Ağzını tikən Elşad Məmmədovun səhhəti pisləşdi



İş adamının xalası, şəhid anası prezidentə müraciət etdi: “


Əgər mənim müracıətim cavabsız qalsa, sürünə-sürünə qəbulunuza gələcəm



Ağzını tikmiş iş adamı, Qazax rayonunun Yuxarı Əskipara kəndindən məcburi köçkün olan Elşad Məmmədovun səhhəti pisləşib. O, artıq yataqdadır.

İş adamının vəziyyəti ailəsini, azyaşlı övladlarını da narahat edib. Övladları atalarının tezliklə sağalmasını və probleminin həll olunmasını istəyirlər.

Bu barədə məlumatı azerlife.org saytı yayıb.

Elşad Məmmədovun xalası, şəhid anası Ülkər Nəsibova da onun vəziyyətindən narahatdır. Buna görə də prezident İlham Əliyevə müraciət edib: “Cənab Prezident! Mən bir şəhid anası, məcburi köçkünəm. Sizə mətbuat və poçt vasitəsilə dəfələrlə müraciət etmişəm. Mənim dərdlərimin üzərinə dərdi bu dəfə ermənilər yox, Hacı İbrahim Nehrəmli gətirib. O, yetim qalmış bacım oğlunun başına fəlakət açıb. Belə ki, əlində “Həsən-96″ MTK-dan aldığı mənzillərin bütün sənədləri olduğu halda evsiz qalıb, iki ildir məcburən Qazax rayonuna, mənim məskunlaşdığım uşaq bağçasına pənah gətirib. Ailəsi və üç körpə övladı ilə birlikdə ora sığınıblar. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi, general Kamran Əliyev bacım oğlunun haqlı olduğunu deyib, işini Ali Məhkəmənin Plenumuna ünvanlayıb və üç ay keçəndən sonra Plenum baş tutub. Plenumda işə laqeyd yanaşılır. Buna görə də bacım oğlu mayın 18-dən ağzını tikib, səhhəti günü-gündən pisləşir. Bu acınacaqlı hal heç kəsi maraqlandırmır. Belə olan halda mənim yaralı ürəyim param-parça olur. Axı mən dövlətimizin müstəqilliyi üçün oğlumu şəhid vermişəm. Niyə bizim məmləkətdə qanunların aliliyinə hörmət edilmir? Ayrı-ayrı fərdlərin maraqları qanunlarımızdan üstündür?”

Şəhid anası problemin tezliklə həll olunmasını ölkə rəhbərindən xahiş edir: “İki ildən artıqdır üç qardaş və ailələri küçələrdə qalıb. Niyə məlumatları sizdən gizlədirlər? İstəyirlər ki, bütün dünya ictimaiyyəti görsün ki, Azərbaycanda nələr baş verir? Beş gündür Qazax Rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərovun qəbulunda olub, bütün sənədləri təkrarən təqdim etmişik. O, da söz verib ki, rayonun Kuratoruna və Prezident Administrasiyasına məlumat verəcək. Niyə rayonun kuratoru və Prezident Administrasiyası susur? Bir məcburi köçkün və şəhid anası kimi Sizdən xahiş edirəm ki, məni qəbul edəsiniz! Əgər mənim müracıətim cavabsız qalsa, may ayının 27-də sürünə-sürünə qəbulunuza gələcəm”.

Ana səhifəVideoAğzını tikən Elşad Məmmədovun səhhəti pisləşdi