Ağstafada torpaq mülkiyyətçisi məmur özbaşınalığından sikayətçidir

Ağstafa rayon Poylu kənd sakini Kamran Şahniyarov öz torpağını, əkin sahələrini yerli məmurların ucbatından suvara bilmir. Şikayətçinin dediyinə görə, o, dövlət tərəfindən verilən pay torpağında süpürgə və yonca əkib:

“Əkin sahəmi mart ayından bir dəfə də suvarmamışam. Dəfələrlə Ağstafa Suvarma Sistemləri İdarəsinə müraciət etsəm də, əkin sahəmə su vermədilər. Bir neçə ay dözdüm. Artıq məhsulum yanıb gedir. Hətta bu məsələ ilə əlaqədar aidiyyatı orqanlara da bildirmişəm”.

Torpaq mülkiyyətçisi deyir ki, Dağkəsəmən kəndində icarəyə torpaq götürmüşəm. Süpürgə əkmişəm, indi isə su vermək lazımdır, amma Ağstafa Suvarma Sistemləri İdarəsi bizə su vermir. Pulumuzu verib su almaq istəyirik, deyirlər:

“Su hələ yoxdur. Məhsulumuz yanıb gedir, su verməsək, zay olacaq bütün məhsul. Ağstafa Suvarma Sistemləri İdarəsinin müdiri Tofiq Bayramova neçə dəfə müraciət etsək də, su vermir bizə. Səbəb kimi isə deyir ki, Dağkəsəmən kəndi Qazaxla Ağstafanın arasında yerləşir, Ermənistana daha yaxındır. Bəs cənab prezident fərman verir ki, sahibkarları incitməyin, köməklik edin, beləmi edirlər? Su kanalı torpağımın 50 metrliyindən keçir, amma açıb istifadə edə bilmirəm, başqa kəndlərə su verirlər, amma bizə yox. Suyu açıb torpağımızı da sualayanda deyirlər, sizi polisə verəcəyik. Qalmışıq çarəsiz”.

İlham Muğalov da torpaqlarını suvara bilmir. Deyir: “Hər yerə müraciət etmişəm, amma su vermirlər bizə, məhsulumuz batıb gedir. Ağstafa Suvarma Sistemləri İdarəsinin müdiri Tofiq Bayramovun qəbulunda da olmuşam, telefonla da neçə dəfə əlaqə saxlamışam, amma bizə su vermir. İşçisi Ələsgər Namazov özünün taxıl sahələrini sulayıb, amma vətəndaşlara su vermir. Biz suyun heç qanuni rüsumunu bilmirik, hektara 10 manat pul veririk, bəlkə də heç hektarı 10 manat deyil”.

Ağstafa Suvarma Sistemləri İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəVideoAğstafada torpaq mülkiyyətçisi məmur özbaşınalığından sikayətçidir