Hörmətli Ağalar Qutun yazmış olduğu “İpi kəsib bizi quyuya atıb gedən qardaşımız haqqında” məqaləsi ilə bağlı aşağıdakı fikirləri diqqətinizə çatdırıram.
Almaniyadakı “bir xalq – iki dövlət” (“Ein Volk – zwei Staaten”) şüarından fərqli olaraq Türkiyə və Azərbaycan arasında daha çox “bir millət – iki dövlət” kimi səsləndirilmişdir. Burada anlayışların leksik mənalarını izah etmək niyyətində deyiləm, ancaq bildirim ki, “millət” və “xalq” anlayışları sosial mənada sinonim kimi işlənə bilsə də, politologiyada bunlar fərqli mənalar daşıyır. Bu baxımdan, bu şüarların özündə ehtiva etdiyi diplomatik mahiyyətləri belə bir-birindən fərqlidir.
Belə ki, “bir xalq – iki dövlət” ideyası fərqli sistemlərə malik bir dövlətin parçalanmış hissələrinin birləşdirilməsini hədəfləyirdisə, “bir millət – iki dövlət” ideyası iki fərqli dövlətin strateji müttəfiqliyini hədəfləyirdi. Lap elə bu ideya başqa bir şəxs tərəfindən deyilmiş olsa belə, H. Əliyevin liderlik xüsusiyyətləri onda idi ki, o bu ideyanı əməli fəaliyyətə çevirdi. Yəni, hər hansı şüarın birinci kimin səsləndirməsi onun müəllifi olmaq üçün əsas deyil, önəmli olan həmin şüarı kimin praktikada tətbiq edə bildiyi və həmin şüarı strateji hədəf kimi kimin formalaşdırdığıdır.
Regionun bir nümayəndəsi kimi qeyd edə bilərəm ki, Naxçıvanın Azərbaycan ərazisi kimi öz mövcudluğunu saxlaması,Türkiyə ilə əməkdaşlığın strateji mahiyyət alması və s. bu ideyanın iki dövlətin əməkdaşlığına verdiyi mühüm töhvələrdir.. Bu mənada “bir millət iki dövlət” ideyasının müəllifi məhz H. Əliyevdir. Sadəcə, bu ideyaya 2015-ci ildən geriyə baxmaqla sadə bir bənzətmə kimi mahiyyət vermək olar bəlkə, ancaq o zamankı mövcud situasiyaya baxımından sözün əsl mənasında həyati əhəmiyyətli diplomatik uğur idi.
Bilirsiniz, tarix faktlarla təhlil olunur, subyektiv fikirlərlə, pafoslu sözlərlə deyil. Tarixin məqsədi, məramı düşmən qazanmaq üçün də deyil, tarix nəticə çıxarmaq üçün lazımdır. Sözü çox uzatmadan, birbaşa müəllifin fikirlərinə münasibət bildirmək istəyirəm.
1) “XVI yüzillikdə Azərbaycan xalqının iradəsini təmsil edən Səfəvilər dövlətini Osmanlı dövləti Avropadan aldıqları topların gücüylə dağıdıb, Təbrizə girdi, insanlarımızı qırıb-çatdı, özümüzü təhqir, torpaqlarımızı da ilhaq etdi. Beləliklə, bizdən torpaq qamarlayan qonşularımız – təkcə ermənilər, gürcülər, ruslar, farslar (hətta ərəblər) deyildir, həm də qardaşlarımız saydığımız türkiyəlilərdir”.
Tarixi proseslərə qiymət verərəkən faktlara bütöv şəkildə baxmaq və proseslərin baş verdiyi dövrdə mövcud sitasiyanı da nəzərə almaq lazımdır. Belə ki, sözügedən dövrlərdə Osmanlı dövləti Avropanı lərzəyə salmaqda idi. Qüdrətli ikinci türk-müsəlman dövlətinin yaranması Avropanı bundan istifadə üçün hərəkətə keçirdi. Hətta, Roma papası Avropa dövlət başçılarına məktub yazaraq Səfəvi dövlətini “Allahın xristian dövləti üçün yaratdığı bir fürsət” kimi qiymətləndirirdi. 1510-cu ildə Səfəvi diplomatı Əli bəy İtaliyaya getdi, Portuqaliyadan silah və top mütəxəssisləri gətirməyə, eyni zamanda Roma papası ilə əlaqələr yaratmağa çalışıldı.
Osmanlıya qarşı məqsədləri reallaşdırmaq üçün Portuqaliya donanmasının İran körfəzində möhkəmləndirdi, daha sonra Portuqaliya Səfəvilərin Hind okeanına çıxmasına imkan vermədi (onu da qeyd edim ki, Sah İsmayılın bu səhvini düzəltmək üçü onun sələflərinə 1 əsrdən çox vaxt lazım oldu). Eyni zamanda, I Sultan Səlim Səfəvilərə qarşı möhkəmlənmək üçün Böyük Moskva Knyazlığı, Macarıstan, Modaviya və s. kimi ölkələrlə sülh müqavilələri bağladı. Avropanın hiyləsi və fitnəsi ilə bu cür formalaşmış Səfəvi-Osmanlı münasibətləri elə kənar qüvvələrin səyi ilə də bu cür davam etdi.
