Ağcabədidə icra başçısına qarşı etiraz aksiyası (VİDEO)

24 fevral 2015-ci ildə Ağcabədinin Taxta körpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər yolu bağlayıblar.

Rayonda baş alıb gedən özbaşınalıqdan tutmuş, digər hadisələrə qədər hər işin başında Laçın rayon icra hakimiyyəti başçısı Akif Səlimovun dayandığını deyən aksiya iştirakçıları onun istefaya göndərilməsini tələb ediblər.

Ağır şəraitdə yaşadıqlarını bildirən yerli əhali onların sözlərini eşidən, qəbul edən rəhbər şəxsin olmamasından şikayətləniblər. Eyni zamanda, Taxta körpü qəsəbəsində və ətraf ərazidə yerləşən qamışdan tikilmiş daxmalarda yaşayış səviyyələrinin çox aşağı olduğunu bildiriblər.

Əraziyə gələn polis əməkdaşları nəqliyyatın hərəkətini 2-3 saat ərzində bərpa edə bilməyiblər. Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və ölkə prezidenti İlham Əliyevin şəklini tutublar. Əsas tələbləri Akif Səlimovun rayon rəhbərliyindən uzaqlaşdırılması olub.

Tələblərində israrlı olduqlarını bildirən yerli əhali Prezident İlham Əliyevdən kömək istədiklərini deyiblər.

Akif Səlimovun rayonu avtoritar qaydalarla idarə etdiyini, icra başçısı olduğu gündən rəhbər vəzifələrə öz adamlarını gətirdiyini, haqqını tələb edənlərin məhkəməyə veriləcəkləri ilə hədələndiyini deyən bir qrup rayon sakini səslərinin ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.

Aksiya iştirakçıları Meydan TV-yə bildiriblər ki, Laçın sakinləri tərəfindən Akif Səlimovun özbaşınalığından mətbuata xeyli sayda şikayət məktubları daxil olursa da, hələlik heç bir tədbir görülmür.

Ana səhifəVideoAğcabədidə icra başçısına qarşı etiraz aksiyası (VİDEO)