Ağacların kəsilməsinə etiraz edən şəxsi Ruhu Dispanserə göndərirlər(VİDEO)

Sumqayıt sakini Anar Süleymanov şəhər icra hakimiyyətinin ona təzyiq göstərdiyindən şikayətçidir. Sumqayıt Dövlət  Musiqili Dram Teatrının işçisi deyir ki, bir müddət əvvəl o,  şəhərdə ağacların kəsilməsi ilə bağlı icra hakimiyyətini məhkəməyə verib. Daha sonra  media vasitəsilə videomüraciət edərək,  Sumqayıt şəhər İcra Hakimiyyətini ağacların kəsilməsinə etinasızlıqda günahlandırıb. Anar Süleymanovun sözlərinə görə,  bu çıxışından sonra icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimov  Seyfəddin Rəhimov onu danışığa çağırıb. Şəhər sakini deyir ki, onlarla razılaşmadığını görən icra hakimiyyəti nümayəndəsi ona başqa yollarla təsir etməyə çalışıb:

 “Şəhər icra hakimiyyətində çalışan Seyfəddin Rəhimov iş yerimə gəlib, mənim işdən çıxarılmaq məsələmi qaldırmaq istəyib. Yəni, təzyiqlər birinci ondan başlayıb. Videomüraciət çıxandan sonra isə şəhər icra hakimiyyəti Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət  Xidmətinə əl uzadıblar. Onların vasitəsilə mənə qarşı biabırçı addımlar atmaq istəyiblər”.

Onurğa sütununda problem olduğundan hərbi xidmətə gedə bilmədiyini deyən Anar Süleymanov  hər 3 ildən bir  komissiyadan keçdiyini bildirir:

 “Amma bu dəfə komissiyaya gedəndə, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin Sumqayıt Şəhər İdarəsinin rəisi Natiq Qarayev məni  otağına çağırdı. Baş həkim də orada idi. Məni əmin etməyə çalışdı ki, məndə psixi pozuntu var. Sonra səhəri gün çağırdı məni, Psixi Dispanserə göndəriş verdi. Mən Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət  Xidmətindən çıxıb,  maşına oturanda, gördüm ki, İH-də çalışan Seyfəddin Rəhimov binaya girdi. Mənə artıq 100 faiz aydın oldu ki, bu, İH-nin əməlidir”.

Anar Süleymanovun çalışdığı  teatrının direktoru  İslam Həsənov Meydan Tv-yə deyib ki, İcra Hakimiyyətininin əməkdaşı  Seyfəddin Rəhimovun onunla görüşməsi uydurmadır:

“Bunu hardan uydurublar? Mənə heç kəs o barədə heç nə deməyib, ay mənim qızım. Bunu haradan uydurmusuz? Hardan danışırsız? Belə söhbət olmayıb”

Seyfəddin Rəhimov isə deyir ki, hazırda icra başçısı Eldar Əzizov ezamiyyətdədir, 10 gündən sonra gələcək. O, yalnız icra başçısı qayıdandan sonra ondan icazə alıb, kameraya danışa bilər. Seyfəddin Rəhimov kameraya danışmasa da, haqqındakı ittihamlara aydınlıq gətirib:

“Mən bir dəfə onunla görüşmüşəm. Onu yaxından tanıdığım biri kimi. Mən insan kimi dedim ki, Anar, belə şey nəyə lazımdır? Bax, harada kəsilib ağac? Dedi filan yerdə. Dedim, dur, gedək. Mən dediyim sözü sənə deyirəm. Dedim, dur, gedək, Cəfər Cabbarlı Klubunun qabağında ağac kəsilib? Eldar müəllim də o adamı işdən qovdurdu. Biri də qaçdı, getdi. Başqa haradadır? Bax, başqa harada kəsilib, dur, gedək, mənə göstər. Yox, mən getmirəm, belə, elə. Dedim, qurtardı. Mənim görəcəyim də o olub, danışacağım da o olub. Heç kimlə də mən danışmamışam ondan sonra”.

Seyfəddin Rəhimov deyir ki, icra nümayəndəsi kimi, Sumqayıta gətirilən şəhidlərlə bağlı şəhər hərbi xidmətə çağırış idarəsinə tez-tez getməli olur. Qurum rəsmisi onu da deyir ki,  məlum teatrın direktoru ilə, ümumiyyətlə, tanış deyil.

 Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin Sumqayıt  Şəhər İdarəsindən Meydan Tv-yə bildiriblər ki, A.Süleymanovun  Ruhi Əsəb Dispanserinə göndərilməsi doğrudur. Bu məsələ ilə bağlı Anar Süleymanov şikayət verdiyindən, qurumun mərkəzi aparatından da onlara sorğu gəlib. Lakin onlar sorğuya cavabı bir neçə gündən sonra mərkəzi aparata təqdim edəcə biləcəklər.

Ana səhifəVideoAğacların kəsilməsinə etiraz edən şəxsi Ruhu Dispanserə göndərirlər(VİDEO)