Artıq həftələrdir sosial şəbəkələrdə uşaqpulunun bərpa edilməsi barədə çağırışlar görürəm.
Ara-sıra hökumətdəkilərin. Müstəqil və qeyri-müstəqil ekpertlərin mövzu ilə bağlı açıqlamalarından, rəylərindən, təkliflərindən ibarət paylaşımlar çıxır qarşıma; gizlətməyəcəm: heç birini tıklayıb oxumuram.
Sadə azərbaycanlının uşaqpulu tələbini hardasa anlayıram. Ölkədə sosial durum hər kəsə məlumdur, məmləkət aclıq, işsizlik girdabında çapalayır. İnsanlar qəpik-quruşa belə ehtiyac duyurlar. Uşaqpuluna da boğulmaq üzrə olduqları yoxsulluqdan qurtulmaq üçün növbəti saman çöpü kimi baxırlar.
Osa bu “saman çöpləri”nin heç birinin bizim əbədi xilasımız olmadığını, heç vaxt da olmayacağını anlamaq zamanı çoxdan çatıb!
Heç biri dərdimizə dərman olası deyil: nə uşaqpulu, nə pensiyaların qəpik-quruş artımı, nə elə bu yaxınlarda olduğu kimi minimum əmək haqqının 250 manata qaldırılması…
Bütün dərdlərimizə dəva olacaq bircə şey var: ədalət!
Azərbaycanın da, azərbaycanlıların da üzü yalnız ədalətin təntənəsi sayəsində gülə bilər.
Pafoslu səslənir, başa düşürəm, ancaq ədalət bərqərar olmadan uşaqpuluna, pensiya artımına, canım sizə desin, ünvanlı sosial yardıma ümid edərək yaşamaq heç kimə yaxşı heç nə vəd eləmir. Bütün bu və bənzər addımlar uzaqbaşı “ağrıkəsici effekti” yarada bilər: bir müddət sonra təsiri keçəcək və ağrılar yenidən, bu dəfə daha kəskin, daha dözülməz şəkildə baş qaldıracaq.
Adi bir örnək: hər dəfə hansısa maaş, pensiya artımından ölkəni bahalaşmanın misli görünməmiş dalğası ağuşuna alır.
Hökumətdəkilər maaşlara, pensiyalara 3-5 manatlıq artımı cibimizdən ağlasığmaz qiymət artımları ilə çıxarırlar. Necə deyərlər, qaşıqla verdiklərini çömçə ilə geri alırlar.
Əmin olun, hətta səsinizi, çağırışlarınızı dinləyib uşaqpulunu bərpa etsələr belə, yenə də eyni tamaşanı izləyəcəyik. Dünən bazar-dükandan 3 qəpiyə aldığımız ertəsi gün üç qat artığına alacağıq.
Səbəb: ədalətsizlik! Ölkədə ədalətli rəqabət mühitinin olmaması!
Yalnız ədalət anlayışı üzərində inşa olunmuş bir idarəetmə mexanizmi insanları dövlətin əlinə baxmaqdan xilas edə, ona öz haqqını heç bir minnətsiz-filan qaytara bilər.
Bizim bizi idarə edənlərin, yaxud da idarə etdiklərini düşünənlərin mərhəmətinə yox, ədalətinə ehtiyacımız var. Onları ədalətli davranmağa yönəltməyin, məcbur etməyin yolu isə ölkənin taleyinə sahib çıxmaqdan, ölkənin taleyinin müəyyənləşməsində rol almağa çalışmaqdan keçir. Məsələn, ən azı, yalan və yaltaqlıq kampaniyalarına qoşulmamaqdan, doğruları söyləməkdən qorxmamaqdan keçir. Tamaşaçıdan vətəndaşa çevrilməkdən keçir, baş verənləri seyr etmək əvəzinə proseslərdə iştirak etməkdən keçir.
Unutmamaq laızmdır: ədalətsizlik – istənilən bədbəxtliyin, ədalət – bütün xoşbəxtliklərin təməlidir. Ədalətin olduğu yerdə sümürülməyəcəksiniz, sürünməyəcəksiniz, haqq etdiyiniz şeylər sizin üçün heç vaxt əlçatmaz görünməyəcək.
Ədalətin olduğu yerdə hansısa burnufırtıqlı məmur uşağı, “papanın gül balası” milyonlarla manatlıq qol saatı taxarkən siz uşaqlarınızla bağlı bütün ümidlərinizi beş-on manat uşaq puluna bağlamayacaqsınız.
Ədalətin olduğu yerdə kimsə xalqın pullarını oğurlamağa, çırpışdırmağa, yağmalamağa cürət etməyəcək, kimsə sizə öz rəiyyəti, öz muzduru, öz köləsi kimi baxmaq cəsarəti göstərməyəcək, çünki bunun hüquqi bir bədəlinin, qarşılığının, cəzasının olduğunu biləcək və sizinlə ona görə davranacaq.
Əks halda, hətta ən adi, elementar məişət arzularınız belə arzu olaraq qalacaq.
Xəyal etdiyiniz işıqlı, firavan həyat ən yaxşı yuxularınıza girəcək.
Qısası, əzizlərim, bu sadə həqiqətlərlə başınızı çox ağrıtymaq istəmirəm, dediyim odur ki, uşaqpulu heç vaxt, bəli-bəli, heç vaxt uşaqlarınızın üzünü güldürməyəcək.
Uşaqlarınızın üzü ancaq ədalətin bərqərar olması ilə gülə bilər.
Məndən bu qədər.
Bundan sonrasını yenə özünüz bilərsiniz…