Yalnız 7 yaşlı uşaq heç bir xəsarət almayıb
Martın 16-da Ağdam rayonunda 6 nəfər minaya düşüb. “Report”un xəbərinə görə, hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.
Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Akif Muxtar oğlu Hüseynov, onun üç oğlu – 1982-ci il təvəllüdlü Anar Hüseynov, 1987-ci il təvəllüdlü Bayram Hüseynov və 1979-cu il təvəllüdlü Razi Hüseynov, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseyn Razi oğlu Hüseynov, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Abdullayev minaya düşüb.
Nəticədə Razi Hüseynov ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri – Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.
Hadisə nəticəsində 7 yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.