AĞILLARI OLSAYDI…

Hakimiyyətimizin, təəssüf ki, səviyyəsi müasir və mürəkkəb dünyanın səviyyəsinə əsla uyğun gəlmir

Source: Meydan.tv

Azərbaycan mediasının bu informasiya müharibəsində uduzmasının ciddi və köklü səbəbləri var

Ermənistan və Azərbaycan arasında informasiya müharibəsi gedir. Bu, danılmaz həqiqətdir. Bu müharibədə Azərbaycan uduzur. Bu da, hakimiyyət etiraf etsə də, dansa da, acı həqiqətdir.

İnformasiya məkanının bizim münaqişəyə bilavasitə aid olan hissəsi rus mediasıdır. Bizim tərəfin uduzduğunu inkar edən hakimiyyət marallarına məsləhət görərdim ki, Rusiyanın federal kanallarında beyinləri yuyub formalaşdıran verilişlərdə iştirak edən erməni əsilli və erməni mövqeyini dəstəkləyən qeyri-erməni ekspertləri saysınlar və sonra dönüb bu qoşunun qarşısında tək canı ilə duran zavallı Fuad Abbasova baxsınlar. Hər şey bu müqayisədən aydın olar.

Bəli, rus media dünyası obyektiv jurnalistika meyarlarına əsla cavab vermir və daha çox təbliğat səciyyəsi daşıyır. Rus mediası Cənubi Qafqazı gəmirib didən münaqişələr barədə informasiyanı yalnız Rusiyanın yürütdüyü dağıdıcı imperialist siyasətini müdafiə bucağından işıqlandırır.

Burada nə demək olar? Zər onlarda, zor onlarda… Bu həqiqəti dərk etməklə biz etiraf etməliyik ki, mübarizənin xeyri yoxdur və Azərbaycan tərəfi daima məğlubiyyətə məhkumdur?

Lakin həmişə belə olmayıb. Birinci rus-çeçen müharibəsini rus mediası tək bir Mövladı Uduqovun idarə etdiyi zəif çeçen mediasına tam uduzmuşdu. Niyə? İki səbəbdən. Əvvəla, çeçen tərəfi gerçək həqiqəti çatdırmaqla məşğul idi. Saniyən, işini müasir “CNN” texnologiyası əsasında qurmuşdu.

Rus mediasına məsul şəxslər bu məğlubiyyətdən lazımi nəticələr çıxardılar və artıq ikinci rus-çeçen müharibəsi zamanı informasiya sahəsində də üstünlük əldə etdilər.

Bu üstün cəhətləri inkişaf etdirdilər və 2008-ci ildə Gürcüstana təcavüz zamanı da gürcü mediasına qalıb gəldilər. İş o yerə çatdı ki, Avropa təcavüz qurbanı Gürcüstanı… müharibəni başlamaqda ittiham etdi.

Bəs Azərbaycan mediası nə üçün uduzur? Ona görə ki, həqiqət bizim tərəfdə deyil? Əsla yox. Bizim medianı idarə edən adamlar media nədir bilmirlər və müasir texnologiyalardan istifadə etməyi bacarmırlar.

Azərbaycan mediasının bu informasiya müharibəsində uduzmasının ciddi və köklü səbəbləri var. Başlıcası odur ki, bütün dünyada jurnalistika – faktları, olan həqiqəti dəqiq peşə qaydaları və əxlaqı əsasında insanlara çatdırma peşəsidir. Əgər Azərbaycan mediası bu sadə həqiqəti dərk və qəbul etsəydi, öz işini bu meyarlar əsasında qursaydı, bizim qələbəmiz qaçılmaz olardı. Lakin Azərbaycan tərəfi belə etmir. Əvəzində nə edir?

Hakimiyyətimiz tərəfindən dəstəklənən Azərbaycan jurnalistikası Ramiz Mehdiyevin vətənimiz üçün öz beynində quraşdırdığı nataraz və eybəcər konstruksiya barədə saxta məlumat horralarını Prezident Aparatının təlimat və göstərişlərinə uyğun tərzdə əhaliyə və dünyaya yedizdirməyə cəhd edir.

Əhali və dünya bu horranı qəbul etmir və yemək istəmir. İstəmir və Azərbaycan informasiya müharibəsini uduzur. Uduzur və media sahəsinə məsul kötüklər bunu vecinə almır. Vecinə almır və informasiya müharibəsinə ayrılan nəhəng vəsaiti basıb yeyir.

