Ağlın transseksuallığı, ya da miflərlə mif dağıtmaq

Ağlın cinsinin dəyişdirilməsi

Source:


I Yazı

Fəlsəfə ilə birlikdə şüur tarixinin, yunansayağı desək, “mitos”dan (mifdən) “loqos”a keçməsindən üzü bəri, “loqos”un kişi simvoluna çevrildiyini görürük. (Loqos – əski yunan dilində çoxmənalı söz olub, düşünmə, məntiq, ağıl, təlim, ölçü, dil və s. bu kimi mənalar bildirir). Beləliklə, bir zamanlar qadınların təmsil etdiyi və bütöv götürülən anlayışlar ikiyə bölündü: rasionallıq, ağıl, məntiq, zəka və s. kişi cinsində; irrasionallıq, duyğu, emosiya və s. qadın cinsində təsəvvür edilməyə başladı. Üstəlik, bu anlayışlara əxlaqi və dini kateqoriyalarla yanaşıldı: kişilərə aid olan yaxşı və ilahi, qadınlara aid olan isə pis və şeytani sayıldı. Bu hal təkcə simvollaşma ilə qalmadı, həm də sındırılmaz və sərt bir stereotipə də çevrildi. Qadın ağlının kişininki qədər ciddiyə alınmaması, alınanda da mənfi duyğularla qarışmış, qorxulu bir nəsnə sayılması hələ də bu günümüzün reallığıdır.

Min illər boyunca kişimərkəzli (androsentrist) dünyagörüş fərqli səbəblərdən legitimlik qazandıqca, qadınlar təfəkkürlə bağlı fəaliyyətlərdən uzaqlaşdırıldı; bunun ən bariz nümunəsi məktəb və mədrəsələrin qadınların üzünə bağlanması idi. Təkallahlı dinlərin gəlişi bu yönü təsdiq etməklə yanaşı həm də əsaslandırdı. Yeri gəlmişkən, son zamanlar din dəbinin cahillik qoxuyan tüğyanında, ölkəmizin cənub rayonlarında, eləcə də az qala teokratik rejimlə idarə olunmağa başlayan Bakı kəndlərində qız uşaqlarının təhsildən uzaqlaşdırılmaları məhz bu yönlə bağlıdır: elmli, təhsilli qadının gərəksiz və qorxulu sayılması. Eyni səbəblə türkdilli müsəlman ölkələrindən biri olan Türkmənistanda indi də savadsız qızın başlıq pulu savadlı qızın başlıq pulundan çoxdur.

Şüur tarixinin dərinliklərinə uğradıqca ilhamın, sezginin, fəhmin, vəhyin, ekstazın, eləcə də biliyin, müdrikliyin, zəkanın, rasionallığın, yazının, dilin yiyəsi kimi qadınları görürük. Bilirəm inandırıcı deyil, elə bu yazının məqsədi də cinsi dəyişdirilmiş, yəni, transseksuallaşdırılmış belə anlayışlarla bağlı gerçəkləri ortaya çıxarmaqdır. Mifik təsəvvürlərdə, paqan dinlərində, tapılmış arxeoloji qazıntılarda, qaya və divar rəsmlərində, qabartmalarda, heykəllərdə, tablet mətnlərində, dastanlarda, nağıllarda və s. bu deyilənlərlə bağlı minlərlə fakt gizlənməkdədir. Biz bu yazımızda miflərin köməyi ilə “kişilərin ağlı təmsil etməsi” mifini dağıtmağa çalışacağıq.

YAZI-QADIN

Arxaik insanlara görə ana-tanrılar təkcə dilin, yazının icad edicisi deyildilər, həm də tale, alın yazısı yazırdılar, insan ömrünün uzunluğunu təyin edirdilər. Təxminən 30 min il əvvəl toxuculuğun qadınlar tərəfindən kəşfindən sonra, insan ömrü ip kimi təsəvvür edilməyə başladı. Bu ömür ipinin əyirən, toxuyan, onun uzunluğunu müəyyən edən, nə zaman kəsilməsinə qərar verən ana-tanrılar idi. Məsələn, qədim Yunanıstanda onlara Moyralar deyirdilər.

