Ağır Atletika Federasiyasında yeni dopinq qalmaqalı

“Azərbaycanlı ağırlıqqaldıranların qara günləri bu idman növünün I Avropa Oyunlarının proqramına salınmamasından sonra başlayıb”

Source:


“Azərbaycanlı ağırlıqqaldıranların qara günləri bu idman növünün I Avropa Oyunlarının proqramına salınmamasından sonra başlayıb”

ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Silviya Angelovanın dopinq-testinin müsbət nəticə verməsinin ardınca daha iki ağır atletin qanında dopinq aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, dünya birinciliyində 62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristovdan götürülən tetsin A nümunəsi müsbət nəticə verib. 2 illik diskvalifikasiya müddəti ilin əvvəlində başa çatan Bolqarıstan əsilli olimpiya mükafatçısı B nümunəsi vermək məcburiyyətində qalıb. İkinci analiz də müsbət nəticələnərsə, idmançı podiumdan ömürlük uzaqlaşdırılacaq.

Mundialda 6-cı pilləni tutan Elxan Əliquluzadə də dopinqdə “ilişib”. 77 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən atletin istifadəsi qadağan olunan preparatdan yararlanması rəsmiləşərsə, o da karyerasını başa vurmaq məcburiyyətində qalacaq.

Ağır atletlərin qadağan olunmuş preparatlardan istifadə etməsi Azərbaycanın dünya çempionatında komanda hesabında tutduğu yerə də təsir edəcək. Belə ki, Azərbaycan yığması dünya çempionatının nəticəsinə əsasən 16-cı pilləni tutaraq, Braziliyada keçiriləcək olimpiadaya 4 lisenziyanı təmin etmişdi. Valentin Xristov yığmanın hesabına 23,  Elxan Əliquluzadə isə  20 xal qazandırmışdı. B nümunəsi müsbət nəticə verərsə, bu xallar yığmanın  hesabından silinəcək.

Bu, ağırlıqqaldırmada ilk belə qalmaqal deyil. Buna qədər 18-ə yaxın Azərbaycan idmançısı dopinq qəbul etməkdə ittham olunaraq, cəzalanıblar. 2014-cü ilin mart ayında Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən idmançıların əksəriyyəti dopinqdə “ilişmişdi”. Həmin vaxt yığma komanda tamamilə buraxılmışdı. Hətta Azərbaycan Ağır Atletika Federasiyasının da fəaliyyəti  iflic duruma düşmüşdü.

Bəs federasiyada nə baş verir? Doğrudanmı, Azərbaycanın ağırlıqqaldıranları “narkoman”dı? İdmançılar həqiqətənmi dopinq qəbul edirlər? Ümumiyyətlə, başqa ölkələrdə də belə hallar olurmu?

Hyustonda keçirlən dünya çempionatında azərbaycanlı idmançı dünya çempionu oldu. Ancaq Nicat Rəhimov bu çempionatda Azərbaycanın yox, Qazaxıstanın şərəfini qoruyurdu. Nicat Azərbaycanı 2014-cü ildə tərk etmişdi. Daha doğrusu, onu ölkədən qovmuşdular. Rəhimov həmin vaxt Azərbaycan yığmasının baş məşqçisi olan bolqar mütəxəssis Zlatan Vanevi də ittiham etmişdi. O, bildirmişdi ki, bolqar mütəxəssis idmançıları dopinq qəbul etməyə məcbur edir. Ancaq federasiya rəsmiləri Rəhimovun dediklərinə əhəmiyyət verməmiş, onu yığmadan uzaqlaşdırmışdılar. Nicat 2014-cü ilin fevral ayında, 21 yaşında Qazaxıstana getmişdi. Onun gedişindən təxminən bir ay sonra isə beynəlxalq federasiya Azərbaycan yığmasında kütləvi narkomanlıq aşkar etmiş, 18 idmançımız cəzalanmışdı. Bundan sonra bolqar mütəxəssis Zlatan Vanev də komandadan uzaqlaşdırıldı.

Nicat Rəhimov özünü Qazaxıstanda sübut edə bildi. Ancaq Azərbaycan yığmasında vəziyyət yenə də dəyişməyib. Yenə də idmançılarımızın qanında dopinq tapılır. Ümumiyyətlə, ağırlıqqaldırmada dopinqdən geniş istifadə olunur. Bu üsuldan demək olar ki, bütün ölkələr yararlanır. Adının açıqlanmasını istəməyən mütəxəssislərdən biri Meydan TV-yə deyib ki, bu hala beynəlxalq federasiya da göz yumur. Təbii ki, müəyyən maraqlar naminə. Bəs nədən Cahangir Əsgərovun rəhbərlik etdiyi federasiya beynəlxalq federasiya ilə dil tapa bilmir?

Axı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tomaş Ayanla həm Cahangir Əsgərovun, həm də Gənclər və İdman naziri Azad Rəhimovun münasibətləri yaxşı olub. Mütəxəssis deyir ki, azərbaycanlı ağırlıqqaldıranların qara günləri bu idman növünün I Avropa Oyunlarının proqramına salınmamasından sonra başlayıb: “Tomaş Ayan ağır atletikanın Avropa Oyunlarının proqramına salınmasına çox cəhd edib. O, bu məqsədlə Azərbaycana bir neçə dəfə səfər edib, hakimiyyət nümayəndələri ilə fikir mübadiləsi aparıb. Ancaq Azərbaycan ağır atletikanın Avropa Oyunlarının proqramına salınmasına razılıq verməyib. Azərbaycan rəsmilərinin erməni idmançılara görə ağır atletikaya qadağa qoyduğu da deyilir. Ermənistanda ağır atletika yuksək səviyyədə inkişaf edib. Erməni idmançılar Avropa çempionatının favoritlərindən sayılırlar. Ağır atletika Avropa Oyunlarının proqramına salınsaydı, erməni idmançıların qızıl medal qazanmaq şansı artacaqdı. Məhz bu məqamı nəzərə alan Azərbaycan hakimiyyəti ağır atletikaya qadağa qoyub. Bundan sonra isə idmançılarımızın qara günləri başlayıb. Sözü yerə salınan Tomaş Ayan qəzəbini Azərbaycan idmançılarının qanında qadağan olunmuş maddələrin aşkar edilməsilə soyudur. Azərbaycan  hakimiyyəti isə hələ də Ayanın könlünü ala bilmir.  Ala bilmədikcə də, Cahangir Əsgərovun federasiyası “narkoman” yığnağına dönür”.

Ana səhifəXəbərlərAğır Atletika Federasiyasında yeni dopinq qalmaqalı