Ağsu sakini: Həyat yoldaşım işdə xəsarət aldı, başqa adla sənədləşdirdilər

Müalicənin axırında dilinizdən izahat verərsiz ki, qardaşınız fərdi yaşayış evində işləyən zaman yıxılıb, xəsarət alıb.

Source: Specify Source


“Yoldaşım tikinti şirkətində işə düzələndə, onunla əmək və sığorta müqaviləsi bağlanmamışdı”

“Həyat yoldaşım 2013-cü ildə Hacıqabula fəhlə kimi işləməyə getdi. Heç bir həftə keçmədi ki, işlədiyi tikinti şirkətində “kozyol”un üstündən yıxıldı, əlil oldu”.

Bu sözləri Meydan TV-yə Ağsu rayonu, Abbasxanlı kənd sakini Fəridə Qəmbərova deyir. Onun sözlərinə görə, 1970-ci il təvəllüdlü həyat yoldaşı Ağasəf Qəmbərov Güləsən oğlu işdə yıxılandan sonra ciddi xəsarət alıb, indi nə gəzə, nə də danışa bilir:

“Yıxılanda, başından zədə alıb, qulağından qan gəlib. Şirkət əməkdaşları onu Şirvan Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Təxminən üç ay yarım orada yatdı. Hazırda başında damarın birində laxtalanma gedib, ona görə də ayağa qalxa bilmir, iflic vəziyyətinə düşüb.

Səhiyyə Nazirliyinə məktub yazdıq, yönləndirdilər Ağsu Mərkəzi Rayon Xəstəxanasına. Orada da ancaq müalicə edirlər. Mənim istədiyim odur ki, heç olmasa, əsa ilə qalxıb yerisin. Maddi imkanımız yoxdur, birtəhər dolanırıq. İki uşaq böyüdürəm. Yoldaşım xəstədir deyə, onu qoyub, gedib hardasa işləyə bilmirəm. Birinci qrup əlildir, iki yüz manat təqaüd alır, onu da “Pampers”inə verirəm. Həmin puldan bir manat artıq müalicəsinə xərcləyə bilmirəm. Uşaq deyil ki, saxlaya biləsən. Təkəm, ailənin yükü mənim üstümə qalıb. Yeddi ildir ki, zülm çəkirəm”.

Maral Qəmbərova həyat yoldaşının yataq xəstəsi olmasında qayını Yalçın Qəmbərovu təqsirkar bilir. İddia edir ki, qayını ondan xəbərsiz, həmin şirkətlə sövdələşərək, külli miqdarda pul alaraq mənimsəyib:

“Yoldaşımı gördüyünüz duruma qardaşı Yalçın Qəmbərov salıb. Məni aldatdı, xəstəxanaya gedib, ərimə baş çəkməyə belə qoymadı. Dedi ki, mən onun yanındayam, sən niyə gəlirsən? Yoldaşım tikinti şirkətində işə düzələndə, onunla əmək və sığorta müqaviləsi bağlanmamışdı. Qayınım dedi ki, mən özüm bütün işləri həll edəcəyəm, sən qarışma. Sonradan məlum oldu ki, məndən xəbərsiz tikinti şirkəti ilə razılığa gəlib. Onlardan külli miqdarda pul alıb. Əvəzində də dilindən kağız verib ki, guya yoldaşım fərdi mənzildə usta işləyəndə yıxılıb. Mən bütün bunları sonradan bildim. Qayınımın yanında şirkətdən olan həmin adama zəng etdim. Dedi ki, xanım, bizi narahat etmə, iş bağlanıb. Ona istədiyi məbləği vermişik. Həmin şirkətin adı hələ də məlum deyil, illərdir öyrənə bilmirik, qayınım gizlədir. Artıq bu hadisəyə görə onunla düşmən olmuşam. Çünki ərimi o, şikəst edib. Vaxtında üstünə düşsəydik, düzgün müalicə aparsaydıq, belə olmazdı. Yalandan dedi ki, şirkət üç min manat pul verib. Həmin pulla da Ağasəfi iki dəfə İrana apardı, müalicə alsın, heç bir effekti olmadı. Əksinə, səhhəti daha da ağırlaşdı”.

69005903_2949408355101606_5597523833406881792_n.jpg
Fəridə Qəmbərova

Yalçın Qəmbərov Meydan TV əməkdaşı ilə söhbətində Maral Qəmbərovanın ona qarşı irəli sürdüyü ittihamın əsassız olduğunu bildirdi:

“Maral mənə şər-böhtan atır. Qardaşım qəza keçirəndən sonra Şirvanda xəstəxanaya yerləşdirilmişdi. Mən getmişəm, onu oradan götürüb, Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmışam, üç ay yarım orada yatıb. Həkim dedi ki, qardaşım 2-3 aya yeriyəcək, gəzə biləcək.

Tikinti şirkətindən Emin adlı şəxs var idi. O dedi ki, əgər müalicə olacaqsa, bu məsələdə şirkətin adı hallanmayacaq. Müalicənin axırında dilinizdən izahat verərsiz ki, qardaşınız fərdi yaşayış evində işləyən zaman yıxılıb, xəsarət alıb. Üç ay yarımlıq müalicədən sonra qardaşımı evə gətirdik. Həmin Emin adlı adamla danışdım, dedim ki, bu ailə imkansızdır. O da dedi ki, biz 2-3 ay ərzində ailəyə hər ay beş-altı yüz manat köməklik edə bilərik. Sonrası bizlik deyil. Eminlə “20 Yanvar” metrosu yaxınlığında görüşdüm, üç min manat pul verdi. Rəsmi izahat aldı, bununla da söhbət bağlandı. Yəni bizi aldatdılar. Savadlı bir adam olmadı ki, bir iş görək. Həmin pulun təxminən üç yüz manatı ilə qardaşıma əlillik dərəcəsi aldım. Yerdə qalan pulla onu bir neçə dəfə İrana, Təbrizə apardım. İranda dedilər ki, beyin kötüyü zədələnib, müalicəsi ancaq Amerikada mümkündür. Bu adama əməliyyat, ciddi müalicə lazımdır, bizim də imkanımız yoxdur”.

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə bildirib ki, Əmək Məcəlləsinə görə, işçinin əmək qabiliyyəti sığortalanmadan işləməsi qadağandır. Şirkət sığortasız, müqaviləsiz adam işlədibsə, buna görə hüquqi məsuliyyət daşıyır:

“Maral Qəmbərova məsələni qayını ilə deyil, şirkətlə aydınlaşdırmalı, məhkəməyə verməlidir. Hadisə olubsa, qeydlərə keçir, protokol və sair hazırlanır. Qayını bunu gizlətməklə deyil. Şirkəti ortaya çıxarıb, məsələni qanuni müstəvidə həll etmək olar. Ailə məsələ ilə bağlı mütləq vəkil xidmətindən yararlanmalıdır”.

Ana səhifəBölgəAğsu sakini: Həyat yoldaşım işdə xəsarət aldı, başqa adla sənədləşdirdilər