Ağdərə sakini minaya düşüb, vəziyyəti ağırdır

Mina. Foto: ANAMA

Bu gün, dekabrın 3-də Ağdərənin Şıxarx qəsəbə sakini Nazim Pənahəliyev mal-qara otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşərək, sağ ayağından xəsarət alıb.

Bu barədə Azərbaycan Ərzailərini Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yaralı Bərdə Diaqnostika Mərkəzinə aparılıb və sağ baldırının aşağı hissəsi amputasiya edilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycanın rəsmi qurumlarının məlumatına görə, İkinci Qarabağ müharibəsindən sonra 70 nəfər minaya düşərək həlak olub, 300 nəfər isə müxtəlif xəsarətlər alıb.

Azərbaycanla Ermənistan arasında münaqişə 1988-ci ildən başlayıb. Daha sonra uzunmüddətli atəşkəs olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayıb və Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirərək əraziyə nəzarəti tam bərpa edib.

 2025-ci ilin avqustunda Vaşinqtnoda Ermənistan və Azərbaycanın dövlət başçılarının görüşü ilə sülh müqaviləsi paraflanıb.

Ana səhifəSosialAğdərə sakini minaya düşüb, vəziyyəti ağırdır