Ağaların hirsli yazısı

Dildə sinonim yoxdur…

Source:

Ağalar Qutun “türkiyəcə” anlayışı adlı silsilə yazılarını oxudum. Quzeyli-güneyli Ağaların yazılarının oxucusu çox olduğu qədər, buraxdığı etki də genişdir. Yazıdan, məncə, iki müsbət-mənfi nəticə çıxarmaq olar. Birinci budur ki, ən azından güneydə gedən dil dəyişikliyi, dil yeniləşmə gedişi ləngiməyə tərəf gedə bilər. Quzeydə dil yeniliklərindən əlini üzərək, Türkiyədə yaranan yenilikləri öz içində sal-çıx edən güney bu yazı ilə iki yol ayrıcında qalacağı açıq-aydın görünür.

Ikincisi budur ki, dilin Ağalar bəy demişkən “necə gəldi” “yaradılsın” gedişatının qabağı alınma ehtimalı var.

Ağaların hirsli yazısında bir çox həqiqətlər var. Özəlliklə, onun bu sözü tam şübhə etmədən, yerli-yerindədir: “Üstəlik, (Türkiyədə) türk dilləri ailəsi içində təkləniblər, bizdən başqa heç kimi başa düşmürlər. Ancaq bu yanlışlarını aradan qaldırmaq üçün, çox pis mövqe tutublar: “Siz bizim sözlərimizi öyrənin, Dədə Qorqut-un, M. Kaşğari-nin sözlərini işlətsəniz belə, o sözləri bizim verdiyimiz mənalarda işlədin, biz sizi başa düşməsək də olar, siz bizi başa düşün, sonra da siz bizim dilimizdə danışın. Ortaq türkcə də bizim türkiyəcəmiz olsun.”

Ağaların yazısının bir çox bölümü ilə də razılaşmaq olmur.

Ümumiyətlə. F.D.Sussure-yə  qədər dil məsələsində Gramerçilərin dedikləri hər şeydən ön sırada durur. Sussurela dilçilik yarandıqdan sonra, dilin sərt qayda-qanunları yumuşalaraq, düşüncələr də, Gramerçilərlə dilçilər arasında parçalanaraq, fərqləndi. Ağaların indiyədək yazdığı və yaxud tərcümə etdiyi yazılarında, ümumiyyətlə, ikinci axımı qabarıq şəkildə görmüşdüm.

Deməyim budur ki, Ağalardan daha çox dilə fəlsəfə və dil fəlsəfəsi və yeni nəzəriyyəçilik baxımından yanaşmasını gözləyirdik.

Dilçilik bucağından məsələyə yanaşdıqda, yaranan hər bir kəlmənin üzərində  bir növ razılaşma olduğunu görürük. Daha doğrusu, Ağalar bəy Sussuredan öncəki düçüncəni doğrultmaq qəsdindədir. On doqquzuncu yz illiyə qədər dili, əşya və anlayışlarla uyğun gəldiyi üçün normal sanırdılar. Yəni dildə bunların hər boyutu üçün uyğun bir kəlmənin olduğunu vurğulayırdılar. Onlardan qırağa çıxmaq isə böyük suç sayılırdı. Eyniylə Ağaların bu yazısında yürütdüyü düşüncə kimi. Sussure isə bu düşüncənin əleyhinə oldu; və dilin içində yaranan kəlmələri bir növ razılaşma adlandırdı.

Bu razılaşma istənilən anda pozula bilər, dəyişilə bilər, gəlişdirilə bilərdi. Yəni onun nəzərində məsələn Ağalar demişkən “tualet” sözü başqa dillərdə mümkündür, başqa-başqa sözlərlə (elə belədir də) işarətlənirdi. Bu zaman, yəni razılaşma  nəticəsində  “uçaq” kəlməsinə “tualet” də demək olardı.

Deməyim budur ki, heç dildə, ümumiyyətlə sinonim kəlmələr yoxdur. Sinonimləri razılaşma nəticəsində bir-birinə yaxınlaşdırırıq. Çox sadə bir örnək deyirəm. Siz dostunuzu evə dəvət etdikdə və heç çətinlik çəkmədən ona deyirsiniz ki: “buyur evə!”. Indi soruşuram “buyur” sözünü “tualetə buyur” kimi də istifadə etmək olarmı? Yəni bunu dostunuz tualetə keçmək üçün də istifadə edə bilərmisiniz?