Azərbaycan və Türkiyənin müasir tarixçiləri də yekdilliklə Səvəfi-Osmanlı müharibələrində uduzan tərəfin müsəlman-türk dünyası olduğunu qeyd etməkdədirlər. Yəni bu münaqişələrdə hər iki tərəfin kifayət qədər xətaları olmuşdur. Ancaq, əsas məsələ odur ki, artıq bu günün perspektivindən orta əsrlər dövründə baş vermiş müharibələrə bir xəyanət göstəricisi kimi baxmaq, əslində öz arqumentlərini sübut etmək üçün gülüş doğuran bir tarixi saxtalaşdırmaq cəhdidir. Məsələn, tarixdə ən qanlı müharibələr Avropada olmuş, ən uzun müharibə İngiltərə və Fransa arasında 115 il davam etmişdir, bu baxımdan müəllifin yanaşması ilə baxsaq, bu gün heç Avropa İttifaqı adlı bir qurum da mövcud olmamalı idi.
2) “Osmanlının xain hücumundan 400 il sonra, ötən yüzilliyin başlarında azacıq dirçəlib, müstəqil dövlət quruculuğuna başladıq. Ancaq həmin bu türkiyəli qardaşlarımız ruslarla gizlincə dilbirlik edib, başaldatdı oyunu ilə Qızıl Ordunu Bakıya soxdular……O illərdə bolşeviklərdən qaçıb Türkiyəyə sığınmaq istəyən azərbaycanlıları elə sərhəddəcə güllələyirdilər, yenə Atatürkün buyruğu ilə.”
Bu iddia isə tarixi faktlarla öz isbatını tapmayan, başdan-başa yanlış bir fikirdir. Bu dövrlərdə Atatürk heç vaxt Qızıl Ordunun Anadoluya gəlməsini istəmirdi. Bunu iddia edən, nəyə əsasən iddia edir? Yoxsa, M.Ə.Rəsulzadə o zamankı geosiyasi vəziyyəti qiymətləndirə bilmirdi ki, belə bir təklifə razılıq verib və ya Rəsulzadə Qızıl Ordunun məqsədini tam başa düşə bilmirdi? Hansı ki, bunun üçün M.Ə.Rəsulzadənin parlamentdəki son çıxışında qısa bir hissəyə nəzər salmaq kifayətdir : “….Rusiyadan gələn bu mötəcaviz ordu təxmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur…”. Türkiyəyə sığınmaq istəyən azərbaycanlıları elə sərhəddəcə güllələnməsi ilə bağlı Atatürkün hər hansı tapşırığı olmamışdır. Məncə, müəllif burada müəyyən tarixi prosesləri qarışdırmışdır.
3) “Daşnaklar 1918-ci ildə Azərbaycanda törətdikləri qırğınları 1915-ci ildə Osmanlıda baş vermiş erməni qırğınlarının qisası kimi həyata keçirdirdilər. Başqa sözlə, 1918-ci ildə Azərbaycanda öldürülən on minlərlə azərbaycanlı Osmanlı siyasətinin qurbanları idilər….”
Osmanlı imperiyasının tərkibindəki ermənilər xarici qüvvələrin təsiri ilə mərkəzi hakimiyyətə qarşı qaldırdıqları üsyanın yatırılması ilə 1918-ci il mart soyqırımını eyniləşdirmək, tarixi subyektivləşdirmək istəyindən qaynaqlanmaqdadır. Belə ki, 1918-ci il mart soyqırımının bolşeviklərin əlaltısı daşnakları möhkəmləndirmək məqsədilə “Müsavat” partiyasının xalq arasında sosial bazasını zəiflətmək, xalqda özünüdərk prosesini, milli azadlıq hərəkatını boğmaq kimi 1915-ci illə əlaqəli olmayan bir sıra ciddi siyasi məqsədləri hədəfləmişdir. Tarixi arxivlərdə Şaumyanın Leninə məktubu, daşnaqların lideri Kaçaznunini özünün etiraflarını bunları açıq sübut etməkdədir.
4) “Xocalı faciəsini uzun illər bircə dəfə də ağızlarına alıb, beynəlxalq arenada səsləndirmədilər, ancaq son bir neçə ildə 1915-ci il hadisələrinə görə dünya bunların boğazından tutub sıxanda, başladılar bizim Xocalı faktından öz problemlərinin həlli üçün sui-istifadə etməyə….”
Bu subyektiv, heç bir fakta əsaslanmayan, qərəzli bir fikirdir. Xocalı faciəsi Azərbaycan tərəfdən beynəlxalq aləmə təqdim olunmağa başlayan kimi Türkiyə də ölkənin birinci şəxsi timsalında buna adekvat münasibət bildirdi, Türkiyədən başqa hansı ölkəni müəllif nümunə göstərə bilər ki, həmin ölkənin birinci şəxsi Xocalı faciəsinə belə dəqiq mövqe bildirsin?!
