Ağacan Abıyev: Astan Şahverdiyevə yenə qulaqburması veriləcək

“Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var”

Source:
Astan Şahverdiyev
Astan Şahverdiyev


“Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var”

“Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”.

Bu barədə “ole.az”-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev deyib. Deputat Astan Şahverdiyevlə bağlı məsələyə sentyabrın 15-də deputatlar işə çıxandan sonra baxılacağını bildirib.

A.Abıyev Astan Şahverdiyevin mandatının ləğv ediləcəyi barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib:

“Mən heç zaman deməmişəm ki, Astan Şahverdiyevin mandatı ləğv olunacaq. Bunu mənə sual verənlər yazır. Mən indidən Astan Şahverdiyevin mandatının ləğv olunub-olunmayacağını dəqiq deyə bilmərəm. Məsələ obyektiv araşdırılacaq. Elə şikayət ola bilər ki, o, bizlik olmaz, həmin məsələni Baş Prokurorluğa göndərə bilərik, mandat məsələsini də Prokurorluq həll edər. Mandatın alınması məsələsi prokurorluğun səlahiyyətinə aiddir. Ona görə də jurnalistlər bu məsələdə tələsməməlidir. Əmin olun ki, məsələ obyektiv araşdırılacaq”.

A.Abıyev həmçinin qeyd edib ki, əgər hər hansı deputat və ya digər şəxs oğurluq edib özünə biznes qurubsa, bunu araşdırmaq üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, müstəntiq var:

“İntizam Komissiyası dünyanın bütün parlamentlərində var. Bizim işimiz Milli Məclisdə deputatların nizam-intizam məsələsinə baxmaqdır. Yoxsa ki, küçədə kimsə kimisə vurursa, söyüş söyürsə, buna biz baxmırıq, polis baxır. Bəzən jurnalistlər də bu məqamı qarışdırırlar. Milli Məclisin İntizam Komissiyası yalnız və yalnız parlament üzvlərinin qeyri-etik davranışlarına qiymət verir”.

Astan Şahverdiyev Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyyat adlandırıb.

O, “Saytlar Əli müəllimin nəvəsinə məxsus avtomobilə yüksək qiymətlər qoyurlar. O avtomobilin milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var?”-deyib.

Avqustun 7-də isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib ki, qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib.

Məhkəmənin qərarı ilə Nail Allahverdiyev barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərAğacan Abıyev: Astan Şahverdiyevə yenə qulaqburması veriləcək