İlham İsmayıl: ”Bu işin Azərbaycanla əlaqəsi yoxdur”
Rusiya vərəndaşı olan, azərbaycanlı milyarder Araz Ağalarovun ABŞ-da şirkətinin bank hesablarının bağlanması geniş rezonansa səbəb olub.
Ötən həftə Rusiya mətbuatı xəbər verib ki, bank hesabları Araz Ağalarovun ABŞ-dakı şirkətləri ilə bu ölkənin xüsusi prokuroru Robert Müllerin maraqlanması barədə
“BuzzFeed”
nəşrində dərc olunan yazıdan sonra baş verib.
Məlumata görə, “Crocus Group” ABŞ-da fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir.
Məqalə dərc olunduqdan 10 gün sonra “Union Bank”dan şirkətə bütün korporativ bank hesablarının bağlanması barədə məktub daxil olub.
Bu barədə “Crocus Group”un regional inkişaf idarəsinin direktoru, şirkətin ABŞ-da nümayəndəsi İrakli Kaveladze məlumat verib.
“BuzzFeed” yazıb ki, prokuror R.Müller Ağalarov və Kaveladze arasında pul köçürmələrindən şübhələnib. Konkret olaraq, prokurorda şübhələr “Crocus Group” şirkətinin öz nümayəndəliyinin hesabına 2016-cı il iyunun 3-də 3,3 milyarda dollar köçürmək cəhdindən sonr yaranıb.
ABŞ mətbuatının məlumatına görə, 2016-cı il iyunun 9-da vəkil Natalya Veselnitskayanın Donald Trampın böyük oğlu ilə görüşüb, o zaman prezidentliyə namizəd olan Trampın rəqibi olan Hillari Klintona olan kompromat təqdim edib. Prokurorun şübhələrinə əsas, pulun, bu görüş ərəfəsində köçürülmə cəhdi olub.
İ.Kaveladzenin məlumatına görə, ABŞ-da artıq üç bank “Crocus Group”a hesab açmaqdan imtina edib.
“Guardian”
nəşri isə Ağalarovun rəhbərlik etdiyi qrupun ABŞ-da seçki öncəsi 20 milyon dollar köçürməyə cəhd etdiyini yazıb.
Nəşrin yazdığına görə, Ağalarovun ABŞ-dakı şirkətində mühasib olan İlya Bıkovun bundan əvvəlki müştəriləri arasında çirkli pulların yuyulmasında və mənimsəmədə ittiham edilənlər olub.
Xüsusi prokuror R.Müller Ağalarovun pul köçürmə cəhdinin ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxiləsinin maliyyələşdirilməsi üçün olub-olmadığını araşdırır. Amma A.Ağalarovun özü bu ittihamları rədd edir.
“BuzzFeed” yazıb ki, 19,5 milyon dolları Ağalarov 2016-cı il iyunun əvvəlində offşor hesablarından ABŞ-a köçürmək istəyib, amma ABŞ Maliyyə Nazirliyinin əməkdaşları bu köçürməni şübhəli kimi qeydə alıblar.
Pul köçürülməsinə cəhd edilən gün, Ağalarov öz şirkətinin menedceri olan Kori Levandovskini işdən uzaqlaşdıraraq, yerinə Pavel Manafortu təyin edib. Keçmiş SSRİ ərazisində geniş işgüzar əlaqələri olan P.Manafort isə maliyyə cinayətlərinə görə məhkum edildikdən sonra, xüsusi prokuror R.Müller ilə əməkdaşlıq edir.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ağalarovun hesablarına qadağanın qoyulmasında hədəfin daha çox Rusiya və Putin administrasiyası olduğunu düşünür:
“Düzdür, Ağalarovun özü də hədəf seçilib. Amma iş adamı azərbaycanlı olsa da, bu işi Azərbaycanla əlaqələndirmək inandırıcı deyil”.
İlham İsmayıl deyib ki, ABŞ başda olmaqla Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları gücləndirir.
“Bundan əlavə Trampın Ağalarovun oğluyla əlaqələri mediaya çıxmışdı. Sanksiyaları da demokratlar gündəmə gətirir və burda prezidenti də hədəf götürürlər. Bütün hallarda hədəf Putindir, məqsəd ətrafındakı iş adamlarını, milyarderləri ona qarşı qaldırmaqdır”.
Keçmiş diplomat, siyasi şərhçi Hikmət Hacızadə bu məsələdə qeyri-adi bir şey görmədiyini deyib:
“Hələ istintaq davam edir və istintaq prezident Trampa qarşıdır. Guya, Tramp düzgün seçilməyib, onu Rusiya milyarderləri, hökuməti və kəşfiyyatı seçkiyə itələyib. Nəticədə bu işlərlə əlaqədar kimin adı varsa, araşdırırlar. Araz Ağalarov və ailəsi Trampla yaxın olub, onun vasitəsilə Kreml dairələri ilə əlaqədə imiş. Bunlar ehtimallardır. Şəxsən mənə şübhəli gəlir, çünki indiyə qədər tam aydınlıq yaranmayıb. İnternet vasitəsilə seçkiyə necə təsir göstərmək olar? Yəni Trampı reklam edib, rəqibi Klintonu vururdular? Bilmirəm, bu müdaxilə nə qədər təsirli ola bilər. Amma Ağalarov ailəsi Trampla bağlı olub, bu faktdır. Bütün hallarda son sözü istintaq deyəcək”.
Azərbaycanlı milyarder Araz Ağalarov Azərbaycanın hazırki prezidenti İlham Əliyevin keçmiş qudasıdır. Milyarderin oğlu Emin Ağalarovla prezidentin qızı Leyla Əliyeva bir müddət evli olsalar da, sonradan onlar boşanıblar.
Bir müddət əvvəl, E.Ağalarovun ikinci dəfə evlənməsi barədə mətbuatda məlumatlar dərc edilib.