”Yeniyetmələr barlarda yox, idman zallarında olmalıdırlar”
Azərbaycanda yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələrinin himayədarlıqdan üzrlü səbəbdən imtinasının yeni şərtləri müəyyənləşir.
“Gununsesi.info” məlumat verir ki, Milli Məclisin (MM) Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin noyabrın 17-də keçirilən iclasında prezidentin təqdimatı ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna əlavənin müzakirəsi olub.
Komitənin sədri Aqiyə Naxçıvanlı deyib ki, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri qanunvericiliklə dəqiq müəyyən edilib.
Qanuna təklif edilən 1.0.8 maddəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrinin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri – yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbs-qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir.
A.Naxçıvanlı bildirib ki, bu əlavə labüddür və uşaqların hüquqlarının qorunması ilə bağlı müxtəlif qanunvericilikdə olan dəyişikliklərə uyğundur. Komitə sədri qeyd edib ki, təqdim olunan yeni qanun layihəsi yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirəcək.
Deputat Ağacan Əbiyev isə Bakıdakı gecə klublarını sərt tənqid edib.
Deputat gecə klublarının gəncliyi uçuruma apardığını bildirib. Onun fikrincə, həddi-buluğa çatmamış uşaqlar restoranlarda, barlarda gecə saat 12-yə kimi qalırlar, maneəsiz içəri buraxılırlar, halbuki, bu yaşdakı yeniyetmələr barlarda yox, idman zallarında olmalıdırlar.
Millət vəkili qeyd edib ki, yeniyetmələr sağlam olmaq idmanla məşğul olmalıdırlar: “İdman gənclərimizin həyat tərzinə çevrilməlidir. Barlara getməklə heç nə olan deyil. Yiyəsi də başa düşsün ki, 18 yaşına çatmamış şəxsi saat 12-də barda saxlamaq olmaz. Bu məsələyə görə barların yiyələri cavabdehlik daşımalıdırlar. Onlar gənclərin həyatını pozurlar. Bu uşaqlar gününü kitabxanalarda, idman zallarında keçirməlidir. Valideynlər çalışmalıdırlar ki, gənclərimiz bugünkü gənc alimlərimizdən, idmançılarımızdan nümunə götürsünlər”.
Müzakirələrdən sonra layihə MM-in plenar iclasına tövsiyə olunub.