Bəxtiyar Abbasov xəstəxanaya yerləşdirilib
Martın 3-də Ağdamın Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Bəxtiyar Abbasovun minaya düşdüyü bildirilir.
Məlumatı Minatəmizləmə Agentliyi (ANAMA) yayıb.
Bildirilir ki, Ağdam sakini Abbasov Bəxtiyar keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə minaya düşüb.
O, partlayış nəticəsində hər iki ayağından xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Fevralın 9-da Baş Prokurorluq müharibədən sonra minaya düşənlərlə bağlı məlumat yayıb.
Qurumun açıqlamasına görə, 10 noyabr 2020-ci ildən hazırkı vaxtadək 74 nəfər minaya düşüb.
Onlardan 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumatda qeyd olunur ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.