Müdafiə Nazirliyi: Ağdərədəki Madagiz yüksəkliyi işğaldan azad edilib (Yenilənir)

Tərəflərin heç biri ordusundakı itki sayını açıqlamır.

Source: Архив


16.43.


Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutur.


Soğanverdilər kənd sakini Meydan TV-yə məlumatı təsdiqləyib:


“Mərmi kəndin kənarına düşüb, xəsarət alan yoxdur. Bu, kəndə ilk mərmi atışı deyil. Bundan əvvəl də atmışdılar".

***


14.49.


“Ermənistan xarici jurnalistləri müxtəlif adlarla dəvət edərək Dağlıq Qarabağa aparır, onları hədəfə çevirməyə çalışır”.


Bu açıqlamanı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 2-də keçirdiyi brifinqdə səsləndirib.


H. Hacıyev işğal altında olan Azərbaycan ərazilərinə səfər edən xarici jurnalistlərə yenidən çağırış edib:


“Bir daha xarici jurnalistləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırırıq. Azərbaycanın razılığı olmadan həmin ərazilərə səfər etmək qeyri-qanuni sayılır. Həmin ərazilər işğal olduğu üçün Azərbaycan həmin ərazilərdəki jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil. Bu məsuliyyət Ermənistanın və oyuncaq rejimin üzərinə düşür. Həmin jurnalistlər məqsədli şəkildə atəş nöqtələrinin yaxınlığına gətirilir”.

***


14.15.


Müdafiə Nazirliyi: Şəmkirin kəndi atəşə tutulub


Atəşə tutulan ərazi münaqişə zonası deyil


Oktyabrın 2-də saat Ermənistan ərazisindən Şəmkirin Sabirkənd, işğal olunmuş Azərbaycan ərazilərindən isə Ağdamın Quzanlı yaşayış məntəqələri raket atəşinə tutulub.


Məlumatı Müdafiə Nazirliyi yayıb.


Eyni zamanda Sabirkənd sakinləri Meydan TV-yə bildiriblər ki, onların kəndinə 12:30-da atəş açılıb. Raketlər kəndin 4-5 yerinə düşüb:


“Yer-göy silkələndi. Qara duman qalxdı göyə. Xoşbəxtlikdən düşən raketlər kəndin ayağındakı əkin sahələrinə enib. Biri də gəlib dəmir yolu ilə asvaltın ortasına düşüb. Nə yaxşı ki, həmin vaxt yoldan avtomobil keçməyib”.


Sakinlər bildirirlər ki, onların rayonu, kəndi münaqişə zonasına daxil deyil. Bu, birbaşa dinc əhalini qırmaq cəhdidir və doğru etmirlər:


“Bura işğal olunmuş Azərbaycan ərazisindən çox uzaqdır, bizim rayon münaqişə zonası da deyil. Yəni o bombalar kəndə səhvən gəlib düşmüş ola bilməz”.


Şəmkir sakini Səbuhi Hüseynov da sosial şəbəkələrdə 1 saat əvvəl Şəmkirdə baş verən partlayışdan yazıb. Deyir, hazırda hər şey qaydasındadır və tələfat yoxdur:


“Bayaq eşitdiyimiz səsin də nə olduğunu bilirik. Ermənistanın Şəmkiri vurmağı lap həyasızlıqdır”.


Ermənistan mətbuatı bu barədə məlumat paylaşmayıb.

***


Müdafiə Nazirliyi: Ağdərədəki Madagiz yüksəkliyi işğaldan azad edilib


Azərbaycan ordusunun Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri işğaldan azad etdiyi bildirilir. Müdafiə Nazirliyinin oktyabrın 2-də yaydığı məlumata görə, bu məntəqə nəzarətdə saxlanılır.


Nazirlik bildirir ki, Cəbrayıl-Füzuli istiqamətində Azərbaycan ordusunun qoşunları qarşı tərəfin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.


Məlumatda o da qeyd olunur ki, Murov dağı istiqamətində də əməliyyat şəraiti Azərbaycan qoşunlarının nəzarəti altındadır.

***

Oktyabrın 2-də səhər saatlarında Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri intensiv artilleriya atəşinə tutulub. Müdafiə Nazirliyinin yaydığı məlumatlara görə mülki əhali arasında ölən və yaralananlar var.

Nazirlik bildirir ki, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Sentyabrın 27-də cəbhə xəttində atəşkəs pozulub. Azərbaycan və Ermənistan hərbi birləşmələrinin təmas xəttində müharibə başlayıb. Azərbaycan tərəfi Füzuli rayonunun bir neçə kəndini və yüksəklikləri işğaldan azad etdiyini deyir. Tərəflərin heç biri ordusundakı itki sayını açıqlamır. Mülki şəxslər arasında da ölənlər və yaralananlar var.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Ağdərədəki Madagiz yüksəkliyi işğaldan azad edilib (Yenilənir)