İcra Hakimiyyəti: “Bu gün elektrik enerjisinin verilməsi ilə bağlı problem qalmayacaq”
Ağsu rayonunda son günlər yağan qar səbəbindən 5 kəndin işıqsız qaldığı bildirilir. Xəbəri “Report” yayıb.
Rayonun dağlıq ərazilərində yerləşən Xatman, Dilman, Hacman, Kalva və Suraxanı kəndlərində fevralın 12-dən elektrik enerjisinin kəsildiyi deyilir.
Elektrikin kəsilməsi səbəbindən Dilman və Kalva kəndlərində yerləşən orta məktəblərdə istilik sisteminin də işləmədiyi bildirilir. Bu səbəbdən məktəblərdə davamiyyətin aşağı düşdüyü söylənir.
Həmin kəndlərdəki tibb məntəqəsinin də elektrik enerjisi kəsilməsi səbəbiylə fəaliyyət göstərmədiyi bildirilir.
Ağsu rayon İcra Hakimiyyətindən Meydan TV-yə məlumatı təsdiqlədilər. Bildirdilər ki, həqiqətən də qar səbəbindən kəndlərdə işıq problem yaşanıb:
“Ancaq bu gün əsas problem aradan qaldırılıb. Əraziyə İcra Hakimiyyəti və İşıq İdarəsinin işçiləri ezam olundu. Problem qısa zamanda həllini tapdı. Qalan xırda işlər isə gün ərzində yekunlaşacaq. Heç bir yerdə elektrik enerjisinin verilməsi ilə bağlı problem qalmayacaq”.