Ağcabədidə 15 yaşlı qızın ana olduğu bildirilir

Azyaşlının hamiləliyi. Foto: Meydan TV

Hazırda həmin qız hamilə qaldığı şəxsin ailəsi ilə birlikdə yaşayır

Ağcabədidə 14 yaşlı qız 24 yaşlı şəxsdən hamilə qalıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında yazıb.

Məlumata görə, qız 2025-ci ilin fevralında ana olub. Həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.

Kəmalə Ağazadə bildirib ki, qızın hamilə qaldığı şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1 maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib.

“Bu gün həmin şəxs 15 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Qızın hamilə qalması 14 yaşına təsadüf edib. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Ailə niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir. Qayınanası qızın öz evlərində qalacağını deyir. Bu şəraitdə qızın müdafiəsi necə təmin olunur, hüquqları necə qorunur?”

Kəmalə Ağazadə həmçinin qeyd edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb:

“Məktəb direktoru, uşaq üçün təhlükəli vəziyyətin qarşısını almaqda necə məsuliyyət daşımır? Bu məsələlər daha geniş təhsil siyasətinin zəif tərəflərini göstərir. Sonunda isə bir daha sual yaranır: Regionlarda qanun işləmir, yoxsa əxlaq və ənənələr qanunu təhrif edərək, ört-basdır edir? Bu cür məsələlərdə qanunu pozan məmurlar və qeyri-kafi müdaxilələr ciddi narahatlıq doğurur. Bu vəziyyət, erkən evliliklərin qarşısını almaq üçün edilən qanun dəyişikliyinə qarşı bir təhdid yaradır. Çünki qanunlar artıq pozulub və hər şeyin yavaş-yavaş normal qəbul edildiyi bir mühitə çevrilib”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupunun məlumatına görə, Ağcabədidə 2010-cu il təvəllüdlü G.M-in valideynləri Rayon Polis Şöbəsinə dəvət olunaraq onlarla profilaktiki söhbət aparılıb. O, profilaktik uçota alınmaqla, valideynlərinin himayəsinə təhvil verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Bahar Həsənli mediaya bildirib ki, 15 yaşlı yeniyetmədən ailəsi imtina edib:

“Bu səbəbdən o, qeyri-rəsmi ailə qurduğu oğlanın ailəsi ilə birlikdə yaşayır”.

Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.

Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.

Ana səhifəSosialAğcabədidə 15 yaşlı qızın ana olduğu bildirilir