Ağcabədidə 7 tona yaxın istehlaka yararsız ət aşkarlanıb

Həmin şikayət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Source: Foto: arxiv


Hadisəylə bağlı cinayət işi başlanıb

Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada 7 tona yaxın istifadəyə yararsız ət aşkarlanıb.

Bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Bildirilir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilib. Həmin şikayət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində “AGRO-MEAT” MMC-nin səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən Ələkbərov Namiq Oktay oğlu, həmin müəssisəni icarəyə götürən Vəliyev Ehtiram İldırım oğlu, İsmayılov Cavid Qubad oğlu saxlanılıb. Məlum olub ki, onlar öncədən əlbir olaraq “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada insan həyatı və sağlamlığı üçün zərərli olan ət məhsullarının kəsimi və satışı ilə məşğul olublar:

“Baxış zamanı qeyd olunan kəsimxanada 6890 kq çəkidə ət məhsulu aşkar edilib. Həmin məhsullardan götürülmüş nümunələr Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında müayinə edilib. Ətin hamısı yararsız kimi qiymətləndirilib. Ət nümunələrinin xəstə, ölmüş heyvan əti olması və istehlak üçün uyğun olmaması müəyyən edilib”.

Baş Prokurorluq bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd) və 200.2.3 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb:

“Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Meydan TV adıçəkilən şəxslələ əlaqə saxlaya bilməyib.

Ana səhifəSosialAğcabədidə 7 tona yaxın istehlaka yararsız ət aşkarlanıb