Ömrün ip kimi təsəvvür edilməsinə bizdə də rast gəlmək olur. Birinin yaşayacağına ümidi ifadə etmək üçün “ipi Allahdan hələ üzülməyib” ifadəsi işlədirik. (İlkin variantı Allah deyil, ana-tanrı olub). Yarı yolda yolu tərk edən, vəfasız adamı “ipiqırıq” adlandırırıq. (Olsun ki, ilk vaxtlar bu sözü, ömrü yarıda qırılmış, vaxtsız ölən adam üçün işlədiblər). Birinin həyatı bizdən asılıdırsa, “ipi əlimdədir” deyirik. Taleyi ilə barışmayan, üsyankar bir adamı təsvir etmək istəyəndə “ipə-sapa yatmayan adam” ifadəsi işimizə yarayır.

Yazı kəşf olunduqdan sonra (bu kəşfi də qadınlara aid edənlər var) insan taleyinin, ip kimi toxunması ilə yanaşı, doğum ana-tanrıları tərəfindən çağanın alnına yazıldığına da inam yarandı. Bizim dildə bu inamın izi budur: “alın yazısı” ifadəsi. Əski türk nağıllarında da çağalara “alın yazısı” damğasını mamaça vurur.

Qədim şumer əfsanəsinə görə, ilk yaradıcı ana-tanrı Tiamat əri Absunun taleyini bir gil tabletə yazıb, onun boynuna keçirir. Yaxud, dünyanın ilk yazılı dastan qəhrəmanı sayılan Gilqamış doğulanda, mamaçası onun alnına alın yazısı damğası vurur.

M.Eleade “Şamanizm” kitabında Harva (Holmberg) adlı müəllifə söykənərək alın yazısı haqqında maraqlı məlumat verir: Ostyak xalqı inanırmış ki, yeddi qatlı bir dağın başında oturan ana-tanrı yeni doğulan körpələrin alın yazısını yeddi yarpaqlı bir ağaca yazır. M.Eleade bu inamın Batak xalqında da olduğunu deyir.

Tale və bəxt tanrıları qədim Yunanıstanda Tyche, qədim Romada Fortuna – qadın cinsində idilər.

Qadının ictimai statusu yer üzündə olduğu kimi, yer altında da yüksək dərəcədə idi: ana-tanrılar təkcə insanların bu dünyadakı həyatlarının necə olacağını yazmırdılar, öləndən sonra da onların o biri dünyada yazılı mühakiməsini aparırdılar. Məsələn, Şumer cənnətinin rəsmi yazılı qeydiyyatını aparan qadın idi (M.Stone). Qədim Misirdə isə ana-tanrı Maat əlindəki tüklə ölənlərin cənnətlik, yaxud cəhənnəmlik olacağını təyin edirdi.

Babil-Kassit mifində tanrılar anası Tiamat yazı tabletlərinin ilk yiyəsi kimi göstərilir. “Enuma Eliş” dastanında kişi tanrı Marduk Tiamatı öldürərək tabletlərə özü yiyələnir. Mütəxəssilərə görə, qadın tanrıların kişi tanrılara məğlubiyyətinin, təktanrıçılığın və allahın kişi cinsində təsəvvürünün kökü bu mifdən başlanır.

Tarixin başlanğıcı Şumerdə (S.N.Kramer) qadın tanrı Nidaba yazı tanrısı, arxitektorların tanrısı və məktəblərin qoruyucusu idi. Şumer məktəblərində uşaqlar yazı yazmağa onun adını çəkməklə başlayırdılar, islamdakı bismillah kimi. Nidabanın müqəddəs əşyaları arasında ayrıca ölçü ipi də var idi.

