Ağır sənayeyə 2,9 mlrd investisiya qoyuluşu tələb olunur

Rəşad Həsənov: ”Yatırımlar edilməzdən əvvəl istiqamətlər hərtərəfli öyrənilməlidir”

Source:


Rəşad Həsənov: ”Yatırımlar edilməzdən əvvəl istiqamətlər hərtərəfli öyrənilməlidir”


Azərbaycanda 2020-ci ilə qədər ağır sənaye və maşınqayırma sahəsində 1,56 mlrd. manat dəyərində ümumi daxili məhsulun (ÜDM) istehsal ediləcəyi, 7 700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair “Strateji Yol Xəritəsi”ndə bildirilir.

Sənədə əsasən, bunun üçün 2,9 mlrd. manat investisiya qoyuluşu tələb edilir.

“Strateji Yol Xəritəsi”ndə adıçəkilən sahənin inkişafı üçün 6 prioritet istiqamət müəyyən edilib. Bu, məhsuldarlığın və səmərəliliyin artırılması, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması, regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi, dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi, alternativ maliyyələşmə mexanizmlərinin təşviqi və təcrübənin ötürülməsidir.

Bunlardan ən vacibi və bu sahədə proqnozlaşdırılan ÜDM-in təxminən 64%-ni və yaxud 1 mlrd. manatlıq hissəsini təmin edəcək dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsidir. Bu istiqamətə bütün investisiyaların təxminən 69%-i və yaxud 2 mlrd. manatlıq hissəsi yönəldiləcək.

İqtisadçı Rəşad Həsənov Meydan TV-yə deyib ki, SSRİ zamanı Azərbaycanın ağır sənaye potensialı olsa da, müstəqillik qazandıqdan sonra bu imkamlardan heç cür istifadə olunmayıb:

“Mövcud potensial da məhv edildi. Amma müəyyən istiqamətlər üzrə addımlar atıldı. Xüsusilə neft sənayesində istifadə olunan avadanlıqların istehsalı, maşınqayırmada müəyyən hissələrin istehsalı var, Boru-Prokat Zavadu az da olsa fəaliyyət göstərir. Yaxud Gəncə Maşınqayırma Zavodunda xarici avtomobil istehsalçıları ilə birgə daxili tələbata yönəlmiş müəyyən məhsulların təminatını etmək mümkündür. Bu, xaricdən asılılığı müəyyən qədər azaltmaqla, valyuta axınını məhdudlaşdırır, həm də daxili tələbatın yerli imkanlar hesabına ödənilməsi, əlavə iş yerlərinin açılması, mövcud potensialın aktivləşdirərək hazır hala gətirilməsi istiqamətində müsbət işdir. Ancaq ümumi götürdükdə, Azərbaycanın geniş spektirli ağır sənayedə müqayisəli üstünlüyü yoxdur”.

Rəşad Həsənov foto sosial şəbəkə

Ayrılan vəsaitə gəlincə, R.Həsənov bildirib ki, ağır sənaye kapital tutumlu sənayedir. Nə qədər vəsait yatırılarsa, onu götürə biləcək, amma yatırımlar edilməzdən əvvəl istiqamətlər hərtərəfli öyrənilməlidir:

“Xüsusilə resurs ölkələrində məqsədsiz şəkildə irihəcmli, amma rəqabət qabiliyyəti aşağı səviyyəli qiymətləndirilən istiqamətlərdə kapital yatırılır ki, bu da son nəticədə vəsaitlərin səmərəsizliyinə, ya da kapitalın ölü yatırıma çevrilməsilə nəticələnir. Bu baxımdan ağır sənayedə risklər kifayət qədər yüksəkdir. Ona görə riskləri nəzərdə alıb ciddi şəkildə diqqətli olmalıyıq”.

Ana səhifəXəbərlərAğır sənayeyə 2,9 mlrd investisiya qoyuluşu tələb olunur