Agentura üçün 1 milyon manat xərclənib?

İlham İsmayıl: ”Hətta Amerikanın atom nəzəriyyəsi barədə informasiya sızdıran alimə o qədər pul verilməyib”

Source:


İlham İsmayıl: ”Hətta Amerikanın atom nəzəriyyəsi barədə informasiya sızdıran alimə o qədər pul verilməyib”

Mediada həbsdə olan MTN generallar Natəvan Mürvətova və Sübahir Qurbanovun ifadələri yayılıb.

Natəvan Mürvətovanın ifadəsində kimlərin dinlənilməsi barədə məqamlar yer alsa da, Sübahir Qurbanov agentlərə ayrılan xərclər haqda ifadə verib.

“Qafqazinfo”nun cinayət işinin materiallarına əsasən yaydığı nməlumata görə, S.Qurbanov 2013-cü ilin oktyabr ayında dəstə üzvləri Fizuli Əliyev və Natiq Alıyevin iştirakları ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə xüsusi xərclər üçün nəzərdə tutulmuş 1.000.000 manat məbləğində dövlət büdcə vəsaitlərinin keçmiş MTN-nin Maliyyə İdarəsinin kassasından alıb mənimsəməklə talamalarının yalan olduğunu söyləyib.

O, ifadəsində pul verdiyi agentlərin ləqəblərini və məbləği açıqlayıb:

“2013-cü ildə agentlərimizdən “Polad”a 150.000 manat, “Bankir”ə 150.000 manat, “Nefertiti”yə 100.000 manat, “Məmmədəli”yə 100.000 manat, “Əfqana”a 100.000 manat birdəfəlik pul mükafatının verilməsi məqsədilə Natiq Alıyevə, agent “Kolumb”a 100.000 manat birdəfəlik pul mükafatının verilməsi məqsədilə Elnur Həmidbəyliyə, agent “Vaqif”ə 100.000 manat birdəfəlik pul mükafatının verilməsi məqsədilə Emin İmaməliyevə, “Roman”a 100.000 manat, “Bankir”ə 100.000 manat birdəfəlik pul mükafatının verilməsi məqsədilə Fizuli Əliyevə qeyd olunan məbləğlərdə pulun kassadan alınmasına icazə verilməsinə dair sabiq nazir Eldar Mahmudovun adına raportlar, həmçinin pulların həmin agentlərə verilməsi üçün istifadə edilməsinə dair müvafiq olaraq adıçəkilən MTN əməkdaşlarına icazə arayışı vermişəm. Həmin pulların harada və necə istifadə edilməsi barədə əlavə dəqiq məlumatım yoxdur”.

Sabiq MTN zabiti İlham İsmayıl bu barədə Meydan TV-yə danışarkən bildirib ki, ümumiyyətlə, Sübahir Qurbanovun nəinki adları, ləqəbləri açıqlaması qanunsuzdur:

“Çünki rütbəsindən, vəzifəsindən asılı olmayaraq xüsusi xidmət orqanına işə götürülən adam orda istefaya gedərkən, yaxud işdən çıxarkən bu barədə danışmayacağı haqda iltizam yazır. Düzdür, Qurbanov dırnaqarasında ləqəbləri deyib, adlar çəkməyib, amma bu, sirrin açılması deməkdir”.

İlham İsmayıl göstərilən pulların şişirdildiyini düşünür:

“Heç vaxt agenturaya göstərilən vəsait ayrılmır. Hətta SSRİ zamanı Amerikanın atom nəzəriyyəsi barədə informasiya sızdıran alimə o qədər pul verilməyib. Bu qədər vəsait kəşfiyyatda işlənə bilər, amma belə məbləğdə yox. O, hansı qiymətli agentdir ki, 100, 150 min manat verilib? Məgər, onlar Qarabağ məsələsini həll edib ki, bu qədər pul alıblar? Həm də bütün agentlər pulla işləmirlər, ideya və vətənpərvərlik əsasında işləyirlər. Birmənalı şəkildə bu məsələdə mənimsəmə olduğunu düşünürəm. Ümumiyyətlə, istintaq həmin adamları gizli formada çağırıb araşdırsın ki, Qurbanovun dedikləri doğrudurmu? Əks təqdirdə, agentlərə bu qədər məbləğin verilməsi inandırıcı deyil”.

Ana səhifəXəbərlərAgentura üçün 1 milyon manat xərclənib?