Samir Mirzəxanov

Mənbə: Foto: Meydan TV

Başlıq: Samir Mirzəxanov

Ağsu sakini: Zəlzələdən zərər görmüş evim hər an uça bilər

“Mənə bildirdilər ki, siz gec müraciət etdiyiniz üçün şikayətinizə baxılmayacaq”

“Bir ildən çoxdur ki, qəzalı vəziyyətdə olan evdə yaşayırıq. Ev hər an uça bilər. Özümdən daha çox iki azyaşlı uşağıma görə narahatam”.

Bunu Meydan TV-yə Ağsu rayonu, Gürsulu kənd sakini Samir Mirzəxanov söyləyir. O bildirir ki, ötən ilin fevralında Ağsu ərazisində 4,4 bal gücündə baş verən zəlzələdən sonra 1945-ci ildə inşa edilmiş üçotaqlı fərdi evi tamamilə qəzalı vəziyyətə düşüb. Şikayətçinin dediyinə görə, zəlzələdən sonra növbəti ay Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahının nümayəndəsinə müraciət edib:

“Zəlzələ 2019-cu ilin fevralında olmuşdu. Mən martda müraciət etdim. Fövqəladə Hallar Nazirliyinin zəlzələ üzrə nümayəndəliyindən olan şəxs qeydiyyat apardı, amma nə qədər gözləsəm də, heç bir nəticəsi olmadı. Üzərindən təxminən üç ay keçəndən sonra təkrar aidiyyatlı qurumla əlaqə saxladım. Mənə bildirdilər ki, siz gec müraciət etdiyiniz üçün şikayətinizə baxılmayacaq. Halbuki, zəlzələdən bir ay keçməmişdi. Dəfələrlə Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə və Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Problemimə baxan olmayib, məni bir-birinin üstünə göndərdilər”.

Samir Mirzəxanov deyir ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yazdığı məktublar Ağsu Rayon İcra Hakimiyyətinə yönləndirilib və şikayətinə baxılmayıb:

"Mənə bildirdilər ki, siz gec müraciət etdiyiniz üçün şikayətinizə baxılmayacaq"

"Mənə bildirdilər ki, siz gec müraciət etdiyiniz üçün şikayətinizə baxılmayacaq"

Mənbə: Meydan TV

“Üç ay öncə məktub yazmışdım. Məni icra hakimiyyətinə çağırdılar. Yenə də eyni sözləri dedilər ki, guya gec müraciət etdiyimə görə evimə baxış keçirmək mümkün deyil. Etirazımı bildirdim ki, gec müraciət etməmişəm. Məndən sonra müraciət edən adamlara quru torpaq üzərində ev tikmisiz. Bu necə olur? Dedilər ki, bizlik deyil, yuxarıdan verilən tapşırıqdır. Artıq əlim hər yerdən üzülüb. Kimə müraciət edək, dərdimizi kimə deyək? Dövlət tərəfindən bizə yardım olunmağını istəyirik. Yaşamağa başqa yerimiz yoxdur”.

Köməksiz ata daha çox uşaqları üçün narahatdır. Deyir ki, gecələr səksəkə içində yatırlar ki, ev başlarına uçar:

“Hər an ev uça, kimsə xəsarət ala bilər. Köhnə tikilidir, elə əvvəldən yaşamaq üçün yararsız vəziyyətdə idi. Zəlzələdən sonra daha da pis vəziyyətə düşdü. Yağış yağanda evin içərisini qab-qazanla doldururuq, çünki suyun hamısı evin içinə axır. Divarların suvağı ovulub, tökülür. Evdə ilan-çayan olur. Həyat yoldaşım, dəfələrlə ilan görüb, deyir ki, qorxuram, ilan divarın çatlarından evə girəcək. Hətta özüm evdə ilan balası öldürmüşəm. Köhnə tikilidir, bəlkə də zirzəmisində ilanlar yuva qurub. Uşağımın biri 4, digəri də 2 yaşındadır. Onlara görə narahatıq. Ailə üzvlərim beş nəfərdən ibarətdir. Atam birinci qrup gözdən əlildir”.

Ağsu Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan bildirilib ki, şikayətçi qurumun qeydiyyat şöbəsinə yaxınlaşmalı, adının siyahıda olub-olmadığını yoxlamalıdır.

“Hər an ev uça, kimsə xəsarət ala bilər".

“Hər an ev uça, kimsə xəsarət ala bilər".

Mənbə: Foto: Meydan TV

Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahının rəisi Həsən Qasımzadə Meydan TV-yə bildirib ki, evlərə baxış və qiymətləndirmə ötən il başa çatıb. Təkrar baxış nəzərdə tutulmur.

2019-cu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox fərdi və çoxmənzilli yaşayış evlərinə ziyan dəyib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, indiyədək dövlət büdcəsindən təbii fəlakətdən zərər görmüş hər üç rayona ümumilikdə 7 milyon manat ayrılıb.

"Dövlət tərəfindən bizə yardım olunmağını istəyirik"

"Dövlət tərəfindən bizə yardım olunmağını istəyirik"

Mənbə: Meydan TV

"Evdə ilan-çayan olur"

"Evdə ilan-çayan olur"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w0u2ds

Ən çox baxılan