Ağcabədidə bir milyonluq mənimsəmə iddiası: MMC rəhbəri həbs edildi

Prokurorluq: Fermer “Aqrolizinq”ə külli miqdarda ziyan vurub

Source: Google


„1 milyon 109 min avro məbləğində pul vəsaitini nağdlaşdırmaqla mənimsəməsinə əsaslı şübhələr yaranıb"

Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri həbs edilib. Səbəb kimi Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurması göstərilir.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Sənəddə bildirilir ki, məsələ Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş şikayət əsasında araşdırılıb.

“MMC-nin təsisçisi və direktoru Mülhazil Balakişiyev digər şəxslərlə qabaqcadan əlbir olaraq 5200 baş müxtəlif cins damazlıq xırda buynuzlu mal-qaranı lizinq yolu ilə alınması zamanı qanun pozuntusuna yol verib. Həmin şirkət 2014-cü il iyulun 24-də “Aqrolizinq” ASC-nin elan etdiyi tenderin qalibi olub. İşin icrası zamanı 3 milyon 692 min avro (həmin dövrün məzənnnəsi ilə 3 milyon 581 min manat) məbləğində pul vəsaitinin köçürülməsinə nail olub. Müqavilə öhdəliyi üzrə 2 milyon 583 min avro (həmin dövrün məzənnəsi ilə 2 milyon 505 min manat) dəyərində olan 3600 baş xırda buynuzlu mal-qaranın gömrük rəsmiləşdirilməsindən keçirməklə ölkəyə gətirərək qeyd olunan müqavilə üzrə ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat) məbləğində pul vəsaitini nağdlaşdırmaqla mənimsəməsinə əsaslı şübhələr yaranıb”.

Prokurorluq bildirir ki, M.Balakişiyevin əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsinin əlamətləri oluduğundan ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

“Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Meydan TV həbs olunan şəxsin yaxınları ilə əlaqə saxlaya bilməyib.

Ana səhifəSiyasətAğcabədidə bir milyonluq mənimsəmə iddiası: MMC rəhbəri həbs edildi