Ağsu sakini: İki evi olana yeni ev tikirlər, kasıblar kənarda qalır

Ölkə başçısının sərəncamına əsasən, yalnız qəzalı vəziyyətdə olan evlərdə təmir, yaxud yenidən inşa işləri aparılır.

Source: Specify Source


“Burada özbaşınalıq baş alıb gedir”

“Prezident sərəncam verib ki, qəzalı evlər sökülüb tikilsin, ya da bərpa olunsun. Ağsuda isə bazar açıblar, iki evi olan adama ev tikirlər. Özü də ev tikintisi pulladır. Əvvəl üç min manata tikirdilər, sonra qiyməti beş minə qaldırdılar. İndi də eşidirəm ki, qiymət yeddi min manat olub. Sonuncu dəfə ayrılan 2 milyon manatdan sonra qiyməti də yavaş-yavaş qaldırırlar. Məni yandıran odur ki, quru torpaqda ev tikirlər, nədir-nədir, kiminsə qardaşıdır, yaxud əmisi oğludur, puluna minnət, verir, ev tikdirir. Mənim kimi kasıblar isə kənarda qalır”.

Bunu Meydan TV-yə Ağsu şəhəri, Əliağa Vahid küçəsi, ev 24 ünvanında yaşayan Elnur Qənbərli deyir. İddia edir ki, aidiyyatı qurumlar ev tikintisi və təmir-bərpası işlərində qanun pozuntusuna, ayrı-seçkiliyə yol verirlər:

“Əgər pul zəlzələdən zərərçəkənlər üçün ayrılıbsa, onlara ev tikilsin. Prezident pul ayırıb ki, kasıblara ev tikin, amma buradakılar suyu bulandırırlar. Ayrılan pullar hara gedir, özləri yaxşı bilir. Evi olana ev tikirsinizsə, mənim də evimi təmir-bərpa edin. Gənc ailəyəm, iki uşağım var, şəraitsiz vəziyyətdə yaşayıram. Bir otaq tikmişəm, bambalaca, köşkə oxşayır, suyu, işığı da yoxdur. Hətta hamam-tualetim belə normal vəziyyətdə deyil. Nə ünvanlı sosial yardım alıram, nə də ki, uşaqpulu. Bilmirəm, evə işıq çəkdirəm, yoxa su, ya da ki, ayaqyolu düzəltdirim. Paltarı yoldaşımla ikimiz yuyuruq, onun tək gücü çatmır. Çünki normal insanın yaşaması üçün lazım olan şəraitimiz yoxdur. Mən nə qədər məvacib alım ki, bunları edə bilim? Fəhlə işləyən adamam, ay ərzində maksimum 350 manat qazanmağa gücüm çatır”.

image_from_ios (4).jpg
Elnur Qənbərli

Elnur Qənbərli bir neçə dəfə Ağsu Rayon İcra Hakimiyytində olub, şikayətinə baxılmayıb. Bundan sonra o, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb:

“Şikayətimə cavab olaraq icra hakimiyyətindən məktub gəldi. Yazılmışdı ki, vətəndaşlara ev tikilməsi qurumun səlahiyyəti xaricindədir. Məktub başçının müavini İqbal Mikayılov tərəfindən göndərilmişdi. Getdim, İqballa görüşdüm, ondan soruşdum ki, əgər bu iş sənin səlahiyyətin xaricindədirsə, niyə burada oturub, məktubları cavablandırırsan? Növbəti dəfə getdim, qəbul etmədi, yəni məni adam saymadı. İcrada kimin yanına gedirəm, şikayətimə baxmır, adamı yola verirlər. “Sənə ev düşmür”- deyirlər. İmkanım yoxdur, kasıbam, adamım yoxdur deyə mənə ev düşmür? Sonuncu dəfə mənə məsləhət gördülər ki, dərdimi icra başçısına deyim. Axırıncı dəfə sözümü deyəcəyəm, əgər mənim evimi tikməsələr, özümə cavabdeh deyiləm. Düzü, adam nəsə deməyə də çəkinir. Burada özbaşınalıq baş alıb gedir. Biz qəddar insanlarla yaşayırıq. Onlar adamın başına nə oyun desən açarlar. Az olub məgər, kimsə nəsə deyib, ya vurublar, ya da öldürüblər. Mən ondan qorxuram, ailəm, uşaqlarım var.

Evi daşdan tikmişəm. Amma damını vura bilmirəm. Digər otaqlara 4-5 ildir ki, qar-yağış yağır, divarlarda çatlar əmələ gəlib. Bu qış da dam vurulmasa, ev uçub, məhv olacaq. Bu müddət ərzində pul artırıb, dama şifer vura bilməmişəm. Evimin heç darvazası yoxdur. İstəyim odur ki, evimin damını vursunlar, digər otaqları düzəltsinlər, yəni təmir-bərpa etsinlər”.

image_from_ios (5).jpg
“Şikayətimə cavab olaraq icra hakimiyyətindən məktub gəldi”

Ağsu Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavanşir Nəsibov Meydan TV-yə bildirib ki, qurum tərəfindən vətəndaşlara ev tikilmir:

“Ölkə başçısının sərəncamına əsasən, yalnız qəzalı vəziyyətdə olan evlərdə təmir, yaxud yenidən inşa işləri aparılır. Sərəncamda elə bir bənd yoxdur, göstərilmiş olsaydı ki, başqa vətəndaşlara da ev tikin, onda tikilərdi. Ağsuda elə bir ev yoxdur ki, divarlarında çatı olmasın. Yəni bunun zəlzələyə aidiyyatı yoxdur. Boş torpaqda ev tikirsən, sementini üçqat vurursan, mişar daşından hörürsən, iki-üç ildən sonra partlayır. Buna dövlət, prezident, ya da icra başçısı neyləsin?

Rüşvət iddiasına gəlincə, bunu araşdırmaq üçün orqanlar var. Həmin adamın əlində fakt varsa, müraciət etsin ki, Ağsuda pul alıb, ev tikirlər. Evin tikilməsi elə-belə başa gəlmir. Bunun sənədləşməsi var, ekpertiza rəyindən, iki nazirliyin qiymətləndirilməsindən keçir. Ondan sonra tikintiyə, yaxud bərpaya qərar verilir”.

Ana səhifəBölgəAğsu sakini: İki evi olana yeni ev tikirlər, kasıblar kənarda qalır