Ağalarov oğluna Klintonla bağlı heç bir material vermədiyini deyir
Rusiyalı biznesmen və “Crocus Group” şirkətinin sahibi Araz Ağalarov Hillary Klinton barədə indiki ABŞ prezidenti Donald Trampın oğluna kompramat ötürülməsində əli olması barədə məlumatı qəti şəkildə rədd edir.
Ağalarov bunu iyulun 13-də Business FM-ə müsahibəsində deyib.
Biznesmendə belə bir informasiya olması isə kiçik Trampın piar-mütəxəssis Robert Goldstounla yazışmasından bəlli olub.
Prezidentin oğlu da bu yazışmaları özünün Tvitter hesabında təsdiqləyib.
Goldustounun məlumatına görə, Hillary Klinton barədə kompramatı kiçik Trampa onun tanışı olan müğənni və biznesmen, Araz Ağalarovun oğlu Emin Ağalarov təklif edib.
Araz Ağalarov isə oğluna Klintonla bağlı heç bir material vermədiyini deyir.
Amma o, oğlunun kiçik Trampla tanış olduqlarını təsdiqləyib.
Goldustoun məktubunda yazır ki, Klinton barədə kompramantı Araz Ağalarova Rusiyanın baş prokuroru səviyyəsində birisi verib.
Kiçik Tramp isə deyir ki, Emin Ağalarova zəng etmək istəyib, amma bunun əvəzində ona rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşmək təklif olunub.
“New York Times” yazır ki, kiçik Trampla Natalya Veselnitskaya ötən ilin iyununda görüşüblər.
Bu görüşdə prezidentin kürəkəni və müşaviri Cared Kuşner və Trampın seçki qərərgahının rəhbəri Pol Manafort da iştirak edib.
Kiçik Trampın sözlərinə görə, görüş faydalı olmayıb.
Natalya Veselnitskaya isə Kremillə bağlılığını rədd edir və ondaheç vaxt Klinton barədə kompramat olmadığını deyir.
Mənbə: AzadlıqRadiosu