Ağrıların ət maşını

Müharibə və sənətə dair…

Source:

Əsrlər bir-birini əvəz edir,yeni cərəyanlar yaranır, müharibələr başlayır və bu hadisələr öz təsirini sənət sahələrinə, xüsusən də ədəbiyyata göstərmədən keçmir. Bu müharibələrin və zamanın ağrıları ədəbiyyata bəzən elə təsir göstərir ki, bir ölkə ədəbiyyatının məhv olması digər ölkə ədəbiyyatının isə inkişafa doğru irəliləməsinə gətirib çıxarır. Bəzən isə bunlar hətta vaxtı ilə əks cəbhələrdə vuruşmuş dövlətlər olurlar. Mövzusunu açacağım ölkələr isə Almaniya və Rusiyadır. 20-21-ci əsrlər arasında hər iki ölkə ədəbiyyatının necə dəyişikliyə uğradığı isə göz önündədir.

Almaniya və Rusiya. Birinci və Ikinci Dünya Müharibələrində hər iki ölkə bir-birlərinə qarşı cəbhələrdə yer almışdılar. Bu iki müharibəyə dünyanın ən güclü dövlətləri qoşulmuşdu. Birinci Dünya Müharibəsində Rusiya, Fransa və İngiltərə ilə birlikdə “Antanta” birliyində, Almaniya isə Avstriya-Macarıstanla birlikdə “Üçlər ittifaqı”ında vuruşurdu. İkinci Dünya Müharibəsində də əks cəbhələrdə vuruşan bu iki dövlət arasından Rusiya hər iki müharibədə qalib, Almaniya isə məğlub tərəf kimi ayrılmışdı.

Müharibədən sonrakı illərdə Rusiya, (yəni o vaxt SSRİ-nin tərkibindəki Rusiya) çox itki versə də, böyük həvəs və ümidlərlə yaşayırdı. Bu həyat tərzi onların filmlərinə və ədəbiyyatına da təsir etmişdi. Misal olaraq onu deyə bilərəm ki, hazırki dövrə qədər Rusiyada müharibədən qələbə ruhlu filmlər çəkilir. Amma Almaniya və bir neçə qərb ölkəsi isə məğlub tərəf olduğundan həmin dövlətlər dağınıq və qarışıq bir ölkə kimi yaddaşlarda qalmışdı. Bu ölkələrdə insanların yaşayış tərzi həyat fəlsəfələri neqativ notlar və pessimizmlə yüklənmişdi. Lakin ədəbiyyat və sənətin inkişafı bu ölkələrdə əksinə olaraq inkişafa başladı. 20-ci əsrdən sonra dünya fəlsəfəsinə yeni cərəyan və fikirlər gəldi.

Bunlardan biri ekzistensializm fəlsəfəsi idi. Eksiztensializm birbaşa olaraq pessimist düşüncələrlə bağlı idi və insan həyatının tarixi fəlakətlər və dağınıqlıq qarşısında yaşamını əks etdirirdi. Avropa, xüsusilə də, Alman ədəbiyyatı bu dağınıqlıqdan istifadə etməyi bacardı. 20-ci əsrdə burada Erix Mariya Remark, Henrix Böll, Günter Qrass, Tomas Mann, Herman Hesse və s. kimi yazıçılar yaşadı və dünya ədəbi mühitini öz əsərləri ilə necə deyərlər “silkələdilər”.

Bundan əlavə bu illərdə Avropada “Absurd teatr” deyilən deyim də yaranmışdı. Bu anlayış gözümüzün öyrəşdiyi klassik pyeslərdən fərqli olaraq sujetdəki ardıcıllığın inkar edilməsi və qarışıq xətti ilə davam edirdi. Cəmiyyətin II Dünya müharibəsindən sonra düşdüyü boşluqda, boş cəhdlərin, nəyinsə yaxşıya doğru dəyişəcəyini gözləmələrin nəticəsindən doğan mühitdə yarandı. İnsanların bir-birilə əlaqələri kəsilmiş, doğmalıq itmiş və süni əlaqələr yaranmışdı. Absurd pyeslərin yaradıcısı isə məşhur rumın dramaturq Ejen İonesko olmuşdur. Həmçinin 1969-cu il ədəbiyyat üzrə Nobel mükafatçısı Samuel Bekket də bu növ pyeslərin yazarı olmuşdur.

İndi isə Rusiyanın keçdiyi yola nəzər salaq.

Rusiya ədəbiyyatının kökləri 11-ci əsrdən bu yana davam edir. Dünya ədəbiyyatına çıxışı 17-18-ci əsrdən sonra başlanan rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən həmin dövrdə yaşamış sentimental cərəyanın nümayəndəsi Karamzin idi. Daha sonrakı illərdə romantizm dövrünün təmsilçilərindən Puşkin, və realist dövrün nümayəndələrindən Çexov, Qoqol, Dostoyevski, Tolstoy və digər yazıçı və şairlər rus ədəbiyyatını dünyaya tanıtmışdılar. Lakin yuxarıda qeyd etdiyim kimi, 20-ci əsr başladıqdan sonra bu ədəbiyyat bir növ öz süqut dövrünü yaşayır. Bu dövrdə Rusiya ədəbiyyatından çox az yazarın adını çəkmək olar ki, öz əsərləri ilə sələflərinin uğurlu yolunu davam etdirsinlər. Məsələn, bunlardan Bulqakov, Nabokov, İvan Bunin, Şoloxov və s. adını çəkmək olar. Bundan əlavə Alman ədəbiyyatında 1900-cü illərdə 13 ədəbiyyatçı “Ədəbiyyat üzrə Nobel mükafatı”na layiq görülmüşdüsə də, Rusiyada bu rəqəm 5 idi. Müharibədə Almaniyanın məğlub olmasına baxmayaraq, müharibənin dəhşətlərini mükəmməlliklə əks etdirən yazıçlar qərblilər olmuşdular.

Bütün bu baş verən hadisələr,bu dəhşətlərin ədəbiyyata göstərdiyi təsir bir “ət maşınına” bənzəyirdi. Ağrılar bu maşının içinə düşür, yazıçılar isə bu hadisələri əzirdilər və gələcəkdə dünya klassikasına çevriləcək əsərlər çıxarırdılar.

Təbii ki, buradan bu nəticəyə gəlmək olardı : “Sənət pafoslu qələbə əsərlərini yox, insanların acısını, müharibələrin iyrəncliklərini görməyi sevir”.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəAğrıların ət maşını