M.A.Murray ölçü ipi və qadın-tanrı əlaqəsinin qədim Misirdə də olduğunu yazır; qədim Misirdə ipi uzadaraq düzgün divar hörmək qaydalarını, “memarların tanrısı” Seşat tapıb. Seşat həm də yazı tanrısı idi. (Sonralar bu tanrı da transseksuallaşdırıldı, yəni onun cinsini dəyişdirib kişi tanrı Tod elədilər.) B.G.Walker-in fikrincə, bu qadın tanrı sayların, heroqliflərin, saxlanılan qeydlərin tanrısı idi. Onun “kitabların tanrısı”, “hörgü ölçüsünün tanrısı” kimi adları da olub.

Qədim məbədlərdə qeydiyyat işlərini aparmaq və yazı sənətini inkişaf etdirmək də qadınların vəzifəsi idi, belə qadınlar “naditu” adlanırdı (M.Stone).

DİL-NİTQ-QADIN

Qədim mifik-dini görüşlər bizə nitq və dilin yaranmasında qadınların necə rol oynamasını göstərir. Məsələn, qədim hindlilər nitq tanrısını qadın kimi təsəvvür edirdilər. Vak adlanan bu ana-tanrının adının mənası sanskrit dilində söz demək idi.

Kelt İrlandiyası miflərində də nitq tanrısı Brigiti qadın kimi görürük. O, eyni zamanda dilin qoruyucusu da sayılırdı.

Qədim hindlilər öyrənmə və müdrikliyin də qadınla bağlı olduğuna inanırdılar – ana-tanrı Sarasvatinin simasında.

AĞIL-QADIN

Qədim Misirdə qadın tanrı Seşat həm də müdriklik və ağıl tanrısı idi.

Qədim yunanlar da ağıl tanrısının qadın cinsində olduğunu düşünürdülər: Afina. İndi də Yunanıstanın paytaxtı bu qadın-tanrının adı ilə adlanır.

Afinanın anası ağıl və hikmət tanrısı Metis, atası Olimpin baş tanrısı Zevs idi. Metis Afinaya hamilə ikən, əri Zevs onu udmuşdu. Və Zevs Metisi udmaqla ondakı əsas qabiliyyətləri – ağıl və müdrikliyi – ələ keçirmişdi. Afina isə atasının başından doğulmuşdu. Doğa bilən kişini – Zevsin simasında görürük: kişi tanrılar ana-tanrıların təkcə ağıl və müdrikliklərini mənimsəmədilər!..

Yunanıstanda Afinanın oynadığı rolu, Romada Minerva oynayır. Onu bütün heykəl və rəsmlərdə müdrikllik simvolu bayquşla birgə görürük. Sonralar, daha dəqiq desək, Orta əsrlərin anti-qadın cəhənnəmində gözəl, cazibədar ağıl tanrıları – eybəcər, donqarbelli, uzun, kirli dırnaqlı, saçları pırtlaşıq, cır-cındır xarabalıq paltarı geyinmiş, ağzı qanlı cadugərlərə; bayquş isə qarğaya çevriləcək…

Avropanın ən qədim yerli xalqlarından olan Keltlərin ağıl və bilik ana-tanrısının adı Cerridwen idi.

Qədim Skandinaviya xalqlarında da ağlı təmsil edən, elə adının mənası da ağıl demək olan Snorta adlı qadın tanrı idi.

Yenə də Skandinaviya xalqlarının mifologiyasına görə, adının mənası and demək olan Vor-dan, hər şeyi bildiyinə görə heç bir sirr saxlamaq mümkün deyil.

Ötən məqalələrimin birində, etimoloji mənası bilikli, ağıllı, müdrik qadın, ya da peyğəmbər qadın demək olan bəzi sözlərin, sonralar patriarxallığın təzyiqiylə necə söyüşə çevrilməsindən yazmışdım. Bunlardan bəzilərini yenidən xatırlatmaq istəyirəm: Türkiyə türkcəsində: yosma, soytarı; ruscada: ведьмa; ingiliscədə: witch; irlandca: puthones; irvitcə: zonahm və s. Görün, öyüləcək olanı, necə söyüləcək olana çevirdilər.


(Ardı var)



Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAğlın transseksuallığı, ya da miflərlə mif dağıtmaq