Göründüyü kimi, bir kəlmə müxtəlif məqamlarda yerləşdikdə, heç zaman bir məna daşımır. Yekə, böyük və nəhəng sözləri sinonim kimidir. Ancaq cümlə quruluşunda sinonim ola bilmirlər. Boyca büyük olana “yekə, zırpı” demək olur. Ancaq bu adamı dühalı, zəkalı və yaxud mənəvi bir adam olması üçün “ zırpıdır” demək olmaz.

Ağalar bəyin metodundan istifadə edərək, bir sıra sözləri onun tərəfindən yanlış yozulduğunu da görürük. Məsələn, “son uc” sözündə belə fikir irəli sürür ki, bu söz ərəbcədə “axır” sözündən yaxa qurtarmaq üçün yaranmışdır. Belə deyil. Türkiyədə (bizdə də) “axır” kəlməsinin qarşılığı son uc yox, son sözüdür. Diqqətinizə yetirməliyəm ki, ərəbcədə “axır” sözünün mənası “son uc” yox, “başqa”dır. Bunu həm də, fars qaynaqlarında “be ebaret_i oxra” yəni bizim dildə “başqa sözlə desək” ibarətində də açıq-aydın görürük.

Mənim bu kimi işlərlə aram yoxdur. Onların kökü nə olur olsun, indilikdə onların anlamı dəyişilərək, başqa cihazda istifadə olunur. Məgər, təkcə bizim dildə kəlmələr kökündə olan mənanı dəyişib? Bütün dillərdə anlam dəyişmə prosesi görünür.

Məncə tənbəllik onları istifadə etməkdə deyil. Bu, sınıxmışlıq da deyil. Tənbəllik özünə heç zəhmət vermədən, ingilis, rus, fars, ərəb və b. dillərdə istifadə olunan sözləri eyni ilə dilimizdə istifadə etməkdir. Doğa, durum, sonuc kimi sözlərin kökü (Ağaların yazısından belə çıxır) bizim ana dilimizdə də vardır.

Doğa (doğmaq), durum (durmaq) … ancaq işlək dairələri fərq edir. Birinin boyunu göstərmə üçün Kaşğaridə belədir deyə: durumun 150 SM dir deyə bilmərik. Təbii ki, Kaşğari zamanından indiyədək sözlər anlamını təzələmişdir. Və yaxud, coğrafi baxımdan “qərb” cəhətini göstərmək üçün “gün batan- batarı” deyə bilərik. Ancaq qərb ölkələri anlayışına nə deyəcəyik. “Günbatar ölkələri” demək olarmı?

Məncə, bunların işlək yanlışlıqları onların yanlış məna doğurmasındadır. Yanlış və yaxud, iki mənalıq törədən sözləri istifadə etməkdən çəkinməliyik. Örnək üçün: “özümü tapdım” yerinə “kəndimi tapdım” ibarətini istifadə etdikdə, yanlışlıq yaranacaq. Ilk baxışda “kəndi” sözü coğrafi bir yer olduğu kimi seziləcək.

Bir sorğu kimi soruşmaq istəyirəm. Ağalar bəy fəlsəfə və yeni nəzəriyyələr adamıdır. Görəsən, bu nəzəriyyələri oxuduqda, onlarda işlənən, yəni anlayışlı sözlərin ana dilində qarşılığına fikirləşibmi? Hətta yeni fəlsəfədə bir çox sözlər keçmiş anlamında olduğu kimi işlənmir. Bu sözlərə yeni anlayışlar yükləmişlər. Bəs, bu kimi prosesin qarşısında nə etməsini düşünmüşlərmi? Bir sözlə, quzeydəki tənbəlliyi davam etməli, yoxsa Türkiyədə yaranan sözlərdən yararlanmalıyıq?!

Əgər yeni sözlərin yerinə yeni bir köksüz söz yaradırıqsa, bu, önəmlidir. Çünki, dildə dediyim kimi, “razılaşma” birinci şərt kimi önəm daşıyır. Eyni halda Türkiyədə yaranan sözlərin hamısının da bizdə işlək dairəsinin fərqli olmasına riayət etməliyik. “Strukturalizm”ə “yapısalcılık” deyilir Türkiyədə. Bizdə isə yerli, yaraşıqlı qarşılığı var:”Quruluşçuluq”.

Quzeydə rahat yolu onun elə özünü istifadə etməkdə görmüşlər. Bunlara riayət etdikdə, Türkiyədə işlənən sözlərin hansı zərəri var bizə? Daha doğrusu, bizə hansı sınmışlıq, və yaxud qul şüuru verir: dilimizi yad və başa düşünülməyən rus, fars, ingilis, ərəb … yoxsa ən azından bir qismi türk köklü olan Türkiyədə yaranan sözlərmi?

Ana səhifəMənim FikrimcəAğaların hirsli yazısı