5) “Güney Azərbaycan məsələsinin beynəlxalq arenada qaldırılmasının hər cür vasitə ilə qarşısını alan birinci dövlət İran yox, Türkiyədir….” – Tam əminliklə söyləyə bilərəm ki, dünyada müəllifdən başqa ikinci şəxs olmaz ki, PKK və Cənubi Azərbaycan məsələlərini eyni mahiyyətli görsün. Cənubi Azərbaycan məsələsi Türkiyədən çox Azərbaycanla bağlı məsələdir, diplomatiyanın qanunlarına görə müttəfiqlik Azərbaycanla bağlı məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləmək və buna uyğun diplomatik gedişlər getməkdir. Hər kəs də bunu təsdiq edər ki, Azərbaycanla bağlı məsələyə Azərbaycanın mövqeyini gözardı edərək siyasət aparmaq diplomatiyada müttəfiqlik hesab olunmur.
6) Ə.Elçibəy iqtidarı zamanı Azərbaycan dövləti S.Dəmirəl iqtidarından istənilmiş vertolyotun verilə bilməməsinin diplomatik səbəblərini, Türkiyədaxili və xarici situasiyanı nəzərə alaraq dəqiq araşdırmaq olar. Ancaq, Avropada bir əsrə yaxın davam edən müharibələrdən danışdığımız halda, indi bir vertolyot verilməməsini xəyanət kimi yozmağın hansı düşüncə tərzinə sığdığını anlamaq çətindir.
Digər fikirlər isə subyektiv, qərəzli, heç bir fakta əsaslanmayan, ümumixarakterli fikirlərdir. Məsələn, deyir: “Ancaq bunun başqa bir səbəbi də var. Səbəb – azərbaycanlıların qərbçiliyidir. Azərbaycan üzünü Qərbə, Avropaya tutduğu üçün Türkiyəyə oxşamağa, türkiyəcə danışmağı yamsılamağa çalışır.” Guya Tükiyə ilə qardaşlığın əsas səbəbi Avropaya oxşamaq kimi tam izah olunmayan bir fikir söyləyir. Tarix subyektiv yanaşmalarla yox, yalnız faktlar təhlil edilməli olduğu fikrini əsas alaraq bircə tarixi fakt göstərim: 1722-ci ildə zəifləmiş Səfəvi dövlətinə Rusiyanın hücuma hazırlaşmağını eşidən İrəvan azərbaycanlıları Ərzurum paşasına yazırlar: “Niyə oturmusunuz? Siz də türksünüz, biz də.Gavurun əlinə düşməkdənsə, sizin əlinizə düşmək yaxşıdır. Vaxtında gəlin, şəhəri zəbt edin və rusu şəhərə buraxmayın”. Çoxsaylı belə tarixi faktlar onu göstərirdi ki, Azərbaycan-Türk qardaşlığı Avropaya getmək, Asiyaya getmək yox, millətin qanında, fitrətində olan bir faktordur ki, tarixin hər bir mərhələsində mövcud olmuşdur. Digər tərəfdən, Fransaca, Ərəbistanca, Amerikaca kimi bir dil olmadığı kimi, Türkiyəcə adlı bir dil də yoxdur, bunu adı Türk dilidir.
Azərbaycan -Türkiyə tarixində müəyyən məqamlar tapmaq olar ki, tərəflərin yalnışlıqları var, ancaq çıxan nəticə budur ki, qazanan hər zaman digər çirkin niyyətli qüvvələr olmuşdur. Bəli, artıq Azərbaycan-Türkiyə tarixdən gözəl nəticə çıxaraq strateji müttəfiqdirlər. Son zamanlar həyata keçirilən enerli layihələri strateji müttəfiqliyi iqtisadi əsaslara da söykəmişdir.
Digər tərəfdən, tarixi nifrət hissi və qərəzli yanaşmalara təhlil etmək mümkün deyil, tarix hərtərəfli tarixi faktları əsas alaraq aydınlaşdırıla və müəyyən nəticələr əldə edilə bilər. Həmçinin, tarixə jurnalistsayağı yanaşaraq öz arqumentlərini isbat etmək üçün vasitə kimi görmək də (hər nə qədər bəziləri söz azadlığı deyərək buna bəraət qazandırmağa çalışsalar da) çox yalnış addımdır.
Nəticədə, Azərbaycan – Türkiyə tarixi kiçik yalnışlıqlarla birlikdə dünyada ən alnıaçıq tarixdir.
Məqalə uzunmüddətli tarixi dövrü əhatə etdiyi üçün qısa yazılmağa çalışıldı və əgər lazım gələrsə hər bir hadisə kiçik ayrıntıları ilə aydınlaşdırıla bilər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…