Ağdamın Musiqi Kollecinin direktoruna qarşı ittiham irəli sürülüb

Ağdam Musiqi Kolleci. Foto: APA

Rəfail Musayev külli miqdarda rüşvət almaqda şübhəli bilinir

Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Musiqi Kollecində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyatın detalları açıqlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, yanvarın 10-da keçirilən əməliyyat nəticəsində musiqi kollecinin direktoru Rəfail Musayev saxlanılıb.

“Kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluqdan bildirilib.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Rəfail Musayevə qarşı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Lakin o, həbs olunmayıb. Onun barəsində istintaq dövrü üçün ev dustaqlığı qətimkan tədbiri seçilib.

Rəfail Musayevin bu ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Ana səhifəBölgəAğdamın Musiqi Kollecinin direktoruna qarşı ittiham irəli sürülüb