Ağstafa sakini: Kənd camaatının sayəsində müalicəyə gedə bilirik

Arzu Qurbanov valideynləri, həyat yoldaşı və hələ 3 yaşı tamam olmamış övladı ilə birlikdə yaşayır.

Source: Meydan.TV


“Həkimlər ümidsiz danışmağa başlayıb”

Ağstafanın Aşağı Kəsəmən kəndində yaşayan Arzu Qurbanov iki ildir revmatoid artriddən əziyyət çəkir. Üstəlik, onda keçən il ağciyərin çirklənməsi aşkar olunub. Onun 30 yaşı var.


“Türk həkim deyir ki, vaxtında yaxşı müalicə almayıb”

Aşağı Kəsəməndə Arzu Qurbanova çoxu can yandırır. İlk həmsöhbətimiz olan qohumu xəstəyə bacardıqca kömək etdiyini bildirir. Anası Gülab Qurbanova da kənd camaatının əməyini xüsusi qeyd edir. Bir müddət əvvəl ailənin qazı kəsiləndə də Aşağı Kəsəmən sakinləri imdada yetişib.

“Aparmadığımız xəstəxana qalmayıb. Keçən il ciyərində problem yarananda evdən çox pis vəziyyətdə aparmışdıq. İndi yeriməkdə çətinlik çəkir. İş qabiliyyətini itirib. Həkimlər deyir ki, Arzu ömrünün sonuna qədər dərmanla yaşayacaq. İflic ola bilər. Bir növ əlilliyə doğru gedir. Elə axırıncı dəfə həkimə iflic vəziyyətində aparmışdıq. Dərman verdilər, dizindən su çəkdilər. Həmin özəl klinikada dedilər ki, get, yaxşı olacaqsan. Gəldi, 20 gündən sonra bir də su yığıldı”, – Gülab Qurbanova çətin günlərdən danışır.

Arzu Qurbanov indi iki böyük xəstəliklə mübarizə aparır. Özünün sanki heyi qalmayıb, onun əvəzinə yaxınları danışır. Gülab Qurbanova deyir ki, böyük ümidləri qalmayıb. Çünki oğlunun artriti xroniki hal alıb.

“İki dəfədi Gəncəyə türk həkimin yanına aparırıq. O da deyir ki, vaxtında yaxşı müalicə almayıb. Onun müalicəsinin sayəsində bir az ayağını atır hərdən. Çalışırıq ki, əlil arabasına düşməsin”.


“Camaat çox can yandırır”

Arzu Qurbanovun müalicə yolu həm dövlət xəstəxanalarından, həm də özəl klinikalardan keçir. Demək olar, daim yollardadır. Ailəsi həmişə uyğun həkim tapmağa çalışır. Kənd camaatı onlara çox istiqamət verir.

“Həm artritini, həm də ciyərini müalicə elətdirməli oluruq. Camaat çox can yandırır. Yaxşı həkim axtarırlar. Haranı, kimi nişan verirlərsə, gedirik. Həkimlər ümidsiz danışmağa başlayıb. Artritinin xroniki hal alması çox pis oldu”, – Gülab Qurbanova deyir.

Uşaq olanda Arzu Qurbanovun orqanizminə mikrob düşübmüş. Həkimlər isə son illər onda yaranan xəstəlikləri həmin hadisə ilə bağlamağın tərəfdarı deyil:

“İtdən mikrob keçmişdi ona. O vaxt müalicə elətdirməyə çalışdıq. Həkimlər deyir ki, ciyəri ondan çirklənməyib. Çox yerə baş vururuq. Ağır oynaq xəstəliyi hərəkət qabiliyyətini lap sıradan çıxarıb”.


“Həyat yoldaşım bəzən aylarla iş tapa bilmir”

Arzu Qurbanov valideynləri, həyat yoldaşı və hələ 3 yaşı tamam olmamış övladı ilə birlikdə yaşayır. Ona təqaüd kəsilməsini istəyir. Çünki Qurbanovların daimi gəliri yoxdur.

“Yalnız kənd camaatının köməyi sayəsində müalicənin arxasınca gedə bilirik. Eşidən-bilən əl tutmağa çalışır. Həyat yoldaşım da astma xəstəsidir. Novruz bayramı ərəfəsində uşağın dərdindən özüm də sifət iflici keçirmişəm. Çünki onda vəziyyəti ağırlaşmışdı. Dedilər ki, əlil arabasına düşəcək. Evdə xəstə bir olar. Biz hamımız xəstəyik”, – Gülab Qurbanova danışır.

Arzu Qurbanovun anası deyir ki, konkret hansısa dövlət qurumundan maddi yardım istəməyiblər. Təkcə pensiya üçün müraciət ediblər, amma müsbət cavab almayıblar:

“Həyat yoldaşımın 62, mənim 56 yaşım var. Heç birimiz təqaüd almırıq. Heç birimiz işləmirik. Həyat yoldaşım hörgü işi tapanda gedir. Xəstə adamdı, nə qədər qazana bilər ki?! Bəzən aylarıla iş tapa bilmir. Qızlarım ailə həyatı qurub. Təkcə bir oğlum var. Qızlarım da kömək eləməyə çalışır. Amma onların öz ailəsi, qayğıları var”.

Ağstafa Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, ailənin vəziyyəti barədə hər hansı müraciət daxil olmayıb. Məsələnin araşdırılacağı bildirilib.

Gülab Qurbanova isə deyir ki, ailənin vəziyyəti üçün xüsusi müraciətə ehtiyac yoxdur, onsuz da hamı nə zülm çəkdiklərini bilir.

Ana səhifəBölgəAğstafa sakini: Kənd camaatının sayəsində müalicəyə gedə bilirik