O, ərazidə minanın olmadığını, sadəcə, pul silindiyini deyir, prokurorluq razılaşmır
Bu günlərdə sosial şəbəkələrdə Ağdamın Baş Qərvənd kəndindən çəkildiyi iddia olunan video yayılıb.
Videonu çəkən şəxs nişanları göstərərək bildirir ki, əslində, həmin ərazidə minalar yoxdur.
Amma minaların təmizlənməsiylə məşğul olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyinin göstərişiylə ora minalanmış ərazi kimi göstərilib.
Onun sözlərinə görə, bu məqsədlə ora yararsız minalar yerləşdirilib, ərazinin təhlükəli olduğunu göstərmək üçün nişanlar qoyulub.
Videonun müəllifi iddia edir ki, bu üsulla daha çox ərazinin minadan təmizlənməsi görüntüsü yaradılır və nəticədə yeyintiyə yol verilir.
Prokurorluq sözügedən videonu çəkib yayan şəxslə bağlı araşdırma aparıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, videonun müəllifinin 1999-cu il təvəllüdlü Emin Nəcəfzadə olduğu müəyyənləşdirilib.
Tərtər Rayon Prokurorluğuna çağırılan Emin Nəcəfzadəyə orada xəbərdarlıq edilib.
Prokurorluğun məlumatında iddia olunur ki, Emin Nəcəfzadə Beynəlxalq Avrasiya Mətbuat Fondunun keçmiş əməkdaşıdır.
Bildirilir ki, o, keçmiş iş yerinə qarşı qərəzinə görə əsassız məlumat yayıb.
“Beynəlxalq Avrasiya Mətbuat Fondu həmin ərazilərdə minatəmizləmə işlərində iştirak etməyib. O ərazidə səlahiyyətli dövlət orqanları tərəfindən minatəmizləmə işləri həyata keçirilib”, – Baş Prokurorluğun məlumatında belə yazılıb.
Emin Nəcəfzadənin prokurorluğa çağırılması və ona xəbərdarlıq olunması isə belə əsaslandırılıb ki, onun səsləndirdiyi iddialar əhalinin təhlükəsizliyinin təmin olunmasına kölgə salıb, cəmiyyətdə ciddi narahatlığa və təşvişə səbəb olub.