökumət Təşəbbüslərinin (AHT) yayılmasının və vətəndaş cəmiyyətinin iştirakının genişləndirilməsinin vacibliyi barədə mövqe sənədi təqdim edib. Həmin sənəddə əsas olaraq qeyd edilib ki, Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi tərəfindən 2014-cü ilin sentyabrında qəbul edilən “Tənzimləmə Siyasəti” adlı sənədin tələbinə görə, üzv ölkələr vətəndaşların və sivil toplumun informasiyalara əlçatanlığı məhdudlaşdırmasına, QHT-lərin müstəqil işləməsinə, onların daxili və xarici fondlardan maliyyə alması üçün mühitin pisləşməsinə, tənqidi səslərin boğulmasına imkan verməməli, hökumət vətəndaş cəmiyyəti ilə müzakirələrdə manipulyasiyadan qaçmalı, məsələhətləşmələrdə müstəqil QHT-ləri tərəfdaş kimi görməli, birləşmək və ifadə azadlığının məhdudlaşdırılmasına yönəlik addımlardan çəkinməlidir.
“2016-cı il may ayının 4-də Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin Cənubi Afrika Respublikasının Cape Town şəhərində keçirilən növbəti iclasında qərara alınıb ki, QHT-lərin fəaliyyəti üçün məkanın qapadılması Açıq Hökumət Tərəfdaşlığının prinsip və dəyərlərini sarsıdır.
Sivil Toplum Platforması Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığına üzv ölkələr arasında tamhüquqlu üzvlük statusunu itirən yeganə ölkə olmasına təəssüf edir, hökuməti qısa müddətdə öhdəliklərini yerinə yetirməyə çağırır. Hökumət Açıq Hökumət Təşəbbüsünün əsas dayaqları olan şəffaflıq, hesabatlılıq, ictimai iştirakçılıq prinsiplərini öz fəaliyyətində əsas tutmalı, idarəetmənin keyfiyyətini yaxşılaşdırmalı, əhalinin keyfiyyətli xidmətə əlçatanlığını artırmalıdır.
Sivil Toplum Platforması hesab edir ki, Azərbaycanda Açıq Hökumət Təşəbbüslərinin yayılması istiqamətində vətəndaş cəmiyyəti ilə konsultativ mexanizmlərin qurulması, o cümlədən vətəndaş cəmiyyətinin cəmləşdiyi Platformanın yaradılması, hökumətin vətəndaş cəmiyyətinin səslərini eşitməsi, onlarla dialoq və məsləhətləşmələr aparması vacibdir.
Sivil Toplum Platforması vətəndaş cəmiyyəti üzvlərini bütün tərəflərin iştirakını nəzərdə tutan müstəqil Platformanın yaradılmasında səylərini artırmağa, hökuməti isə bu təşəbbüsü dəstəkləməklə yanaşı bütün tərəflərə bərabər şərait yaratmağa çağırır” – həmin sənəddə qeyd olunub.
20-dən artıq təmsilçi müraciət edib
Mövqe sənədində avqustun 1-də Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən 20-dən artıq müstəqil vətəndaş cəmiyyəti təmsilçilərinin yaydığı müraciətə də toxunulub. Həmin müraciətdə qeyd olunur: “Biz – bu müraciəti imzalayan müstəqil sivil toplum quruluşları və nümayəndələri Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərinin dəstəklənməsi məqsədilə Vətəndaş Cəmiyyəti təmsilçilərinin geniş qatılımı ilə Açıq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesinin sürətləndirilməsinin zəruriliyini bəyan edirik.
Bu müraciəti imzalamaqda başlıca məqsədimiz AHT üçün zəruri olan Açiq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesini sürətləndirmək, Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında tam hüquqlu üzvlük statusunun bərpasına yardımçı olmaq, AHT prinsiplərinin Azərbaycanda daha geniş yayılmasını dəstəkləmək və son nəticə olaraq şəffaflıq və iştirakçılıq sahəsində müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqa, vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləyən konsultativ mexanizmlərin qurulmasına töhfə verməkdir.
Biz bu müraciəti imzalayan müstəqil vətəndaş cəmiyyəti qurumları, vətəndaş cəmiyyəti aktivləri Açiq Hökumət Tərəfdaşlığı Platformasının formalaşması və fəaliyyəti prosesində iştirak etmək niyyətimizi bəyan etməklə, hökumətin AHTP-nın yaradılması prosesini sürətləndirməyə, bütün maraqlı tərəfləri prosesə cəlb etməyə, prosesi açıq və şəffaf aparmağa çağırırıq”.