“Sağ əlinin baş barmağında hissiyyat yoxdur, tərpədə bilmir”
Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü, avqustun 31-də həbs olunan Ağəli Yəhyayevin ailə üzvləri onun işgəncəyə məruz qaldığını deyir. Bu barədə məlumat verən bacısı Elnarə Paşayeva Meydan TV-yə bildirib ki, bir həftə keçməsinə baxmayaraq, hələ də qardaşının bədənində işgəncə izləri qalır. Onun sözlərinə görə, qardaşına işgəncə verməklə kifayətlənməyib, həm də beyzbol bitasıyla zorlamaqla hədələyiblər. Bundan sonra o, özünə aidiyyəti olmayan narkotiki üzərinə götürməyə məcbur olub.
Ağəli Yəhyayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, onun cibindən narkotik tapılıb.
Bacısının dediyinə görə, sentyabrın 6-da Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında onlarla görüşdə özü başına gələnləri danışıb. Deyib ki, avqustun 31-də axşam saat 19 radələrində Mehdiabad qəsəbəsi ərazisində maşınla gedərkən onu polislər saxlayıb:
“O düşüb polis maşınına yaxınlaşan kimi, ətrafda olan, bir neçə maşınla gəlmiş 10 nəfərə yaxın mülki geyimli onu tutub aparıb. Onu hara aparacaqlarını əvvəl bilməyiblər. Ona görə 1 saata yaxın maşınla fırlanıblar. Sonra Mehdiabad polis bölməsinə gətiriblər. Ələkbər adlı polkovnik və digərləri 2 saata yaxın onu razı salmağa çalışıb ki, narkotiki boynuna götürsün. Razılaşmayanda əllərini qandalla kabinetdəki stulun arxasına bağlayıblar. O biri stulun arasından ayaqlarını çıxarıb, dəyənəklə ayaqlarının altına vurublar. Ayaqları şişib. Üzünə, başına yumruqla çoxsaylı zərbələr vurublar. Çiyni indi də gömgöydür. Sağ əlinin baş barmağında hissiyyat yoxdur, tərpədə bilmir. Həmin o Ələkbər adlı polkovnik deyirmiş ki, əmr var, narkotiki boynuna götürməlisən, işin casusluğa qədər böyüyə bilər”.
Elnarə Paşayevanın sözlərinə görə, işgəncələr sentyabrın 1-nə keçən gecə saat 3-ə qədər davam edib. Zorakılıqlara baxmayaraq, Ağəli Yəhyayev narkotik ittihamını üzərinə götürmək istəməyib. Bacısı deyir ki, təcavüzlə hədələnəndə artıq dözə bilməyib:
“Bu murdar işi edəcəklərilə hədələnəndə taqətdən düşmüş qardaşım, törətmədiyi cinayətə imza etməyə razılaşıb...”.
Ağəli Yəhyayev avqustun 31-də axşam saatlarında saxlansa da, onun ailə üzvlərinə bu barədə məlumat verilməyib. Onun yaxınları, həmçinin vəkilləri bir sutka Daxili İşlər Nazirliyinin “102” xidməti, Ombudsman Aparatı, polis idarələri və s. qurumlar vasitəsilə onun yerini öyrənməyə çalışıblar. Yalnız həyat yoldaşı onun itkin düşməsi barədə ərizə yazmaq üçün Abşeron rayon Polis İdarəsinə gedəndə öyrənib ki, Ağəli Yəhyayev barəsində cinayət işi başlanıb və həbs olunub.
Vəkil Zibeydə Sadıqova deyir ki, həmin bir sutka ərzində o, Abşeron rayon Polis İdarəsinə azı 5 dəfə zəng etmişdi, Ağəli Yəhyayevi axtarmışdı: “Hər dəfə mənə demişdilər ki, bu adam bizdə saxlanılmır…”.
Elnarə Paşayeva deyir ki, inanclılara qarşı repressiyaların qardaşına da gəlib çatacağı günü gözləyirdilər. O yada salıb ki, Ağəli Yəhyayev bundan əvvəl də siyasi motivlərlə iki dəfə uzunmüddətli, iki dəfə də inzibati həbsdə olub. Ümumilikdə 10 il 2 ay həbs həyatı yaşayıb. Onun uzunmüddətli həbslərindən biri 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı olub:
“Qardaşım keçmiş siyasi məhbus və icimai fəaldır. Ağəli heç kimdən artıq deyil. Həbs olunacağını da çoxdan gözləyirdik. Hətta özü zarafata deyirdi ki, “məni bu dəfə həbs eləməyəcəklər, birdəfəlik öldürəcəklər…”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti işgəncə iddialarını təkzib edib. Bu barədə səslənən fikirlərin heç bir əsası olmadığı bildirilib.
Ağəli Yəhyayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsinin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.