Ağciyər Xəstəlikləri İnstitutunda yenə ölüm faktı

Son 1 ayda ölənlərin sayı 9-a çatıb

Səhiyyə Nazirliyi, Foto: Meydan TV


Son 1 ayda ölənlərin sayı 9-a çatıb

Fevralın 2-də səhərə yaxın Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir nəfər vəfat edib. Adı açıqlanmayan 1983-cü il təvəllüdlü Quba rayon sakini yanvarın 17-də institutun reanimasiya şöbəsinə yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat

təsdiqlənib

.

Ona Ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, Boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Məlumatda deyilir ki, həkimlərin bütün səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, ağciyər-ürək çatışmazlığından həyatını itirib.

Bununla Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son 1 ay ərzində ölənlərin sayı 9-a çatıb. Bu, yalnız mətbuatda yayılmş məlumatlardır.

Bundan əvvəl 43 yaşlı Şamaxı rayon sakininə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub.

Meydan TV-yə verilən məlumata görə, hazırda xəstəxananın reanimasiya şöbəsində 4 nəfər müalicə olunur.

Xəstəxanada son 1 ayda bir-birinin ardınca baş verən ölüm faktları həkim çatışmazlığı ilə əlaqələndirilir. İctimai vəkil Samir Zeynalov bildirib ki, ölüm faktının səbəbi xəstəxanada həkim-reanimatoloqun olmamasıdır. Həkim olmadığından xəstələrə lazımi tibbi yardım göstərilmir. Vəkilin dediklərini institutun baş həkimi İman Rzayev də təsdiqləyib. Bildirib ki, həkim reanimatoloqun olmaması Səhiyyə Nazirliyinə, eləcə də, xəstəxananın tabe olduğu TƏBİB-ə bəllidir. Hazırda həkim-reanimatoloq üzrə 6 mütəxəssisə ehtiyac var. Reanimasiya şöbəsinin rəhbəri ağır ürək əməliyyatı keçirib, işə çıxsa belə, fiziki imkanı ağır xəstələrlə işləməyə imkan verməyəcək.

İddialardan biri də xəstəxanada natəmizliyin hökm sürməsidir. 1961-ci ildə istifadəyə verilən xəstəxananın sonuncu dəfə nə vaxt əsaslı təmir edildiyi bəlli deyil.

Meydan TV-nin əməkdaşı xəstəxanada olub. Adının açıqlanmasını istəməyən institut əməkdaşı deyib ki, sanitar qovşaqlar son 1-2 ildə kosmetik təmir olunub, palatalara su çəkilib. Amma xəstələr isti sudan istifadə edə bilmirlər.

Adının açıqlanmasını istəməyən həkim deyib ki, vərəm xəstəliyi digər xəstəliklərdən fərqlidir. Bu xəstəlikdən əziyyət çəkənlərdə qəribə eqoistlik olur, görünür bu psixoloji səbəbdəndir. Xəstə tez-tez yerə tüpürür, bəzən başqasının yoluxdurmaqdan çəkinmir. Buna görə də xüsusilə ağır xəstələrin müalicə aldığı palatalarda isti su olmalı, qapı-pəncərələr, çarpayılar və xəstələrin istifadə etdiyi digər əşyalar sterilizasiya olunmalıdır. Amma xəstəxanada müəyyən otaqlara isti su verilir.

Adını açıqlamaqdan çəkinən bir şöbə müdiri isə deyib ki, institutun vəziyyəti təhlil edilib. Müəyyən edilib ki, bəzi şöbələr tamamilə sökülüb yenidən tikilməlidir. Buna görə də xəstəxanaya yeni bina ayrılması məsələsi də təxminən 2-3 il bundan qabaq təklif kimi irəli sürülüb. Lakin icbari tibbi sığorta məsələsi ortaya atıldığından əsaslı təmir və xəstəxananın köçürülməsi məsələsi kölgədə qalıb.

Verilən məlumatda o da deyilir ki, ölüm hadisələri ilə bağlı araşdırma aparılır. “TƏBİB-in nümayəndələri xəstəxanada oldu, şöbələrə, palatalara baxdılar. Eyni zamanda xəstələrə verilən dərmanlara nəzarət edildi. Ölüm faktları araşdırılır”,-həkim söyləyib.

İctimai vəkil Samir Zeynalov isə ölüm faktlarına və xəstəxanada baş verənlərə diqqət çəkmək üçün ictimaiyyət nümayəndələrini, jurnalistləri fevralın 6-da xəstəxanaya dəvət edir. Fevralın 13-də xəstəxananın qarşısında icazəli piket keçirilməsi ilə bağlı sosial şəbəkələrdə təkliflər səsləndirilir.

TƏBİB məsələ ilə bağlı yalnız xəstələrin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını və diaqnozları açıqlamaqla məşğuldur. İnstitutda aparılan yoxlamalar və nəticələrlə bağlı açıqlama verilmir. Xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən alınandan sonra baş həkimlər dəyişdirilir. Ehtimal olunur ki, ölüm hadisələrinin açıqlanması institutun direktoru Həqiqət Qədirovaya yönəldilib və yaxın zamanlarda Səhiyyə Nazirliyinin daha bir kadrı Qədirova da vəzifəsindən kənarlaşdırılacaq.

Ana səhifəXəbərlərAğciyər Xəstəlikləri İnstitutunda yenə ölüm faktı