Ağstafa rayon Prokurorluğunun önündə aksiya keçirildi


Öldürüldüyü bildirilən gəncin yaxınları işin rayon prokurorluğu tərəfindən düzgün araşdırılmadığını deyirlər

Ağstafa rayon sakini, 1983-cü il təvəllüdlü Tural Vaqif oğlu Hacıyev dünyasını dəyişib. Ailəsi onun Ağstafa rayon sakini Samir Əliyev tərəfindən öldürüldüyünü iddia edir.

Bu barədə mərhumun yaxınları Meydan TV-yə məlumat veriblər. Məlumata əsasən, hadisə noyabrın 13-də, axşam saatlarında baş verib:

“İyunda Samir maşınla Turalın küçədə dayanan maşınını vurmuşdu. Ola bilsin bilməyərəkdən olmuşdu. Çünki o vaxta qədər onların arasında hər hansı narazılıq olmayıb. Noyabrın 13-də isə Tural axşam saat 8 radələrində evə gəlib. 20:22-də onun telefonuna zəng gəlib və evdən çıxıb. Qapıya çıxarkən maşına otuzdurub aparıblar. Küt alətlə başına bir neçə zərbə vurulub. Öldükdən sonra isə Ağstafa rayon Xəstəxanasına aparılıb və avtoqəzaya düşdüyü bildirilib”.

Yaxınları deyir ki, hadisənin Samir Əliyev tərəfindən törədildiyini desələr də, rayon prokurorluğu lazımi addım atmır: “Samir Əliyev əvvəllər də bir neçə dəfə məhkum olunub. Amma rayon prokurorluğu işi düzgün araşdırmır. Ona görə də biz yığışıb getdik Ağstafa rayon Prokurorluğunun önünə. Tələb etdik ki, iş araşdırılsın, ya da prokuror istefa versin”.

Hadisəni törətməkdə şübhəli bilinən Samir Əliyevin və daha bir nəfərin saxlanıldığı bildirilir.

Ağstafa rayon Prokurorluğunun önündə keçirilən aksiyanın görüntüləri də Meydan TV-yə təqdim olunub. Görüntülərdən bəlli olur ki, aksiyaçılar hadisəni 3 nəfərin törətdiyini, hər üçünün də həbs olunmasını tələb ediblər.

Ağstafa rayon prokuroru aksiyaçılara açıqlama verib: “Zərərçəkənin anası və yaxın qohumları ilə söhbət etdik. Cinayət törətmiş iki şəxsin kimliyi bəlli olub. Üçüncü şəxs ətrafında da istintaq-əməliyyat tədbirləri aparılır. Bu işdə kimin əli varsa, məsuliyyətə cəlb ediləcək. Valideynlərinə də söz verilib, hadisəni törədənlərə ən ağır cəza veriləcək”.

Bununla belə, aksiyaçılar işin Astafa rayon Prokurorluğundan alınıb Bakıya verilməsini tələb edirlər. Onlar həmçinin cinayəti törədənlərin ailəsinin rayondan sürgün olunmasını da istəyiblər.

İş günü olmadığından Baş Prokurorluğun mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəVideoAğstafa rayon Prokurorluğunun önündə aksiya keçirildi