Varlı və haqlı ölkənin informasiya müharibəsini uduzduğunu görən dünya bizə gülür, erməni tərəfi isə lağa qoyur. Nə yaxşı ki, xalqımız bunu eşitmir, görmür və anlamır. Anlamır və elə bilir ki, “hər şey qaydasındadır”.

Hərdən kimsə xaricdə nə isə deyir və gəlib qürrələnir ki, “Azərbaycan həqiqətlərini dünyaya çatdırdım”. Çatdırıb. Sadəcə dünyanın bundan xəbəri yoxdur.

Hakimiyyət üçün ölkə əhalisinə qarşı apardığı informasiya müharibəsi daha önəmlidir. Bizim sifarişli məhkəmələr xəbər saytlarını bloklayır, həqiqət yazan jurnalistləri cəzalandırır. Dünya onsuz da hakimiyyət marallarının işləklərindən xəbərdardır. Bilir kim xalqdan nə qədər oğurlayıb. Niyə də bilməsin? Pullar gəlib Qərb banklarında yatırılır, hamısının da mənbəyi neft-qaz və büdcə gəlirləridir…

Lakin hakimiyyət Qərbin bunu bilməsindən narahat deyil, belə pullar Qərbə hələlik xeyirdir. Hakimiyyət istəmir ki, xalqımız öz qəflət yuxusundan oyanıb anlasın ki, kasıblığının səbəbi onun tənbəlliyində və fərsizliyində deyil, daha çox hakimiyyətin əndazəsiz tamahında və vicdansızlığındadır. Bax buna görə medianı əzir, satın alır və bloklayır.

Bugünlərdə məzəli bir hadisə ilə rastlaşmışam: erməni xəbər saytı mənim Meydan TV-də getmiş bir tənqidi məqaləmi şəkillərlə müşayiət edib və tam oxuyub. Bundan sonra daha bir məqaləmdən bir hissə, yenə şəkillərlə, oxuyub. Mən anlayıram ki, bu, erməni təbliğatının, öz aləmində, Azərbaycana qarşı apardığı informasiya müharibəsinin fəndidir. Yəni, ay dünya, Azərbaycan hakimiyyəti barədə bu sözləri biz demirik ha, bu sözləri azərbaycanlı deyir…

Ola bilsin ki, bu fənd kimə isə, o qədər də arif olmayan adama, təsir etsin. Lakin arif adam soruşa bilər ki, “əgər Ermənistanda vəziyyət Azərbaycana nisbətən daha yaxşı idisə, bəs bu son velvet inqilabı vur-çatlasını nə üçün idi?”

Həqiqət ondan ibarətdir ki, Ermənistan və Azərbaycan hakimiyyətləri mahiyyət etibarilə “Hüseynova bacıları”dır, əkiz və eyni qurumlardır. İkisi də xalqlarını salıblar Qarabağ qəfəsinə və hamılıqla oturublar içində. Eyni avtoritarizm, eyni korrupsiya sxemləri, eyni siyasi mədəniyyət və xalqlara eyni bəd münasibət. Sadəcə Ermənistan öz forpost rolundan bəhrələnərək guya “qalib”dir.

Mən isə bizim tərəfin informasiya maralllarına demək istəyirəm: erməni tərəfi mənim Azərbaycan hakimiyyəti barədə tənqidi yazılarımı şəkillərlə verirlər və erməni tərəfinə deyirlər ki, “baxın, Azərbaycanda obyektiv həqiqəti deyən müəllif var”. Bəs bizim tərəf mənim Ermənistan hakimiyyəti barədə tənqidi yazılarımı nə üçün şəkillərlə müşayiət edib yaymır? Adımdan qorxurlar? Yoxsa ağıllarına gəlmir?

Onların ağıllarına, təəssüf ki, çox şey gəlmir. Çox şey bilmirlər, çox şeyi anlamırlar, onlar üçün həqiqətin meyarı gerçəklik deyil, dolllar, avro və müdirin sözüdür.

Hakimiyyətimizin, təəssüf ki, səviyyəsi müasir və mürəkkəb dünyanın səviyyəsinə əsla uyğun gəlmir. Gəlsə-gəlsə, bəlkə də, SSRİ-nin 1970-ci illərinin səviyyəsinə yaxınlaşır.

Bu səviyyə ilə yaşayan insan isə əbədi məğlubiyyətə məhkumdur.

Ana səhifəXəbərlərAĞILLARI OLSAYDI…